Yaxşı ki, bütün peşələrdə özlərini sınayan çalışqan deputatlarımız arada şeir yazır, nazirlərimiz mahnı bəstələyir, prezident uşaqlarının heykəl, rəsm əsərlərindən ibarət sərgiləri açılır. Yoxsa ölkədə şeir-sənət tamamilə unudulardı, məhv olub gedərdi.
Vaxtilə gözəl şeir yazanların, mahnı bəstələyənlərin, rəsm çəkənlərin əksəriyyəti qul bazarlarında, qoyun-keçi fermasında, bağ-bostanda, tikinti obyektlərində istedadlarını dəfn etməklə məşğuldurlar. Boşluqdan yararlanan yüksək vəzifəli məmurlar incəsənətə, ədəbiyyata könüllü xidmət üçün yarışa giriblər. Indi 5-6 kitabı, diski, klipi… çıxmayanı ölkə məclislərinə yaxın buraxmırlar. Sağ olsun incəsənəti yaşadan siyasətçilər! Millətin dəyərli övladlarını işsiz-gücsüz qoysalar da, camaatı sazsız-sözsüz, şəkilsiz-heykəlsiz qoymurlar. Bu yaxınlarda “Qafqazinfo” saytında millət vəkili Məlahət Ibrahimqızının “Istanbul nəğməsi” şeirini oxuyanda qürur hissi keçirdim. Zarafat deyil, minlərlə seçicisi olan deputat hətta şeir yazmağa da vaxt tapır. Xanım millət vəkili təkcə şeir yazıb onu sayta yollamır, eyni zamanda, şeirinə şərh yazan oxuculara da cavab verməyə imkan tapır. Misal üçün, “Istanbul nəğməsi” şeiri sayta yerləşdilən gün deputat xanım 3 dəfə seçicilərinə, üzürlü sayın, oxucularına dəyərli şərhləri ilə müraciət etmişdi. Maraqlıdır, millət vəkilinin neçə seçicisi “nazlı gözəl Istanbul”u görə bilib? Ümumiyyətlə, o seçicilərdən Şəmkirdən o tərəfə keçən olubmu?
Səyahət gözəldir. Xüsusilə, “qəhrəman, comərd, əzəmətli, möhtəşəm, mədəniyyət mərkəzi” sözləri ilə vəsf olunan şəhərləri gəzəndə içində gözəl duyğular baş qaldırır, səni şeir yazmağa, mahnı oxumağa vadar edir. Istanbula təkcə Azərbaycan deputatları heyran olmayıb ki. Istanbula bütün dünya vurulub, ona şeir yazmamaq, ən azı bir xoş söz deməmək günah olar. Istanbul haqqında saysız-hesabsız nəğmələr də var. Onların içində Yalının “Istanbul benden büyük” nəğməsi xüsusilə fərqlənir: “Istanbul benden büyük, onla başa çıkamam. Küçücük ellerimle, seni geri alamam”. Maraqlıdır, Azərbaycan məmurları Istanbulu görəndə necə olur ki, duyğulana bilirlər, daş qəlbləri yumşalır? Görəsən, necə olub ki, Bakını “Məzarıstan”a çevirən merimiz cənnət Istanbulda olanda(əgər olubsa) ürəyi partlamayıb? Axı bir vaxtlar Bakı şəhərinə Istanbulun davamı deyilirdi.
Ilk dəfə Istanbulu 20 il əvvəl görmüşəm və bu illər ərzində Istanbul olduğu kimi qaldı, ona yaxınlaşanda, uzaqdan göründüyündən daha gözəl, sevimli, əziz oldu. Istanbul bir tarixdi, onu əsrlərdi, böyüklü-kiçikli hamı göz bəbəyi kimi qoruyur. Hər dəfə Istanbulda olanda 20 il əvvəl gördüyüm kiçik bir daşı da yerində tapıram, amma Bakıda bir gecənin içində binalar itir, yox olur. Istanbulu başdan-ayağa piyada gəzsən də azmazsan, illərlə başqa ölkəyə getməsən də heç vaxt darıxmazsan. Amma təəssüflə qeyd edirəm ki, ömrümün çox hissəsi Bakıda keçsə də, mən Bakıda azıram, darıxıram, havam çatmır. Çünki həftədə yeni bir Bakı görürük: hər yer rənglənir, qaşınır, təzələnir və nəticədə əsl Bakı – tarixi şəhər yox olub gedir. Bir vaxtlar öz təbii gözəlliyi, tarixi binaları ilə dünyanı heyran edən Bakı, indi sünilikləri, saxtakarlıqları ilə ürək bulandırır. Gəncliyimizdə çox sevdiyimiz “Bakı, sabahın xeyir!” mahnısını indi inanmıram kimsə pıçıltı ilə də oxusun. Hökumət Bakı sakinlərini elə burulğana salıb ki, camaatın nəinki şəhərə, heç bir-birinə “sabahın xeyir!” deməyə həvəsi qalmayıb. Yeni Bakıya “hörükləri qaradır, qaşları ayparadı” demək olarmı? Zövqsüz, acgöz, quldur məmurlar Bakının uzun, qara hörüklərini dibindən kəsib, başına parik qoyublar. Bakının aypara qaşlarını yolub, yerinə saxta qaşlar çəkiblər, ala gözlərini kor edib, gözünə qara eynək taxıblar.
Yeni Bakı haqqında ən dəqiq şərhi dəyərli curnalist Hüseynbala Səlimov “Məzarıstan”la edib: “Hamı bu boşluğu hiss edir, xüsusən də gənclik. Bunlar təmtəraqlı, yaraşıqlı binaları cəlbedici edə bilmirlər, onların hamısı ən yaxşı halda mavzoley, məzarlıq təsiri bağışlayır. Elə ölkəni də əsl məzarlığa çeviriblər, uca binalar da adama başdaşları kimi görünür – soyuq və vahiməli…”.
Mən böyük intizarla Məlahət Ibrahimqızından təzə Bakı haqqında “bir dəmət şeir” gözləyirəm. Eyni zamanda Bahar Muradovanın da şeirlərini məmnuniyyətlə oxuyardım. Yəqin ki, YAP-ın ən məşhur, çalışqan üzvünün baş şeirinin adı “Yeni Bakı nəğməsi” olar. Yeni Bakını ancaq “Yeni Azərbaycan”ın deputat şairləri vəsf edə bilər, çünki ILHAM onlara daha yaxındır…

İstanbul hamıdan böyük, Bakı ovcumdan kiçik
•