Müharibə başlaya bilərmi?

Cəsur Sümərinli: “Azərbaycan hökuməti ”Eurovision” yarışmasından sonra ona yönələn təzyiqləri neytrallaşdırmaq üçün belə bir addımı atır”

Arif Yunus: “Cəbhə xəttində baş verənlər vaxtaşırı yaşanan olaylardır və bunları müharibənin başlanğıcı kimi dəyərləndirmək yanlışdır”

Cəbhə xəttində yaşanan gərginliyə dair istər yerli, istərsə də xarici KIV-lərdə dərc olunan məqalələr müharibə ehtimalının artdığı fikrini formalaşdırmaqdadır. Məsələn, “The New York Times” qəzetinin Moskva bürosu Rusiya Müdafiə Nazirliyinin təmsilçisi, polkovnik Iqor Qorbulun “Interfaks” agentliyinə açıqlamasına istinadən yazıb ki, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasında dislokasiya olunmuş qırıcıları döyüşə hazırlanır. “Yeni Müsavat” qəzetində bu barədə gedən məlumata görə, Rusiya reaktiv qırıcıları Ermənistan səmasında təlim uçuşlarını artırıb. Ekspertlər hesab edirlər ki, bununla isə Rusiya istənilən vaxt Ermənistanla Azərbaycan arasında ərazi mübahisəsinə görə başlaya biləcək münaqişəyə müdaxilə edə biləcəyi mesajını verir.
Eyni zamanda yayılan başqa bir məlumata görə, erməni mənbələrinin yaydığı xəbərlərdə düşmənin təmas xəttində yeni təxribatlara əl atmağa hazırlaşdığı göstərilir. Xəbərlərə görə, ötən həftə təmas xəttində erməni tərəfinin itkilərindən sonra Ermənistanda, Armavir vilayətində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son günlər baş verən insidentlə bağlı fövqəladə toplantı çağırılıb. Toplantıda Qarabağ müharibəsinin veteranları, Ermənistan ordusunun korpus komandirləri və digərləri iştirak ediblər.
“Turan”ın yaydığı məlumata görə, iyunun 7-8-də Ermənistanın müdafiə naziri Seyran Ohanyan Tavuş rayonunda erməni qüvvələrinin ön mövqelərində olub. O, hərbçilərlə və yerli sakinlərlə görüş zamanı bildirib ki, Azərbaycan tərəfdən yeni atışma olarsa, erməni tərəfi sərt cavab verəcək.

Doktrina Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli hesab edir ki, hazırkı dönəmdə Azərbaycan-Ermənistan sərhəddində hərbi əməliyyatların bərpa olunması ehtimalı yoxdur. Azərbaycanın belə bir addım atmaq niyyəti olacağı təqdirdə mütləq Rusiya ilə müəyyən məsləhətləşməyə getməli olduğunu deyən C.Sumərinli vurğuladı ki, iki ölkə arasındakı əlaqələr bunu məcburi edir. Amma nə Azərbaycanın, nə də Ermənistanın Qarabağda döyüşə hazırlaşmadığını söyləyən ekspert bildirdi ki, hazırda sadəcə olaraq uzun müddət dövri xarakter daşıyan informasiyalar cəmiyyətə açıqlanır: “Hazırda mətbuatda cəbhə xəttində vəziyyətin gərgin olduğunua dair vəziyyət düşünülmüş bir siyasətdir. Müharibə ab-havasının saxlanılmasının həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uybğundur. Azərbaycan hökuməti ”Eurovision” yarışmasından sonra ona yönələn təzyiqləri neytrallaşdırmaq üçün belə bir addımı atır. Ona görə hər iki münaqişə tərəfi dünyada Qarabağda müharibə olacağı ehtimalını yaradır”.
Bu baxımdan Ermənistan mətbuatında generalların görüşməsinə, Rusiya hərbi bazasında qırıcıların döyüş hazırlığına gətirilməsinin məhz bu məqsədə xidmət etdiyini deyən C.Sümərinli vurğuladı ki, Azərbaycanın da addımları sırf görüntüyə hesablanıb.

Ekspert Arif Yunus bizimlə təxminən eyni fikri bölüşdü. O bildirdi ki, cəbhə xəttində real müharibəyə apara biləcək siyasət yürüdülmür: “Nə qədər pis səslənsə də cəbhə bölgəsində bu cür olaylar hər gün törənir. Sadəcə olaraq mətbuat bu məsələyə diqqət ayırır və əməliyyatların miqyası da bir qədər genişdir. Amma heç bir tərəf müharibəyə hazırlaşmır. Müharibə istəyən tam fərqli siyasət yürüdər”. A.Yunus hesab edir ki, hazırda cəbhə xəttində baş verənlər vaxtaşırı yaşanan olaylardır və bunları müharibənin başlanğıcı kimi dəyərləndirmək yanlışdır.
Xəyal