Prezidentdə gülüş doğuran işgəncə

Bərəkallah, Novruz Məmmədov! Bravo! Üstünü açdığı sirli söhbətdən danışarkən belə, prezidentinə sadiq qalır. O, hansı məqamda gülübsə, bu da həmin hissəni danışanda eyni şəkildə gülümsəyib. Bu, bir növ ona oxşayır ki, hansısa müşavirədə ölkə başçısı danışanda, məsələn, deyəndə ki, lazım gəlsə biz Qarabağı alarıq, baxırsan ki, nazirlər dərhal əllərində hazır saxladıqları bahalı qələmlərini dəftərçəyə söykəyib sürətlə yazmağa başlayırlar. Bu səhnələri görəndə məni həmişə bu fikir məşğul eləyir ki, bunlar o tip kəlmələri niyə dərhal yazırlar? Yoxsa həmin sözü ilk dəfə eşidirlər? Mənim kimi huşsuz belə o sözü əzbər bilirsə, bunlara nə gəlib, bilmirəm. Tutaq ki, Heydərovun, ya Usubovun bu kəlmə nəyinə lazımdı axı? Yoxsa Lazımı axtarışa verəcəklər?
Nə isə, onu deyirdim ki, dövlət başçısının xanım Klintonla çörək kəsərkən güldüyü məqamı nəql eləməyə çatanda Məmmədov da güldü. ANS-dəki müsahibəsində. Mənə elə gəldi ki, bu gülüş də həmin qaydayla görüşdə dəftərə yazılıb, indi də istifadə edilir. O gülüş tələsik və qara-qura xətlə yazıldığından və indi üzündən oxunduğuna görə bir az əyri-üyrü çıxdı…
Sözüm heç bu da deyil. Məsələ ondadı ki, ölkənin sahibi nəyə gülüb? Axı o lent kəsəndə gülürdü ancaq. Bax, bunu ANS-ə müsahibəsində Novruz bəy açıqladı. Onun verdiyi informasiyanı etibarlı saymaq olar. Orda gerçəkdən gülüblər, bu da qeydə alıb, verilişdə də olduğu kimi təkrar eləyib. Əlbəttə, o ölkənin sahibi kimi şaqqanaq çəkib gülə bilməz. Buna onun heç enerjisi də çatmaz. Ancaq təqlid elədiyinə söhbət yoxdu.
Qənimət Zahid Məmmədovun bu açıqlamasını, yəni görüşdəki gülüşü canlı efirdən yaymasını “Vikileks” saytının yaydığı məxfi materiallarla müqayisə edib, həm də bu gülüşə görə ABŞ səfirliyinə sorğu göndərilməsini gərəkli sayıb.
Açıqlamanın məzmunu bundan ibarətdi ki, xanım Klintonla Azərbaycanın yiyəsi Əliyev arasında jurnalistlərin taleyindən söhbət getməyib. Təkcə “özünü jurnalist sayan biri haqda” danışıblar. ARDNŞ qoçularının ölümünə döydüyü Idrak Abbasovdan. Bu məsələnin isə “prezidentə dəxli olmadığına görə, mövzuya Neft Şirkətindən kimsə açıqlama gətirib”. Yəni izah eləyib ki, dünyanın hər yerində izinsiz yerlərdə ev tikənlərlə bağlı bu cür hallar baş verir. Ondan sonra isə xanım Klinton və bizim başçı qəşş eləyib gülüblər.
Qənimət bəy Novruz Məmmədovun bu açıqlamasını məşhur saytın əməliylə müqayisə edir. Mənə isə elə gəlir ki, açıqlama məqsədli xarakter daşıyır. Yəni ay jurnalistlər, baxın, heç sizin haqqınızda söhbət getməyib. Söhbət vur-tut “özünü jurnalist adlandıran biri”ndən gedib, onun başına gələnlərinsə prezidentə dəxli yoxdu. “Özünü jurnalist adlandıran bu adam” isə… RATI-nin əməkdaşı və “Ayna” qəzetinin tanınmış reportyorudu.
Məmmədov nəzərə çatdırmaq istəyir ki, yanın, tökülün, sizi heç saya salan yoxdu, xanım Klintonla Əliyevin görüşü isə bu qədər sevgili şəraitdə keçib. Bununla Məmmədov bəlkə də jurnalistlərdə və vətəndaşlarda ABŞ-a müəyyən qəzəb və nifrət oyada bilib. Ancaq onu da unutmasın ki, onun prezidentə dəxli olmayan məsələ dediyi bir jurnalistin, bir vətəndaşın ölümünə döyülüb, o dünyadan çətinliklə qayıtmasıdır. Onda haqlı sual yaranır: “Novruz bəy, bəs hansı məsələnin prezidentə dəxli var?”. Vətəndaşın təhlükəsizliyindən o yana bir şey varsa, deyin, camaat da bilsin. Müşavirələrdə bu haqda dəftərçəyə qeyd olunası heç nə deyilməyib yəni?..
Təbii ki, altı gün qabaq şəhid olan Emin Quliyevin atasının özünü Milli Məclisin qarşısında yandırmasının da prezidentə dəxli yoxdu. Bu da, yanğınsöndürənləriə aid məsələdi.