Surətin dəstəsinə ağ bayraq qaldırtdıran zabit “Azadlıq”la xatirələrini bölüşür?
Polkovnik Əzizağa Süleymanov Gəncə qiyamı ilə bağlı bir çoxlarının bilmədiyi hadisələri açıqlayır
1993-cü ildə Elçibəy hakimiyyətinin devirilməsi ilə yekunlaşan Gəncə qiyamı ilə bağlı daha bir maraqlı materialı sizə təqdim edirik. Bu dəfə sizi Gəncə qiyamının canlı şahidi, Milli Qvardiyanı yaradan ilk adamlardan biri – polkovnik Əzizağa Süleymanovun xatirələri ilə tanış edəcəyik.
Gəncədə həyəcan
Biz iyunun 4-də Xüsusi təyinatlı polis dəstəsinin (OMON-un) 70-ə yaxın üzvləriylə Gəncəyə uçduq. Bizdən əvvəlsə iyunun 1-də Milli Qvardiya (MQ) komandanının müavini, qərargah rəisi polkovnik-leytenant Tariyel Nəsirov olmaqla Milli Qvardiya alayının 55 nəfərlik şəxsi heyəti, Milli Qvardiyanın xüsusi təyinatlı dəstə üzvüləri ilə birlikdə Prezidentin sərəncamına əsasən hərbi əməliyyatlarda iştirak etmək üçün Gəncə-Şəmkir bölgəsinə avtobuslarla yol düşmüşdü. Biz Gəncədəki daxili qoşunların yerləşdiyi qərargaha gəldik. Hələ hava limanındaykən hiss etdim ki, vəziyyət çox ağırdır. Şəxsi heyəti qorxutmamaq üçün ehtiyatla hərəkət etmək lazım idi. Kimlərsə hökumət qüvvələrinin təyyarə ilə Gəncəyə gəlməsi barədə surətçilərə xəbər vermişdi. Gəncəyə gəldiyimiz avtobusları yol boyu hərbi geyimli adamlar maşınlarla müşayiət edirdi. Daxili qoşunlar alayının yerləşdiyi qərargahın qarşısında bizimlə gələn Omonçuların avtobusu dayanmışdı. Avtobusdan düşüb omonçulara rəhbərlik edən komandirlə birlikdə Daxili qoşunların qərargahına girdik. Qərargahın həyətində qorxu, həyəcan içində sıra baxışına düzülən əsgərlərin üzünə baxmaq olmurdu. Yuxarı mərtəbəyə qalxıb daxili qoşunların burada yerləşən alay komandirindən şəhərdə yaranmış vəziyyət barədə məlumat almaq istəyirdim. Dalanda pilləkənlərlə aşağı düşən kapitan rütbəli zabitlə üzbəüz gəldim. Ondan “alay komandiri harada oturur”, deyə soruşanda alay komandirinin Aslanov olduğunu söylədi. Ona “biz Bakıdan göndərilən hökumət qüvvələrinin tərkib hissəsiyik. Bilmək istəyirdik hazırda şəhərdə hansı hadisələr baş verir, dövlət qüvvələrinə kim rəhbərlik edir, qərargahları harada yerləşir” deyə müraciət etdim. O isə heç bir şey deməyib məni yuxarıda oturan daxili qoşunların komandan müavini polkovnik Səfərovun yanına yolladı. Səfərovla görüşdüm, onu əvvəldən tanıyırdım. O da Daxili qoşunların komandanı Fəhmin Hacıyev kimi inqilab zamanı hakimiyyətə gələnlərdən idi. Omonçuların komandiri də mənim arxamca bura gəlmişdi. Ondan şəhərdə nə baş verdiyini soruşduqda, bildirdi ki, heç nə bilmir, bilmək də istəmir. “Oyun oynayırlar, gedib axıracan oynasınlar”, bundan başqa heç bir söz demədi.
Təlaşlı və gözü yaşlı əsgərlər
Məcbur olub omonçuların komandiri ilə bərabər çölə çıxdıq. Bizimlə gələn xüsusi təyinatlı Omon dəstəsi polis idarəsinə getməyi qərara aldı. Mən də tabeçiliyimdə olam şəxsi heyətlə omonçularla getmək qərarına gəldim. Biz polis idarəsinə gəlib çatan zaman şəhərdə güllə səsləri eşidilirdi. Avtobusda yol gələrkən şəxsi heyətə hazırlıq komandası vermişdim. Polis idarəsinin qarşısına gəlib çatanda məni Milli Qvardiyanın komandanı Tahir Məmmədovun şəxsi mühafizəçiləri – qvardiyaçı Əlizadə Tərlan Adil oğlu və qvardiyaçı Rəfiyev Elgün gözləyirdilər. Onların əlində Standart rabitə aparatı vardı. Mən avtobusdan düşəndə onlar sevindiklərindən üstümə gəldilər. “Komandir, şükür allaha gəlib çıxdınız”, deyə qucaqlayıb görüşdülər. Onların bəzisinin dili söz tutmurdı, yerlərində titrəyirdilər. Tərlandan soruşanda bunlar niyə bu gündədirlər, demişdi, “tay demə”. Tərlan və Elgün, Məzahir Bağırovla birlikdə iyunun 1-də Gəncəyə gəlmişdilər. Mən onlardan nə baş verdiyini soruşduqda Sabir Kərimov özünü saxlaya bilməyib ağladı və mənə bildirdi ki, Daxili işlər nazirinin müavini Qabil Məmmədovu Surət Hüseynovun adamları tutublar. Bu zaman Tahir Məmmədov rabitə vasitəsi ilə polis idarəsinin qarşısında bizim gəlişimizi gözləyən Əlizadə Tərlandan məni soruşdu. Rabitəni Əlizadə Tərlanın əlindən alıb Tahir Məmmədovla əlaqəyə girdim. Komandan, buradayam, narahat olma, yanındayam – dedim. Tahir Məmmədov mənə bildirdi ki, Gəncədəki dövlət təhlükəsizlik idarəsinin binasında onları Surətin adamları mühasirəyə alıblar. Bizi mühasirədən təcili olaraq çıxart”.
Hücum, qiyamçılar sarsılır
“Gəncədəki Milli təhlükəsizlik idarəsinin inzibati binası polis idarəsinin yaxınlığında yerləşirdi. Atışma səsi oradan gəlirdi. Bizimlə birlikdə təyyarə ilə Gəncəyə gələn Omon dəstəsi avtobusdan düşən kimi polis idarəsinin içərisinə girmişdilər. Onların polis idarəsinin qarşısında duran komandirindən Milli təhlükəsizlik idarəsinin binasını surətçilərdən azad etmək üçün bizə köməklik göstərmələrini xahiş etsəm də o məni eşitmədi. Mənə heç bir söz demədən dəstə üzvülərinin arxasınca polis idarəsinə keçdi. Qvardiyaçıları avtobusdan düşürdüb, bir neçə qrupa bölərək qrup komandirlərinə Milli təhlükəsizlik idarəsinin binası ətrafındakı küçə kəsişmələrini tutub Surətçilərin dövlət təhlükəsizlik binası ətrafına gəlmələrinin qarşısının almağı tapşırdım. Özüm isə bir dəstə qvardiyaçı ilə birlikdə dövlət təhlükəsizlik binasını mühasirədən çıxarmaq üçün hücuma keçdim. Qvardiyaçıların qəfil hücumu bura toplaşan əli silahlı mülki və hərbi geyimli vətəndaşları qorxuya saldı. Böyük çinar ağacına vurduğum birdəfəlik ”Muxa” raketinin zərbəsinin səsindən vəlvələyə düşən Surət tərafdarları silahlarını atıb qaçmağa başladılar. Surətçilər tərəfindən bura gətirilən bir tank və bir hazır vəziyyətdə olan qrad qurğusu Qvardiyaçıların hücumundan sonra Milli təhükəsizlik idarəsinin binasının önündə yolun ortasında atılıb qalmışdı. Milli təhlükəsizlik idarəsinin binası ətrafında bir nəfər də olsun silahı adam qalmamışdı. Milli Təhlükəsizlik idarəsinin binası qarşısında Milli Qvardiyanın xüsusi təyinatlı dəstəsinə məxsus bir təzə “Mersedes” markalı avtobus yanırdı. Iki nəfər xüsusi təyinatlı dəstənin qvardiyaçıları Milli Təhlükəsizlik idarəsinin binasının önündə yerləşən elektrotok şitinin arxasında yaralanmışdı. Xüsusi təyinatlı dəstənin üzvü olan qvardiyaçı Əliyev Əlizadə Siyasət oğlu qolundan və qvardiyaçı Əliyev Paşaxan Əlibala oğlu ayağından güllə yarası almışdı. Qvardiyaçılar onlara ilk tibbi yardım göstərib, xəstəxanaya göndərdilər və yanan avtobusu söndürdülər. Qvardiyaçılara yaxınlıqdakı hündür binaların üstünə çıxıb ətrafı tam nəzarətə götürməyi tapşırdım”.
Sülhəddin Əkbərov mənə qışqırdı….
“Milli təhlükəsizlik idarəsinin binasına daxil oldum. Gördüyüm mənzərə məni şok vəziyyətinə saldı. Az qalmışdım hirsimdən bağıram. Bizim xüsusi təyinatlı dəstənin və Milli təhlükəsizlik nazirliyinin xüsusi təyinatlı dəstəsinin üzvləri boyunlarını bükərək həyəcan içində inzibati binanın içərisindəki pilləkənlərdə oturmuşdular. Mən onları belə vəziyyətdə görən kimi öz xüsusi təyinatlı dəstə üzvlərimiz olan qvardiyaçıların üstünə qışqırdım ki, nə oturmusunuz qurbanlıq qoyun kimi, tez çölə çıxın, bina ətrafında möve tutub güclərmizi birləşdirək. Yoxsa surətçilər bizi tutacaqlar. Səsimi eşidən baş prokuroru Ixtiyar Şirinov, MTN-nin birinci müavini Sühəddin Əkbərov, Milli Qvardiyanın komandanı Tahir Məmmədov, Gəncə Milli Təhlükəsizlik idarəsinin rəisi Rəfail Mirzəyev və tanımadığım başqa vəzifəli dövlət məmurları çönüb mənə baxdılar. Sülhəddin Əkbərov üstümə qışqıraraq, ”siz haradan gəlmisiniz”,- deyə soruşdu. Düzü, mən onu başa düşmədim. “Gəlmişik sizi Surətin mühasirəsindən çıxardaq”,- deyə bildirdim. O, mənə “nə mühasirə, mən burada danışıq aparıram, siz hücum edirsiniz, qardaş qanı tökmək istəyirsiniz?”. O, Tahir Məmmədova üzünü tutub dedi ki, bunlar sənin dəstəndir, çıxart bunları buradan, mənə mane olurlar. Düzü, onun bu sözü mənə çox pis təsir etdi.
Mən Tahir Məmmədovun üzünə baxıb incik halda çölə çıxdım. Mənimlə bərabər binaya daxil olan qvardiyaçılar da çölə çıxdılar.
Surətçilər ağ bayraq qaldırır
“Tahir Məmmədov da arxamızca çölə çıxıb bizə yaxınlaşdı. Qoluma girib qvardiyaçıların yanında dedi ki, ”eybi yoxdur, qoy necə bilirlər, elə də etsinlər, buradan çıxaq, mən bilirəm nə edəcəm”. Dövlət rəhbərlərindən birinin ünvanına yağlı bir söyüş də söydü. Əlavə olaraq bildirdi ki, Dövlət rəhbərliyində fikir ayrılığı əmələ gəlib. Baş nazir Pənah Hüseynov Bakıdan zəng edib Sülhəddin Əkbərlə danışırdı, qoy görək nə məsələdir. Deyəsən əməliyyata o rəhbərlik edəcək. Tahir Məmmədov yenidən içəri qayıtdı. Komandan içəri keçən zaman onunla olan qvardiyanın xüsusi təyinatlı dəstəsinin üzvləri mənə dedilər ki, cənab kapitan, sizin xəbəriniz yoxdur. Tahir Məmmədovla Sülhəddin Əkbər səhərdən höcətləşirlər. Az qalıblar davaya çıxsınlar. Sülhəddin Əkbər Tahir bəyə deyir ki, burada əməliyyata mən rəhbərlik edəcəm. Aparata zəng edib, oradan Tahir bəy haqqında nəsə deyiblər, Tahir bəyin qanı qaralıb. Siz gəlməmişdən bir az qabaq Surətçilər binada bizə hücum edən zaman komandan havaya tapançadan güllə atırdı. Sühəddin Əkbərov bunu ona irad tutaraq deyirdi ki, sən onları qızışdırırsan. Istəyirsən qardaş qanı tökülsün. Danışıq aparmağa maneçilik törədirsən. Komandan isə ona bildirirdi ki, nə qardaş qanı, gözümüz görə-görə bir dəstə bandit dövlət obyektinə, dövlətin güc sturukturlarına silahlı hücum edir, sən isə danışıqdan dəm vurursan. Demək olar ki, qısa müddət ərzində ətrafda yerləşən bütün binalar, yol keçidləri Gəncə şəhər icra hakimiyyətinin inzibati binası və ətraf meydan bütünlüklə Milli Qvardiyanın nəzarəti altında idi. Bu vaxt Milli Qvardiyaçılar rabitə vastəsi ilə mənə məlumat verdilər ki, Surət Hüseynov tərəfindən iki nəfər danışıq aparmaq üçün əllərində ağ bayraq Milli təhlükəsizlik idarəsinin binasına yaxınlaşmaq istəyir. Bu xəbəri rabitədə komandan da eşitdi. O, çölə çıxıb mənə göstəriş verdi ki, tapşır onları buraxsınlar, danışıq aparmaq istəyirlər. Onların buraxılması barədə göstəriş verdim. Tahir Məmmədova dedim ki, komandan, bu danışıq vaxt udmaq üçün surətçilərə bir bəhanədir. Onlar bizə hücum etmək üçün yeni qüvvə toplayırlar. Gəl qvardiyçılarla Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı dəstəsinin əməkdaşlarını birləşdirib qəflətən Surətin qərargahına hücum edib, onu tutaraq girovdakıları azad edək. Vaxt gedir. Prezident bu əməliyyatın icrasını, sizin dediyinizə görə, mənə həvalə edibsə, icazə verin tapşırığı yerinə yetirim. O mənə qvardiyaçıların yanında söz verdi ki, gözlə görək nəyə gəliblər. Sonra bir şey fikirləşək”.
Bitmədi…
Natiq Güləhmədoğlu