Diktaturalar “Axilles dabanı” ilə doğulurlar

“Rəvayətə görə, qədim Çu dövlətində bir qoca meymunları əsarətdə saxlayardı. Əhali onu ”dci qonq”, yəni meymunların hökmdarı adlandırırdı.
Qoca hər səhər meymuların içərisindən təyin etdiyi başçıları toplayır, onlara dağ və meşələrdəki meyvə və qida bitkiləri toplamağı, məhsulun əsas hissəsini isə ona gətirməyi əmr edirdi. Itaət etməyənləri isə hökmdarın təyin etdiyi meymunlar ciddi cəzalandırırdı.
Bütün meymunlar zülmə dözür və buna qarşı çıxmağa cürət etmirdi.
Bir dəfə balaca bir meymun digərlərindən soruşdu: “Meyvə ağaclarını və giləmeyvə kollarını bu qocamı əkib?”. Cavab verdilər: “Yox, onlar özləri bitib”. Balaca meymun yenidən sual verdi: “Məgər biz bu meyvələri qocanın icazəsi olmadan yığa bilmərik?”. Cavab verdilər: “Yığa bilərik”. Balaca meymun yenə dilini dinc qoymadı: “Axı nəyə görə biz hamımız qocanın bu sarsaq əmrlərini yerinə yetirməliyik?”.
Elə həmin günün gecəsi qoca hökmdarı yuxuya verən bütün meymunlar onun ərzaq anbarındakı qidaları götürərək meşəyə çəkilirlər və bir daha qocanın yanına qayıtmırlar. Qoca isə bir neçə gündən sonra acından ölür”.
Bu, XIV əsr çin nağılbazı Lu Cinin məşhur pritçasıdır, zənnimcə, despotik quruluşların mahiyyətini bundan gözəl və sadə izah etmək mümkün deyil.
Yadıma beş-altı il öncə olmuş bir əhvalat düşdü. Dostlarım məni voleybol oynamağa dəvət etmişdilər. Məkan mənim üçün çox doğmaydı, oxuduğum və voleybol üzrə yığmasının üzvü olduğum ali məktəbin zalı idi. Oynamağa gələnlərin əksəriyyəti də tanış simalar, hələ də formada olan dostlar idi. Tanış olmayan simalar da vardı, sonradan məlum oldu ki, onlar zalda oynamağımıza “icazə” alan bəzi YAP funksionerləridir, qarışıb bir yerdə oynayacağıq. Bizim bəxtimizə voleybol üçün arzuolunmaz boylu, iki ötkəm funksioner çıxdı. Onların naşı olduğu ilk dəqiqələrdə məlum oldu və biz qalib gəlmək üçün oyunu onları sığorta üzərində qurmaq istədik. Lakin onlar bunu təhqir kimi (!) qəbul etdilər və bizə dedilər ki, bizim istiqamətdə vurulan topları özümüz qəbul edəcəyik və hücum “haqqımızı” sizə verməyəcəyik. Rəqib üçün bundan böyük hədiyyə ola bilməzdi, bütün toplar bu iki nəfər istiqamətində “gedir” və voleybol üçün fəlakət sayıla biləcək boyla hücum isə gülüş doğururdu. Biz rəqiblərə bu cür hərəkətə yol verməməyi xahiş etdikdə, səhv etmirəmsə, Ilqar adlı YAP funkisioneri oyunu saxladı və amiranə şəkildə, bizə zalı tərk etməyi, “bir də burada görünməməyi” məsləhət bildi. Qanqaraçılıq olmasın deyə, özümə doğma sandığım, beş il mənə sevinc bəxş edən bu zalı tərk etmək zorunda qaldım.
…Mifik, simvolik çin rəvayətində əzilənlər, özünə çox arxayın olan diktatora qalib gəldilər. Əsrlərdir oxşar rejimlər eyni aqibəti yaşayırlar.
Mənim əhvalatım konkret rəvayətdəki kimi bitməsə də, onu məlum prosesə gedən yolda kiçik etüd kimi dəyərləndirmək olar. Voleybol yaranmamışdan çox-çox əvvəl, XVI əsrdə yaşamış italyan filosofu və dövlət xadimi Makiavelli məşhur “Hökmdar” əsərində yazırdı: “Cəmiyyəti despotik üsullarla idarə edənlər özünü heç vaxt təhlükəsiz hiss edə bilməz, repressiv addımların çoxalması onların zəifləməsi ilə müşayiət olunur”
Yəni “totalitar rejimlər üçün ”Axilles dabanı” alın yazısıdır. Bu dabana həlledici və gözlənilməz zərbə həmişə xalqdan gəlir. On illərlə repressiyaya dözərək rejimin tam arxayın olduğu bir vaxtda o, bunu reallaşdırır”.
Bu fikirlər isə, totalitar rejimlər üzrə “mütəxəssis”, XIX əsr ingilis nəzəriyyəçisi Con Ostinə məxsusdur.
…Bioloji sonluq canlılara məxsus olduğu qədər, siyasi quruluşlara da aiddir. Hər iki halda qocalıq əsas amil kimi götürülür. Insandan fərqli olaraq, siyasi sistemdə qocalıq tamam başqa meyarlarla ölçülür. Voleybolda olduğu kimi…