ATƏT sədri hökuməti öhdəlikləri yerinə yetirməyə çağırdı

Eamon Gilmorun siyasi partiya rəhbərlərilə görüşündə insan haqları məsələsi əsas müzakirə mövzusu olub

ATƏT sədri Eamon Gilmor dünən Azərbaycanda fəaliyyət göstərən iqtidarlı-müxalifətli bütün siyasi partiyaların rəhbərləri ilə görüşüb. Bu barədə “Azadlıq”a AXCP sədri Əli Kərimli məlumat verib. Onun sözlərinə görə, görüşdə ilk olaraq Qarabağ məsələsi müzakirə olunub.
Əli Kərimli deyib ki, həm müxalifət, həm də iqtidar partayalarının təmsilçiləri bu məsələ ilə bağlı ATƏT sədrinə iradlarını bildiriblər. Siyasilər qeyd ediblər ki, nəhayət ATƏT Qarabağ münaqişəsində tərəflərin məsuliyyətinin eyni olmadığını etiraf etməlidir. Etiraf olunmalıdır ki, Azərbaycan bu məsələdə zərərçəkən, torpaqlarını itirən, Ermənistan isə beynəlxalq hüquq normalarına pozan, başqa dövlətin ərazisini işğal edən tərəfdir. Eamon Gilmorun diqqətinə çatdırılıb ki, rəhbəri olduğu qurum bu həqiqəti etiraf etməyənə qədər Azərbaycan cəmiyyətinin ATƏT-ə etimadı tam olmayacaq.
Görüşdə daha sonra ölkədəki daxili islahatlar, demokratikləşmə ilə bağlı mövcud problemlər müzakirə edilib. Müxalifət partiyalarının təmsilçiləri sərbəst toplaşmaq və söz azadlığının olmadığını, siyasi məhbus problemini, seçkilərin birqayda olaraq saxtalaşdırıldığını, siyasi partiyalara basqıları dilə gətiriblər. Həmçinin fotoreportyor Mehman Hüseynovun qondarma ittihamlarla həbs olunduğunu ATƏT sədrinin diqqətinə çatdırılıb.
Xüsusilə qeyd olunub ki, hazırda vətəndaşların məhdudlaşdırılan hüquqları əvvəllər az da olsa olub. Və hakimiyyətin Azərbaycanın gənc və təcrübəsiz dövlət olduğunu əsas gətirərək demokratiyanı inkişaf etdirə bilməməsi arqumenti əsassızdır. ATƏT sədrinin nəzərinə çatdırılıb ki, əksinə, Azərbaycan xalqı demokratiyaya hazır olduğunu həm 20-ci əsrin əvvəllərində, həm də 90-cı illərin sonlarında demokratik hökumətlər qurmaqla sübut edib. Həmin demokratik nailiyyətlər isə indiki hökumətin məqsədyönlü avtoritar siyasəti nəticəsində xalqın əlindən alınıb.
AXCP sədrinin sözlərinə görə, Eamon Gilmor öz növbəsində bildirib ki, Azərbaycan ATƏT qarşısında könüllü olaraq öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsi üçün sərbəst toplaşmaq azadlığı təmin olunmalı, ifadə azadlığı tanınmalı, siyasi məhbus problemi həll olunmalı və  seçkilərin demokratik keçirilməsi üçün xeyli iş görülməlidir.