Hakimiyyətdə «vahid namizəd» müzakirələri

İqtidar daxilində 2013-cü il prezident seçkisilə bağlı hansı narahatlıqlar var?

Azərbaycan hakimiyyətinin üst qatında 2013-cü il prezident seçkisində iştirak üçün vahid namizədin müəyyənləşdirilməsi müzakirələrinə başlanılıb. Bu barədə “Azadlıq”a etibarlılığı şübhə doğurmayan mənbə məlumat verib. Mənbənin sözlərinə görə, hakimiyyət hər hansı fors-major hal olmayacağı təqdirdə 2013-cü il prezident seçkisində iştirakda israrlıdır. Lakin iqtidar ideoloqları təxmin edirlər ki, bu gedişlə, yəni, demokratik dünyanın islahat çağırışlarına məhəl qoymadan yola davam etmək Qərblə münasibətləri daha da kəskinləşdirəcək. Bu isə müxalifətin daha iri formatda birləşməsini şərtləndirən amil olacaq. Mənbə bildirib ki, Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun  məlum aqressiv çıxışı da məhz bu narahatçılıqdan irəli gəlir.
Məlumatda deyilir ki, hakimiyyət sanksiyalarla üzləşməsindən daha çox demokratik dünyanın Ilham Əliyevin üçüncü dəfə prezident olmasına ciddi dirəniş göstərəcəyindən narahatdır.
Çünki iqtidarın konstitusiyaya mürtəce dəyişiklikləri demokratik dünya tərəfindən qəbul olunmur. Hətta hakimiyyətin Qərbdəki lobbi qrupları belə, bu dəyişiklikləri arqumentləşdirməkdə acizdirlər. Elə bu baxımdan Ilham Əliyev “Əl-Cəzirə” telekanalına müsahibəsində 2013-cü il prezident seçkisinə qatılıb-qatılmayacağı barədə qeyri-müəyyən danışmışdı. Əliyevin qeyri-müəyyən açıqlaması Qərbin bu məsələ ilə bağlı indidən onun üzərinə yeriməsi narahatlığının təzahürü idi.  
Mənbə bildirib ki, ölkə başçısı və itidarın digər başbilənləri yaxşı anlayırlar ki, hətta Vladimir Putinin atmadığı addımı Ilham Əliyevin atması hakimiyyət üçün acı nəticələrə səbəb ola bilər. Bu isə vahid namizəd məsələsini aktuallaşdırıb. Lakin bu məsələdə də hakimiyyət daxilində fikir ayrılığı var. Məsələ burasındadır ki, Ilham Əliyevin Vladimir Putin kimi etibar edə biləcək “Medvedevi” yoxdur. Amma ölkə başçısının hakimiyyəti hansı şəxsə təhvil verə biləcəyi barədə müəyyən mülahizələr var. Bu mülahizələr rəsmi təbliğatda Mehriban Əliyevanın önə çəkilməsindən  irəli gəlib. Hakimiyyətdə belə düşünürlər ki, ən pis halda Ilham Əliyev xanımının namizədliyi üzərində dayana bilər. Bu isə hakimiyyətdəki iri maliyyə resurslarına və böyük gücə malik qrupun maraqlarına ziddir. Söhbət iqtidardakı “Naxçıvan klanı”ndan gedir. Bu klan heç bir halda Mehriban Əliyevanın namizədliyini qəbul etmək niyyətində deyil. Hələ 2008-ci il prezident seçkisindən sonra bu məsələ gündəmə gətiriləndə Ilham Əliyev məhz bu qrupun təzyiqi ilə üzləşmişdi. Və sonda referendum keçirərək konstitusiyaya məlum mürtəce dəyişikiliyin edilməsinə razılıq vermək məcburiyyətində qalmışdı.
Mənbənin sözlərinə görə, “Naxçıvan klanı” Mehriban Əliyevanın namizəd ola biləcəyindən ciddi narahat olduğuna görə alternativ namizəd axtarışına çıxıb. Məlumatlarda bildirilir ki, artıq belə bir namizəd var və klan yaxın müddətdə onun hakimiyyətin vahid namizədi olması uğrunda mübarizəyə başlayacaq. Lakin hələlik bu namizədin kimliyi bizə bəlli deyil. “Naxçıvan klanı” özü də bu məsələni indidən qabartmaq istəmir. Həmin namizədin zərərsizləşdirilə biləcəyin ehtiyatlanır.
Beləliklə, hakimiyyət daxilində baş verən proseslər göstərir ki, Ilham Əliyev (əgər hər hansı fors-majorla üzləşməsə) 2013-cü il prezident seçkisi ərəfəsində təkcə geniş formatda birləşmiş və təşkilatlanmış müxalifətlə deyil, həm də iqtidardakı iri bir qrupla mübarizə aparmaq zorunda qalacaq.

Informasiya şöbəsi