YAP üzvü hökümətdən təzminat istədi

Quba hadisələrinə görə həbs olunan Yeni Azərbaycan Partiyasının üzvü Akif Əliyev dövlətdən üç min manat təzminat tələb edir. Vəkil Əsabəli Mustafayev “Media forum” saytına bildirib ki, məhkəməyə şikayət edərək Akif Əliyevin həbsi zamanı qanun pozuntularına yol verildiyini qeyd ediblər.

Nəsimi Rayon Məhkəməsinə təqdim olunan şikayətdə Akif Əliyevin azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozulmasına hüquqi qiymət verilməsini istəyiblər: “Həbs olunan zaman onun hüquqları pozulub. İstədiyi vəkillə vaxtında təmin olunmayıb. Məhkəmə qərarı olmadan qanunun yol verdiyi müddətdən çox saxlanıb. Bütün bunlara hüquqi qiymət verilməsini, dəymiş maddi və mənəvi ziyana görə dövlətin üç min manat kompensasiya ödəməsini istəmişik”.

Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları, icra başçısı Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident İlham Əliyev sərəncam imzalayaraq Rauf Həbibovu Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.
Akif Əliyev martın 27-də həbs olunub. Ona Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın kütləvi pozulmasını təşkil etmə və iştirak etmə) və 186.1-ci (özgəsinin əmlakına ziyan vurma) maddələri ilə ittiham irəli sürülüb. (Media forum)