Emin Hüseynov: “Mehmanın həbsi hakimiyyətin ən yuxarı eşelonundan verilən sifarişin nəticəsidir”
Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun (RATI) foto-reportyoru, gənc blogger Mehman Hüseynov həbs olunub. Səbayel Rayon Polis Idarəsində dünən şübhəli şəxs qismində saxlanma qərarı çıxarılıb.
Mehman Hüseynovun barəsində Cinayət Məcəlləsinin 221.2.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıq) maddəsilə cinayət işi başlanıb. O, mitinqlərin birində fotoçəkiliş apararkən polisi söyməkdə günahlandırılır.
RATI rəhbəri, eyni zamanda, Mehmanın qardaşı olan Emin Hüseynov isə bu həbsin hakimiyyətin ən yuxarı dairələrindən gələn sifarişlə həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, 23 yaşlı gəncin həbsinin kökündə hakimiyyətin qisasçılıq hissi durur. Mehman Hüseynov RATI-nin foto-reportyoru olmaqla yanaşı, həm də “Eurovision” ərəfəsində ölkədə insan hüquqlarının durumunu beynəlxalq aləmə çatdıran “Sing for Democracy!” (“Demokratiya naminə oxu!”) kampaniyasının media koordinatoru idi. Bundan başqa, o, “Facebook” sosial şəbəkəsində hökumət əleyhinə tənqidi statusların müəllifi idi.
“Mehman Gürcüstanda idi və bilirdi ki, onu polisə çağırıblar. Qayıdan kimi də ifadə vermək üçün idarəyə getdi. Əgər cinayət törətsəydi, günahı olsaydı, heç qayıtmazdı. Deməli, bu adam heç bir qanunsuz iş görməyib ki, arxayınçılıqla ifadə vermək üçün idarəyə gedib. Qətiyyən şübhə yoxdur ki, bu həbs hakimiyyətin ən yuxarı eşelonundan verilən sifarişin nəticəsidir. Düşünürəm ki, bu, Mehmanın özünün fəaliyyətilə yanaşı, həm də məndən qisas almaq məqsədi daşıyır”, – deyə Emin Hüseynov bildirib.
Aytən