Mirşahin Ağayev: “Səbəb mənəm, mən vermədim onun çıxışını”
ABŞ dövlət katibi Hillari Klintonun regiona, o cümlədən Azərbaycana səfəri ilə bağlı müzakirələr səngimir. Klintonun müxalifətlə görüşməməsi isə ayrıca müzakirə predmetidir. Məsələ ilə bağlı keçmiş baş nazir, Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Pənah Hüseynin ANS-ə verdiyi açıqlama isə geniş rezonans doğurub.
ANS telekanalının aldığı, lakin efirə vermədiyi müsahibədə Pənah Hüseyn Klintonun müxalifətlə görüşməməsinin səbəbi kimi Azərbaycan hakimiyyətinin irəli sürdüyü şərti göstərmişdi. Belə ki, Azərbaycan rəhbərliyi ABŞ rəsmilərinə dövlət katibi müxalifət liderlərilə görüşərsə, onun prezident Ilham Əliyevlə görüşü baş tutmaya biləcəyini çatdırıb.
Xatırladaq ki, bir müddət əvvəl PA rəsmisi Novruz Məmmədov görüşün baş tutub-tutmayacağının hələ dəqiqləşdirildiyini bildirmişdi. Ardınca isə Dövlət Departamentindən rəsmi Bakı ilə münasibətlərin qırılmasını istəmədikləri ilə bağlı açıqlama gəldi. Bütün bunlar Azərbaycan tərəfinin ABŞ-a şərt irəli sürdüyünü deməyə əsas verir. Bu şərt nədən ibarət ola bilər və bununla bağlı hər hansı məlumat varmı?
Qəzetimizə verdiyi açıqlamada P.Hüseyn bu barədə mətbuata dediklərinə əlavəsinin olmadığını bildirdi: “Fikirlərimi ifadə etmişəm, ondan artıq deməyə sözüm yoxdur”. P.Hüseyn müsahibəsinin efirə verilməməsi ilə bağlı ANS-ə qarşı iradlarının da olmadığını qeyd etdi. Onun sözlərinə görə, çəkiliş ANS-in mülkiyyətidir, ondan necə istifadə etmək də onların öz hüququdur.
Müsahibənin efirə verilməməsinin səbəbini ANS şirkətlər qrupunun vitse-prezidenti Mirşahin Ağayevdən öyrənmək istədik. Vitse prezidentin cavabı qısa oldu: “Səbəb mənəm, mən vermədim onun çıxışını”.
Fizzə


