Həyatda da, səhnədə də rolunu mükəmməl oynadı…
O, bir-birindən gözəl obrazları ilə Azərbaycan teatr və kino tariximizə silinməz izini qoyub. Hələ məktəbli ikən dayısı, görkəmli aktyor Həsənağa Salayevin tövsiyəsi ilə o vaxtkı M.Əzizbəyov adına Dövlət Dram Teatrının tamaşalarında uşaq rollarında çıxış edirdi. Elə o zaman səhnənin sehrinə elə düşdü ki, taleyini həmişəlik bu sənətə bağladı.
Eldəniz Məmməd oğlu Zeynalov 1 yanvarÿ1937-ci ildə Bakıda anadan olub. 1956-1962-ci illərdə Teatr Institutunda təhsil alıb. Dövrünün ən məşhur pedaqoqu, sənətkarı Adil Isgəndərovun tələbəsi olub.
Incəsənət Institutunu bitirdikdən sonra Akademik Dram Teatrında işə başlayıb. Ilk dəfə “Sevil” tamaşasında Gündüz rolunu oynayıb. Ancaq bir ara “Azdrama”dan çıxıb və kinostudiyaya keçib. Orada 2-3 il işlədikdən sonra isə yenə teatra qayıdıb. Və elə ömrünün sonunadək bu teatrda çalışıb.
Eldəniz Zeynalov kinoda ilk dəfə 1963-cü ildə rejissor Adil Isgəndərovun “Əhməd haradadır?” musiqili kinokomediyasında rəngsaz Əhməd rolunda çəkilib, bundan sonra onun yaradıcılıq həyatı kinematoqrafiya ilə bağlı olub. Tələbə ikən Eldar Quliyev onu özünün çəkdiyi “Bir cənub şəhərində” filminə baş rola dəvət edib. Bu filmlə də bir aktyorun sənət yolu başlanıb. O, “Azərbaycanfilm” kinostudiyasında paralel çalışırdı. Eldəniz Zeynalovun kinoda fəaliyyətə başladığı dövr kinomuzun “qızıl dövrü” hesab olunur.
Adil Isgəndərovun seçimi ilə 30-dan artıq filmdə, o cümlədən “Iyirmialtılar” tarixi-inqilabi filmində komissar Vəzirov, “Yaşamaq gözəldir, qardaşım” romantik kinopovestində Mustafa Sübhi, “O qızı tapın” detektiv filmində Səyavuş, “Ömrün səhifələri” kinoalmanaxındakı “Rəqiblər” novellasında Eldəniz, “Mən nəğmə qoşuram” uşaq filmində sədr, “Qızıl uçurum” melodramında Nuru bəy, “Bizim Cəbiş müəllim” kinopovestində alverçi Qulam, “Yeddi oğul istərəm” filmində kəndli Kazım, “Həyat bizi sınayır” kinopovestində Məsi, “Yol əhvalatı” kinokomediyasında şikayətçi, “Babamın babasının babası” kinokomediyasında həkim, “Əzablı yollar” kino-nağılında Div və digər filmlərdə irili-xırdalı rollarda çəkilib. Lakin onun kinoda ilk böyük rolu “Bir cənub şəhərində” sosial kinopovestində Tofiq obrazı idi.
“Aktyorun işi-gücü rejissorun əlinə baxmaqdı…”
Rollarında özü olan aktyorlardan idi Eldəniz Zeynalov. Tamaşaçılar onu əvvəlcə yalnız komik obrazların yaradıcısı və yaşadanı kimi qəbul edirdi. Lakin aktyoru işlədib imkanlarını üzə çıxarmağı bacaran rejissorlar, onu tamaşaçıya hər tərəfdən tanıdır. Eldəniz Zeynalov, rollarında həm başqalaşırdı, həm də özü kimi tanınırdı – komik, xarakterik, dramatik obrazlarının hamısında. “Bir cənub şəhərində” filmində tipik bakılı gəncin, “Rəqiblər” kinonovellasında maraqlı psixologiyası olan ticarətçi, “Əhməd haradadır?” komediyasında şən fəhlə, “Yeddi oğul istərəm”də iki siyasi quruluş arasında çaş-baş qalmış kəndli, “Bəyin oğurlanması”ndakı mükəmməl epizodik rolu Eldəniz Zeynalovun sanki bir neçə vizit kartıdı.
Aktyorun özünün səhnədən, kamera qarşısından kənardakı davranışındakı səmimiliyinin dərəcəsi, rolun ifa tərzinin səmimiliyində də aydın görünür. Eldəniz Zeynalov insanlarla adi ünsiyyətdə təbii səmimiliyini özündən asılı olmadan, aktyorluğuna da köçürürdü.
“Mosfilm” kinostudiyasında istehsal olunan “Dulsineya Tobosskaya”, “Özbəkfilm”də çəkilən “Təyyarələr enmədi” filmlərində də çəkilib. 1974-cü ildə “Əməkdar artist” fəxri adına, 1999-cu ildə “Humay” mükafatına, 2001-ci ildə “Xalq artisti” fəxri adına layiq görülüb. Yaradıcılığının son dövrüÿAkademik Milli Dram Teatrı ilə daha sıx bağlı olub. Bu teatrda qoyulan “Ah Paris, Paris”, “Dəlilər və ağıllılar”, “Köhnə ev” və başqa tamaşalardakı rolları ilə səhnədən də sözünü deməyi bacarıb.
Eldəniz Zeynalov 80-ci illərin axırlarında ilk Satira Teatrını təşkil edib. Teatr daha çox bölgələrə qastrola çıxırdı. “Gül, sevin, gül” tamaşası ilə bütün Azərbaycanı gəzmişdilər.
Ona bir rol təklif edəndə məhz Eldəniz Zeynalov olduğuna görə təklif edirdilər. Plastik aktyor idi. Bilirdilər ki, obrazın çərçivəsində qalmayacaq, bütün uyğun improvizələri edəcək. “Bir cənub şəhərində” filminə çəkiləndə, Eldar Quliyev onu məşqlərdən azad eləmişdi, çünki bu obraz Eldəniz Zeynalovun xarakterinə çox uyğun idi.
Eldəniz Zeynalovun yumor hissi də çox güclü idi. Çəkilişlərdə zarafat edəndə hamı bir neçə dəqiqə gülməkdən özünü saxlaya bilmirdi. Vaqif Mustafayev “Yerlə göy arasında” filmini çəkərkən, kameranı işə salmamış, aktyorlara deyib ki, diqqət, əlimə baxın. E.Zeynalov deyib ki, biz elə sənin əlinə baxırıq da, aktyorun işi-gücü rejissorun əlinə baxmaqdı.
Həyat gözəl, həm də çox amansız…
Eldəniz Zeynalov kamera qarşısında olduğu kimi, səhnədə də bacarığını göstərə bilib. Həsənağa Turabov teatra bədii rəhbər təyin olunan kimi, E.Zeynalovu truppaya dəvət etmişdi. Onun elə təkcə “Köhnə ev” tamaşasındakı rolu tamaşaçılara elə təsir edirdi ki, çoxları göz yaşlarını saxlaya bilmirdi. “Ah Paris, Paris” tamaşasındakı polis rolu kiçik olduğu üçün çox aktyor o roldan imtina etmişdi. Ancaq Eldəniz Zeynalov həmin rolu ifa etməyə razı olmuşdu. Çünki onun üçün rolun böyüyü-kiçiyi yox idi. Hər bir rolda Eldəniz Zeynalov olmağı bacarırdı.
Eldəniz Zeynalov kövrək, tez inciyən adam idi. Həm də ürəyində söz saxlayan deyildi. Bir dəfə otaqda oturub həmkarları ilə söhbət edərkən başqa bir aktyor içəri girəndə ona deyib ki, əvvəlcə qapını döymək lazımdı. O da deyib ki, “mənə deyirsən qapını döy? Mən Lenin mükafatı laureatıyam”. Eldəniz Zeynalov deyib ki, “Lenin mükafatı almaqla deyil ki…”
Eldəniz Zeynalov adi bir qəza üzündən xəstələnir. Təsadüfən ayağını sındırır və bu hadisədən sonra 6 ay xəstə yatır. Travmatologiya Institutunda əməliyyat olunaraq iki ay orada qalır.ÿDaha sonra həkimlər ayağının yenidən əməliyyat olunmasını məsləhət görürlər. Bu dəfə Respublika Elmi Artrioloji Mərkəzdə əməliyyat olunur. Ancaq ayağa qalxa bilmir, yataq xəstəsi olur və dünyasını dəyişir.
Xalq artisti fəxri adı çox gec verilir və bundan xəstəxanada xəbər tutur. Bu adın sevincini ürək dolusu yaşaya bilmir. O zaman artıq xəstəxanada idi. Onu təbrik edib “Fəxri ad alacağınızı gözləyirdinizmi?” deyə soruşanlara “Gözləyirdim dedikdə, bu adı elə xalq arasında daşıyırdım. ”Əməkdar artist” adını almağımdan görün nə qədər keçib! Bundan əvvəlki fəxri ad almalarda bəzi aktyorlar “Xalq artisti” adını alanda məndən bir növ utanırdılar. Sağ olsun, dövlətimiz, yenə də əməyimi qiymətləndirdi” deyirdi.
Sənət dostları da, kinoda, teatrda onunla tərəf-müqabil olanların hamısı da Xalq artisti Eldəniz Zeynalovun yoxluğundan yaranan boşluğu hiss edir.
Eldəniz Zeynalovun arzuları təkcəÿhəyatını həsr etdiyi teatr və kino ilə bağlı deyildi. Bir ata kimi övladlarının xoşbəxtliyini, onların toyunu görmək istəyirdi. Ancaq uşaqlarının heç birinin xeyir işini görmək ona qismət olmur…
Aktyorun üç övladı – iki oğlu və bir qızı var. Eldəniz Zeynalov övladlarının incəsənət sahəsinə getməyini o qədər də istəmirmiş. Oğlu Elbrusun hüquq sahəsinə getməsini arzulasa da, Elbrus televiziya rejissoru olur. Aktyorun kiçik oğlu Məmməd atasının yolunu davam etdirmək arzusuyla Mədəniyyət və Incəsənət Universitetinə daxil olub, aktyorluq fakültəsini bitirib. Qızı Gülbəniz isə anası kimi iqtisadçıdı…
Eldəniz Zeynalov 5 noyabr 2002-ci ildə dünyasını dəyişib.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir