Bakıda Klintondan nələri xahiş ediblər?

Vaşinqtondakı mənbə: “İnsan haqları və azadlıqları effektiv əməkdaşlığın başlıca şərtlərindən biri olaraq qalacaq”

Yenicə Cənubi Qafqaza səfərdən qayıtmış dövlət katibi Hillari Klinton Azərbaycanla Ermənistan arasında birbaşa dialoqların təşkili barədə regionda aldığı təklifləri götür-qoy edəcək. Bu barədə “Turan”ın müxbirinə səfərin yekunlarını şərh edən Vaşinqtondakı mənbə bildirib.
Bakıda rəsmilər Klintondan “Rusiyasayağı vasitəçilik” imkanlarının nəzərdən keçirilməsini xahiş ediblər. “Birbaşa görüşlərin təşkili Vaşinqton üçün yeni təcrübə deyil. Dövlət katibi iş cədvəli çərçivəsində, prinsipcə, təklifi nəzərdən keçirə bilər. Hər halda, məsələ Ermənistan və lazım gəlsə, Moskva ilə də müzakirə olunmalıdır. Diplomatik kanallarla razılaşma əldə edilsə, ilk görüş yaxın aylarda Vaşinqtonda nazirlər səviyyəsində keçiriləcək”, – deyə o əlavə edib.
Mənbə bildirib ki, Bakıda Klintondan Azərbaycana silah satışı məsələsində Obama administrasiyasının fəal mövqe tutmasını da xahiş ediblər. Lakin regionun həssaslıqlarını və seçki ilində ABŞ-da daxili siyasəti nəzərə alaraq, bu yöndə administrasiya adından heç bir vəd verilməyib: “Əlbəttə, hər şey Konqressin yanaşmasından asılı olacaq. Azərbaycana silah satışını əngəlləyən amillər onu mümkün edən şərtlərdən daha çoxdur”.
Digər bir xahiş isə enerji resurslarının Avropaya nəqli marşrutlarının müəyyənləşməsində Vaşinqtonun “təşviqedici rola” yiyələnməsi olub. Klintonun təklifə cavabı müsbət olub. Məsələ qarşıda duran ABŞ-AB görüşlərində müzakirəyə çıxarılacaq.
Azərbaycan tərəfi habelə SOCAR-ın ABŞ ərazisində neft satışı və digər birbaşa layihələr həyata keçirməsi təklifini irəli sürüb. Məsələ birbaşa dövlət katibinə aid olmadığı üçün, gələcəkdə digər görüşlər zamanı ətraflı müzakirə olunacaq.
Gündəlikdəki başqa bir məsələ Azərbaycanla siyasi dialoqların davamı olub və hər iki tərəf bunda marağını ifadə edib. “Ümid edir və inanırıq ki, birbaşa dialoqlar demokratik dəyərlərin tətbiqi və inkişafı işində öz bəhrəsini verəcək. Əlbəttə ki, insan haqları və azadlıqları yuxarıda sadalanan istiqamətlərdə əsası qoyulmuş effektiv əməkdaşlığın başlıca şərtlərindən biri olaraq qalacaq”, – deyə mənbə bildirib.