Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) foto-reportyoru, gənc blogger Mehman Hüseynovun həbsi ilə əlaqədar AXCP bəyanat verib. Bəyanatda bu həbs pislənilir, hakimiyyətin son günlər yenidən gücləndirdiyi repressiyanın davamı kimi qiymətləndirilir.
“AXCP foto-reportyor Mehman Hüseynovun həbsini hakimiyyətin növbəti qanunsuzluğu, jurnalistlərə və demokratik düşüncəli fəallara qarşı həbs və təzyiq kampaniyasının tərkib hissəsi, ölkəsə avtoritarizmi gücləndirməyə xidmət edən addım kimi qiymətləndirir.
Mehman Hüseynov barəsində uydurma ittihamla cinayət işi qaldırılıb və o, polisə çağırılıb. Həmin vaxt səfərdə olan Mehman Hüseynov bunları bildiyi halda gizlənməyib və səfərdən qayıdan kimi polisə idarəsinə gedib. Bu hərəkət onun həbsinə səbəb ola biləcək hər hansı suç işlətmədiyinə əminliyindən xəbər verir.
AXCP hesab edir ki, Mehman Hüseynov siyasi motivərlə, hakimiyyətin yuxarı dairələrindən verilən sanksiyaya əsasən həbs edilib. Belə ki, Mehman Hüseynov jurnalist kimi hakimiyyət əleyhinə kütləvi aksiyaların işıqlandırılmasında əhəmiyyətli rol oynayır. Yerli və xarici mediada onun hazırladığı video və foto materiallardan tez-tez istifadə olunur. Bundan başqa o, “Eurovision” ərəfəsində ölkədə insan hüquqlarının durumunu beynəlxalq aləmə çatdıran “Sing for Democracy!” (“Demokratiya naminə oxu!”) kampaniyasının media koordinatoru olub, sosial şəbəkələrdə hökumət əleyhinə tənqidi statusları ilə fərqlənib”, – deyə bəyanatda bildirilir.
AXCP M.Hüseynovun habsi ilə yanaşı son günlər gənc fəallara, o cümlədən AXCP Gənclər Komitəsinin üzvlərinə qarşı təzyiq və təhdidlərin güclənməsini də yada salır. Belə ki, gənclər və onların valideynləri polis bölmələrinə çağırılır, müxtəlif üsullarla təhdid olunur, fəal mövqelərindən çəkilmək üçün təzyiqə məruz qalır. İyunun 13-də isə AXCP mətbuat xidmətinin rəhbəri və “Azadlıq” qəzetinin əməkdaşı Natiq Ədilov Sabirabad rayon polis idarəsinə çağırılaraq dindirilib.
AXCP beynəlxalq ictimaiyyəti baş vedrənlərə, xüsusən də M.Hüseynovun həbsinə adekvat reaksiya göstərməyə çağırır. Partiya bəyan edir ki, foto-reportyorun həbsi bu günlərdə vicdan məhbislarından biri Bəxtiyar Hacıyevin azadlığa buraxılmasından ruhlanub Azərbaycan hakimiyyətini təqdir edən bəzi beynəlxalq dairələr üçün pis mesaj olmalıdır: “Bu, onun mesajıdır ki, bütövlükdə avtoritar sistem sıradan çıxarılmadıqca, ayrı-ayrı siyasi məhbusların azadlığa buraxılması üçün göstərilən səylər səmərəsizdir”.
AXCP eyni zamanda ölkə ictimaiyyətini M.Hüseynovun həbsinə və ümumən hakimiyyətin yeni təqib-təzyiq kampaniyasına qarşı fəal etiraza çağırır.
AXCP bəyan edir ki, hakimiyyətin bu cür repressiv üsullarla fəal demokrati qüvvələri mübarizədən çəkindirməyə və ömrünü uzatmağa çalışması əbəsdir. Azərbaycan iqtidarının avtoritar əməlləri qarşısında ölkənin demokratik ictimaiyyəti daha da səfərbər olunacaq, xüsusən gənclərin sırasından çıxan yeni-yeni fəallar indiki repressiyanın səmərəsizliyini sübut edəcək.
AXCP Mehman Hüseynovun həbsini siyasi sifariş adlandırdı
•
•


