Fəaliyyəti dayanmış “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru, hüquq müdafiəçisi Eynulla Fətullayevlə vaxtilə sözügedən qəzetin əməkdaşları olmuş şəxslər arasında qalmaqal böyüyür. Qeyd edək ki, E.Fətullayev srağagün mətbuata verdiyi müsahibəsində onların ünvanına bir sıra aşağılayıcı fikirlər səsləndirmişdi. Bildirmişdi ki, keçmiş iş yoldaşları onun dostları olmayıblar, işləyib qonorarlarını alıblar. Xüsusən də jurnalist Natiq Cavadlı haqqında demişdi ki, əvvəllər heç kimin tanımadığı qəzetdə işləyib, amma “Gündəlik Azərbaycan”da işləyəndən sonra dünyanın nüfuzlu mükafatını alıb.
Öz növbəsində “Gündəlik Azərbaycan” ın şef redaktoru olmuş Şahvələd Çobanoğlu, Natiq Cavadlı və Elşən Balaxanlı ona müvafiq cavab veriblər. Bu gün isə E.Fətullayevin atası Emin Fətullayev Natiq Cavadlıya zəng edərək onu söyüb. Bu barədə Gunxeber.com-a məlumat verən N.Cavadlının sözlərinə görə, Emin Fətullayev onu təhqir edib və döyməklə hədələyib (Gunxeber.com)