Nemət Pənahlı indiyədək sirr saxladığı gizlinləri həbsxanadan «Azadlıq»a yazdı
“Azadlıq” qəzeti 1993-cü ilin iyun qiyamı ilə bağlı araşdırmalarını davam etdirir. Əvvəlcədən vəd etdiyimiz kimi bu araşdırmamızda hadisələrdə iştirak edən, adı keçən, əlimiz çatan hər kəsin mövqeyini öyrənməyə çalışacağıq. Heç şübhəsiz ki, bu hadisələrdə hazırda həbsdə olan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının mövqeyi də oxucular üçün maraqlı olar.Bu səbəbdən N.Pənahlıya Gəncə qiyamıyla bağlı bu gün Azərbaycan cəmiyyəti üçün qaranlıq qalan, yaxud maraqlı olan 16 sual ünvanladıq. Bu suallar içində onun iyun hadisələrinin ilk günündən Gəncədə olmasının səbəblərindən tutmuş Heydər Əliyevlə əlaqələrinədək bütün məsələlər əhatə edilmişdi. Indi N.Pənahlının bizə göndərdiyi cavabları sizlərə təqdim edirik.Öncədən bəyan edirik ki, “Azadlıq” N.Pənahlının mövqeyində bir çox məqamları bölüşmür və bu istiqamətdə araşdırmalarımızda həmin məqamlara aydınlıq gətirəcəyik.
Ona bildirdim ki, bütün məsələləri hüquq çərçivəsində həll etməyə çalışsın. Çünki baş prokuror əlindəydi və bu da imkan verirdi ki, bütün törədilən cinayətlərlə bağlı sanksiyalar alınsın. Bəli, Ixtiyar Şirinovun məlum sanksiyasını mən yazmışam. Daha doğrusu, mən demişəm Əli Ömərov da yazıb. Surət orada ona görə mənə inandı ki, Ixtiyar Şirinovun cibindən çıxan həbs sanksiyalarının birincisi mənim həbs olunmağımla bağlıydı. Təsəvvür edin ki, həbsi nəzərdə tutulan şəxslərin siyahısında birinci mənim adım idi, məndən sonra isə Surətin adı gəlirdi. Belə bir vəziyyətdə tək Surətlə söhbətlər yetərli deyildi. Onun ətrafında da xeyli adamlar var idi və heç şübhəsiz ki, bu şəxslərin içində hərbi kəşfiyyatın da, digər xüsusi xidmətlərin də adamları varıydı. Hamısı da, Heydər Əliyevə qarşı çox kəskin münasibət bəsləyirdilər. Bəli, Allahşükür Paşazadə bəyan eləmişdi ki, Nemət məni aldadıb qol çəkdirib. Düzdür, Allahşükürün adından verilən o bəyanatı da, komissiyanın rəyini də mən yazdırmışdım. Bir sözlə, qardaş qırğınının fəlakət gətirəcək həddə böyüməsinin qarşısını aldım və prosesi siyasi müstəviyə keçirdim. Amma Surətin ətrafı ilə baş edə bilmək və onu ətrafında olanların təhriklərindən çəkindirə bilməyin özü böyük bir problem idi.
Deyirdilər, o, Heydər Əliyevin adamıdır
Təssəvvür edin, ətrafındakılar Surət Hüseynovu yönəldirdilər ki, Nemət Heydər Əliyevin adamıdır, o bura gəlib və sənə xəyanət edəcək, bizi satacaq, planlarımızı alt-üst edəcək və sair. Özü də bütün bunları mənim yanımda, yəni üzümə qarşı deyirdilər. Hələ daldada daha nələr deyilirdisə, onu bir tərəfə buraxıram. Mən də H.Əliyevlə danışmışdım ki, özü bir ağsaqqal kimi Gəncəyə gəlsin və durumu öz gözləri ilə görsün. Bir vaxtlar bu məsələ daha çox hallanırdı və indinin özündə də, Surətin də Heydər Əliyevin adamı olduğunu deyənlər var. Mən isə o proseslərin içində olmuşam və məsələləri bütün incəliklərinə qədər bildiyimdən, bu cür deyimlərin cəfəngiyyatdan başqa bir şey olmadığını hər zaman söyləmişəm. Surətin özü barəsində mənim fikirlərim bu gün də dəyişməyib və hesab edirəm ki, o, ləyaqətli bir adamdır.
Surət Əliyevlə Elçibəyin danışığını bilirdi
Hadisələrin kritik məqamında Əbülfəz bəy Heydər Əliyevin arxasınca təyyarəsini göndərib, onu Bakıya gətirdi.
Bakıya gətirəndən sonra da, bunların danışığının bütün təfərrüatlarını gətirib qoydular Surətin qabağına. Çünki o zaman xüsusi xidmətlərin hamısında Surətə işləyənlər var idi və hərbi kəşfiyyat da tam gücü ilə bu sistemi idarə edirdi. Gəncədə də bambaşqa planlar tökülürdü və işlər o yöndə aparılırdı ki, orada Ali Soveti çağırıb 365 deputatı Gəncəyə yığsınlar. Sonra da burada Surət Hüseynovu prezident elan etmək, Ayaz Mütəllibovu da baş nazir gətirmək planlaşdırılırdı. Indi mən bu şeyləri danışıram, ancaq Surət də ölməyib, mən də ölməmişəm, buyurun, özündən də soruşun. Açığı, o zaman Surətin ətrafı ona deyirdi ki, sən Babəksən, Cavad xansan, daha nə bilim kimsən. Ancaq mən onunla söhbətlərimdə heç vaxt riyakarlıq eləməmişəm, yalan danışmamışam. Demişəm ki, Surət bəy, sən özün də deyirsən ki, siyasətçi deyilsən, bu biri tərəfdən də prezident olmaq istəyirsən, bu necə ola bilər? Vəzirovun, Mütəllibovun Sovet sistemində yetişmiş kadrlar, bizim qəbul edib-etməməmizdən asılı olmayaraq, Əbülfəz bəyin 25 il siyasətin içində olan bir adam olduğunu misal çəkərək, demişəm ki, onlardan heç biri ölkəni idarə edə bilmədilərsə, sən bunu necə edəcəksən. Onu da demişəm ki, indiki ağır zamanda sənin prezidentliyin uzaqbaşı 3-4 aylıq məşğuliyyətdən başqa bir şey ola bilməz və aqibətin də onlarınkından pis olacaq.
Qarşıma birmənalı şərt qoydular
Nə isə ora gəlirəm ki, Bakıdakı danışıqların nəticələrini Surətin qabağına qoydular. Demək, razılaşma belə olmuşdu ki, H.Əliyev Ali Sovetin sədri olsun, Surətin də müdafiə naziri təyin edilməsini düşünürlər. Danışıqların üzərindən 3 saat keçməmiş, nəticələr Surətin qabağındaydı. Bu danışıqlara qulaq asandan sonra Surət mənim qarşıma daha kəskin şəkildə şərt qoydu ki, əgər sən yenə də Heydər Əliyevi müdafiə edəcəksənsə, o zaman bizim əməkdaşlığımız bitir. Yox, bzimlə bir yerdəsənsə, onda biz Əbülfəz Əliyevə də, Heydər Əliyevə də qarşıyıq. Mən də qonaq evində gərgin bir vəziyyət içərisində H.Əliyevə telefon açaraq bildirdim ki, Gəncədəki vəziyyətdən xəbəriniz varmı? Dedi ki, siz Ali Sovetə sədr seşilməyə razılıq verməmiş Gəncəyə gəlməlisiniz. Bu zaman Surət də telefonu mənim əlimdən alaraq H.Əliyevə narazılığını bildirdi. Bundan sonra H.Əliyev bəyan etdi ki, mən Gəncəyə gedirəm. H.Əliyev yola çıxan kimi məlumat aldım ki, Surətin adamları Nəvaidə onu vurmağı planlaşdırırlar. Mən orada hansı riskə getdim, bir Allah bilir. Surətə dedim ki, yadında saxla, H.Əliyevə burada bir şey olsa, Azərbaycanda qan su yerinə axacaq və ölkənin dağılmasının qarşısını heç kim ala bilməyəcək. Ora qədərini dedim ki, əgər sən təsəvvür edirsənsə ki, burada H.Əliyevi öldürəndən sonra Azərbaycanda hakimiyyəti götürəcəksən, bunun qeyri-mümkün məsələ olduğunu bil. Belə olan halda, Surət də şərt qoydu ki, o zaman o burada Surət Hüseynovun prezidentliyini qəbul etməlidir. Açığı, dedim ki, siz öldürmək məsələsini ortadan qaldırın, mən də onu burada razı salacam ki, Surətin prezidentliyinə razılıq versin. Bu minvalla da, Surət Nəvaidən adamlarını çəkdi, H.Əliyev də sağ-salamat Gəncəyə gəlib çıxdı. Heydər Əliyev gələndə onun oxranasını içəri buraxmadılar. Min bir müsibətlə, Bəylərin və kürəkəninin qonaq evinə girmələrinə nail oldum. Içəridə onları da başqa bir otağa keçirdilər. Inanın ki, elə bir məqam idi ki, Surətin ətrafı bircə işarə gözləyirdi. Amma Surət kişi kimi sözünün üstündə durdu.
Heydər Əliyevin öldürülməsinin qarşısını aldım
O gecə biz H.Əliyevlə gecənin yarısına kimi söhbət etdik. H.Əliyev Surətin prezidentliyinə razılıq vermək istəmirdi. Mənə deyirdi ki, tutaq ki, mən bu gün bu razılığı verdim, bəs sabah nə olacaq? Mən H.Əliyevə o gələnə kimi olanları bütün təfərrüatı ilə danışdım və izah etdim ki, əgər bu gün bu razılığı burada verməsəniz, sabaha heç bir ümidiniz yoxdur. Yəni tam ciddiyyətlə çatdırdım ki, indi burada Surətin prezidentliyinə razılıq verməsəniz, sizi öldürəcəklər. Bu cür də razılaşdıq və oradan sağ-salamat çıxıb Bakıya gəldik. Mən Gəncədə Surətin adamları tərəfindən H.Əliyevin öldürülməsinin qabağını almışam. Bunu nə danmıram, nə gizlətmirəm, nə də boynumdan atmıram. Ordan gələndən sonra da H.Əliyev Ali Məclisə sədr seçildi və artıq təşəbbüsü ələ götürdü. Sonrakı proseslər də bəllidir, canlı yayında nələr baş verdiyini də hər kəs görüb. H.Əliyev onda, televiziyanın imkanlarından da yararlanaraq, reytinqini o həddə gətirdi ki, artıq onun ictimai rəydəki nufuzu hamını geri çəkilməyə məcbur etdi. Sonradan Surət də baş nazir olmağa razılıq verdi. Yəqin ki, o da, bir çoxları kimi, yaşlı H.Əliyevdən sonraya planlar qururdu və bu planların da hamısı alt-üst oldu. Amma mən onda da, ondan sonra da, dəfələrlə demişdim ki, Sürət, mən sənin prezidentliyin yükünü çəkə biləcəyinə inanmıram. Prezidentlik siyasi kürsüdür.
Əlikram Hümbətovun Heydər Əliyevə münasibəti pis idi
Mən Əlikram Hümbətovla Surətin münasibətlərinin nə dərəcədə olduğunu bilmirəm, amma tam dəqiq bilirəm ki, onun da H.Əliyevə münasibəti çox pis idi. Nə Rəhim Qazıyevin, nə də Etibar Məmmədovun H.Əliyevlə heç bir münasibətləri olmayıb. Mən 88-ci ildə Vəzirov hakimiyyətinin, 90-cı ildə Ayaz Mütəlibov hakimiyyətinin, 92-ci ildə Cəbhə hakimiyyətinin, bu gün isə hazırkı hakimiyyətin yalnışlıqlarına qarşı müxalifətdə dayanan bir insan kimi, heç vaxt müxalifəti qınamamışam, əksinə həmişə hakimiyyəti qınamışam. Çünki, zülmün heç bir dövrdə bəraəti olmur. Bizim canımız bahasına “Azadlıq” meydanı adlandırdığımız meydan, Sovet hökuməti dağılandan bu yana, kimin dövründə olursa olsun, xalqın üzünə bağlanıb. Mən bunun birinə bəraət qazandırıb digərini günahlandıra bilmərəm. Bircə şeyi dəqiq deyə bilərəm ki, əgər müxalifət varsa, deməli, hakimiyyət günahkardır. Çünki, güc hakimiyyətin əlində olur, ortada zülm varsa, onu hakimiyyət edə bilər, müxalifət yox. “Əbədiyyət yolçusu” kitabına gəldikdə, bu kitabda nəinki Gəncə hadisələri, 88-ci ildən bu yana Azərbaycanın siyasi səhnəsində baş vermiş kimsəyə bəlli olmayan çox sirli məqamlar var.