Acığa düşüb zaldan getdi
İyunun 12-də Milli Məclisdə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanuna dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə olunarkən qalmaqal yaranıb.
Belə ki, qanun layihəsinə münasibət bildirən deputat Elmira Axundova sənədin dilindən şikayətlənib. Bildirib ki, layihəni prezidentin göndərdiyini bilir və buna görə də layihənin lehinə səs verəcək. Lakin ekspertlərin sənəddəki anlaşılmazlıqları deputatlara izah etməsinə ehtiyac var.
Vitse-spiker Ziyafət Əsgərov Elmira Axundovanın sözlərinə sərt reaksiya verib. O, xanım deputatı kobudluqla orta məktəb təfəkküründə qalan adlandırıb. “Şüurunuz, təfəkkürünüz orta məktəb səviyyəsində qalıbsa, sizə nə izahat verəcəyik? Başa düşmürsünüzsə, gedin kitab oxuyun, ensklopediyaya baxın. Sabah da mətbuat yazacaq ki, 15 ilin deputatı nəyin müzakirə olunduğunu bilmir”, – deyə vitse-spiker deputata acıqla cavab verib.
Elmira Axundova vitse-spikerin cavabını həzm etməyib və məclisdə qalmaqal yaranıb. Qalmaqal yaranan zaman zalda olmayan spiker Oqtay Əsədov hadisədən az keçməmiş zala qayıdıb və gərginliyi aradan qaldırmaq üçün Elmira Axundovaya yenidən söz verib.
Bu zaman isə vitse-spiker etiraz əlaməti olaraq iclası tərk edib.
azadliq.info