Şəxsi qənaətimdir, Bakıda, xüsusən rayonlarımızda bəziləri elə bilir ki, naxçıvanlılar yağ içərisində böyrək kimi yaşayır, heç bir problemləri yoxdur. Ancaq bircə dəfə Naxçıvana gedib-qayıdanın naxçıvanlılar barəsində düşündükləri 180 dərəcə dəyişir. Səbəbi nədir?
(II yazı)
Yaxınlarda Bakıdakı universitetlərin birində müəllim işləyən tanışım söhbət əsnasında belə dedi: “Bizim rayonda sənin yerlin (oxu: naxçıvanlı) icra başçısı vəzifəsinə oturan gündən camaata zülm edir”. Bəsit düşüncə sahibi olan bu müəllimlə dialoqa girmək fikrindən uzaq durdum və sadəcə, onu dedim ki, Naxçıvan Muxtar Respublikasının rayonlarında icra başçıları camaatı gözünün üstündə gəzdirir, iki-üç gündən bir hər kəsin evinə sovqat göndərir, ehtiyacı olana cibxərcliyi verilir, xəstələr pulsuz-parasız müalicə olunur, bir sözlə, cümlə vilayət əhlinin kefi 101-i vurur…
Təbii ki, bugünkü Naxçıvan 30 il əvvəlki Naxçıvan deyil, bu, reallıqdır, şəhərin siması dəyişir, asfalt yollar, tər-təmiz səkilər, bağlar, parklar, modern obyektlər könül oxşayır. Balkondan paltar asmaq yasaqlanıb, kimsə cürət edib şəhərdə avtoşluq edə bilməz, qırmızı işıqda, vəzifəsindən asılı olmayaraq, hər kəsin idarə etdiyi avtomobil dayanır, taksi sürücüləri qalstuk taxır, sükan arxasında siqaret çəkmir, bir sözlə, balkon, taksi kültürü və bu tipli sair kültürlər inkişaf edir, təkmilləşir.
Rayon mərkəzlərində yaraşıqlı, eyni tipdə və hətta, eyni rəngdə inzibati binalar tikilib, bəzi kənd mərkəzləri belə gerçəkdən sivil ölkələrin yaşayış məntəqələrini xatırladır.
Naxçıvanlılar da dəyişir. Bugünkü naxçıvanlı əsla 20-30 il əvvəlki naxçıvanlı deyil. 20-30 il əvvəl haqsızlığa göz yummayan, xırda alverlə məşğul olana pis baxan, övladlarının ali məktəbdə oxuması ilə öyünən naxçıvanlı bu gün vilayətdə tüğyan edən haqsızlığı görsə də susur, şagirdlərinin 50 faizi dərsə gəlməyən məktəblərin yanından keçəndə özünü görməməzliyə vurur, əhalinin böyük bir qisminin alverə qurşanmasını təbii sayır.
Son 20 ildə naxçıvanlılar xaraktercə dəyişikliyə məruz qalır. Tək səbəb Naxçıvanda dünyanın az-az ölkələrinə xas olan siyasi ab-havanın mövcudluğudur. Burada Azərbaycanda cərəyan edən proseslər barədə danışarkən səsin tonunu qaldırmaq təhlükəlidir. Burada hər şeyə icazə almaq mümkündür, alver də edə bilərsən, torpaq da ala bilərsən, lap belə Bakıya, Türkiyəyə gedib-gələ bilərsən, kimsə sənə bir irad tutmaz. Ancaq siyasətə baş vursan, YAP rejiminin əleyhinə çıxış etsən, işlərin fırıqdır. Illah ki, Naxçıvan Ali Məclisinin sədrinin ünvanına bir tənqidi fikir səsləndirsən, mənzilin ya həbsxana olacaq, ya da dəlixana. Bütün bunları Naxçıvana yolu düşən hər bir Azərbaycan vətəndaşı görür. Görür ki, Naxçıvanda QORXU IMPERATORLUĞU bərqərar olub.
Naxçıvandakı mövcud vəziyyəti tam açıqlığı ilə qələmə almaq müəyyən səbəblərdən mümkün deyil və onu da xüsusi xatırlatmağa dəyər ki, vilayətdəki idarəetmə metodunun müəlifinin Vasif Talıbov olduğunu düşünənlər yanılırlar. Müəllif Bakının Ağ evində məskunlaşan REJIMdir. Rejim sabah Vasif Talıbovu başqa birisi ilə əvəzləsə belə, idarəetmə dəyişməyəcək və hətta indikindən ağır durum ortaya çıxa bilər.
Bakıdakı rejimə Naxçıvanı mövcud qaydalarla idarə etmək və ən əsası naxçıvanlıları – haqqı hər şeydən uca tutan naxçıvanlıları sındırmaq sərf edir. Və açıq etiraf etmək gərəkdir ki, bu siyasət bəhrəsini verir. Çünki rejimdən narazı olanlar, demək olar, vilayəti tərk edib. Getməyə macalı olmayanlarsa, susmaq məcburiyyətindədir.
Naxçıvan köçür, xüsusən, Şərur rayonunun kəndləri sürətlə boşalır. Bu rayonunun Yengicə kəndinin sakinlərinin yarısından çoxu Türkiyəyə köçüb. Rayonun Püsyan kəndi lap bərbad vəziyyətdədir. Kəndin vəziyyəti ilə tanış olmaq üçün internetə qoyulmuş bu videoya (http://www.youtube.com/watch?v=plzBipIl3bM) baxmaq kifayət edər. Baxın görün, kəndin məktəbi, xəstəxanası, küçələri, evləri nə vəziyyətdədir. Təkcə bu kənddən 200-dən artıq ailə Bakının Ramana və Binə qəsəbələrində məskunlaşıb. Köç təkcə Bakıda yüksək vəzifəlisi olmayan Yengicə və Püsyan kəndlərini əhatə etmir. Ramiz Mehdiyevin doğulduğu Qarxun, Əli Həsənovun dünyaya göz açdığı Tənənəm, Vasif Talıbovun kəndi olan Aralıq, Bakıdakı digər vəzifəlilərin doğma kəndlərinin sakinləri də ya Türkiyə şəhərlərinə, ya da Bakıya köç etməkdədir. Və bu köçdən Bakıda oturan yüksək vəzifəli naxçıvanlıların hər birinin müfəssəl məlumatı var.
Tam məsuliyyətlə, altını cızaraq yazıram, Azərbaycanda ən acınacaqlı durum naxçıvanlılara nəsib olub. O naxçıvanlılara ki, həmyerliləri Azərbaycanda ən yüksək vəzifələri tutur. Və onlar bu köçün gerçək səbəblərini bilsələr də müdaxilə etmək iqtidarında deyillər. Nəyə görə?
Davamı olacaq.