Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) foto-reportyoru, gənc blogger Mehman Hüseynov sərbəst buraxılıb. Səbail rayon məhkəməsi iyunun 13-də foto-reportyorun ona qarşı açılmış cinayət işinin istintaqı müddətində azadlıqda qalması haqda qərar çıxarıb.
Mehman Hüseynov iyunun 12-si saat 18 radələrində Səbail rayon Polis İdarəsinə ifadə verməyə gəlib və 3 saata qədər dindirildikdən sonra təqsirləndirilən şəxs qismində saxlanıb.
İndi Mehman Hüseynova qarşı 5 ilədək həbs cəzası nəzərdə tutan 221.2.2-ci maddə üzrə cinayət işi əsasında istintaq aparılacaq. Bu maddə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqaviməti nəzərdə tutur.