Başabəla, başı bəlalı AzTV (II yazı)

AzTV texniki təchizat, əmlak, mülkiyyət  imkanlarına görə ikinci dövlət kanalı “Ictimai”dən və bütün özəl kanallardan qat-qat üstündür. Geniş ərazisi, çoxsaylı əsas, yardımçı binaları, studiyaları var. 2006-cı ildən bu yana telekanalda çox şey dəyişib. Bilməyənlərə xatırladaq ki, həmin il AzTV-də sədr dəyişikliyi baş verib. Kollektivdə nüfuzunu, hörmətini itirən keçmiş sədr, filoloq Nizami Xudiyevin köməkçisi və sürücüsü ilə əlbir olub, filoloq-alim sədrlə bağlı üstüörtülü məqamları, maraqlı faktları yuxarılara ötürən mühasib Arif Alışanov vəzifə başına keçib. O gündən bu günə şirkətdə təmir-tikinti işləri sona çatmır ki, çatmır. Televiziyada irili-xırdalı yeddi studiya, bir neçə çəkiliş pavilyonu var. Hər biri son beş ildə dəfələrlə təmir olunub, yenidən qurulub, kosmetik əl gəzdirilib. “Teleteatr”, “Xəzər”, “Qarabağ” daha böyük studiyalardı, onların təmirə dayanmasına saysız səbəblər, bəhanələr var. Təbii, təmir haqqı çəkidə yüngül, “vəzndə ağır” smetalarla ödənir. Bura ikili mühasibatlığı da əlavə etsək, AzTV-nin 30 milyonluq büdcəsinin canını təmirin aldığına şübhə qalmaz.

Ötən günləri qaytaraydılar…

Illərini AzTV-yə verən, problem içində yaşasalar da, hələ də burdan ayrılmağa ürək etməyən işçilər keçmiş günlərini həsrətlə xatırlayırlar. Bayramlarda işçilərə hədiyyələr paylanardı, 13-cü əməkhaqqı olardı, güzəştli putyovkalar verilərdi, Nabrandakı istirahət mərkəzində həmkarların hesabına dincəlmək imkanları vardı, ezamiyyə xərcləri ödənərdi, mükafatlar verilərdi, təltiflər olardı, şirkət əməkdaşlarının ev almaq şansı vardı, maddi problemləri olanlara rüblük yardım göstərilərdi. Hətta ucuz qiymətə kənd təsərrüfatı məhsullarının satışı təşkil edildiyi, Qurban bayramında qurban payı paylandığı deyilir. Bu siyahını xeyli artırmaq olar. Amma tək onu yazmaq yetərlidir ki, Arif Alışanov sədr gələndən bu imkanların hamısı əldən çıxıb. Televiziya işçilərinə qayğı, hörmət qadağan edilib. AzTV-çilər hələ də Nabrandakı istirahət məkanının taleyindən xəbərsizdilər. Kurort zonasındakı hektarlarla sahə, taxta evlər, əyləncə yerləri necə oldu, kimin mülkiyyətinə keçdi – bilən yoxdur. Daha az büdcəsi olan zamanlarda əməkdaşlara müxtəlif yardımlar ayıran şirkət dövlətin pullarını sağa-sola səpir, işçilərə nə maaş, nə düz-əməlli qonorar, nə də hansısa formada yardım verir. Çünki fondlara, yuxarılara, televiziyanın xərclərinə gedən pulu çıxandan sonra yerdə qalan vəsaiti özününküləşdirməyin ən asan yolu tikinti, ondan da asanı təmirdir.

Yemək də qadağan olunacaq?

Ömründə bircə yol dövlət televiziyasına yolu düşənlər buranın kiçik televiziya şəhərciyi olduğunu yaxşı bilirlər. Gərəkən tikililər, istirahət məkanları, infrastruktur: kölgəliklər, hovuzlar, oturacaq skamyaları, qazonlar, su kranları. Tibb, rabitə xidmətləri, dəlləkxana, taxta emalatxanası, ayaqqabı təmiri, dərzi. Ictimai-iaşə kompleksi. Bir zamanlar burda, hətta güzəştli qiymətlərlə ərzaq mağazası olduğunu xatırlayanlar var. Amma son illər bu şəhərciyin başına min oyun açılır. Yaxşı nə varsa, məhv edilir. Şirkətin giriş qapısının yaxınlığında böyük bir yay çayxanası varmış. Həm işçilərə, həm qonaqlara xidmət edən yaraşıqlı istirahət yeri olub. Sədr bura ayrıca diqqət yetirib. 2006-cı ildən bəri çayxana iki dəfə təzələnib. Sökülüb, yenidən tikilib. Çardaqlar, kölgəliklər, yerə döşənən çanaqlar neçə yol dəyişdirilib. Çayxana yaraşığa minəndən sonra isə yerlə yeksan edilib. Deyəsən, paytaxtın mərkəzində aparılan söküntü işlərinin bir ucu da AzTV-yə gedib çıxır. Burda da sökhasökdür. 70-ci illərdən bəri qapıdan içəri girən hər kəsə, fərqi yoxdur işçi olsun, ya qonaq, güzəştli xidmət edən ictimai-iaşə obyekti – 300 kvadrat metrlik ikimərtəbəli yeməkxana də son daşınacan sökülüb. Sökülməzdən qabaq bütün xidmət növləri bahalaşdırılıb, bununla da müştərilərin ayağı yeməkxanadan kəsilib. Ondan sonra yeməkxananı sökmək bir elə çətin olmayıb. Yeməkxananın düz yanında zövqlü bar da varmış. Gənclərin çox sevdiyi məkanmış. Qabaqlar barda verilişlər də çəkiblər, partilər təşkil ediblər. Daha bar da yoxdur. Söküblər. Yeməkxana, çayxana və barın yerində Arif Alışanov guya studiya tikdirir. Sayca səkkizinci studiya olacaq. Görəsən, Azərbaycan teleməkanında adla tanınacaq bircə dənə səviyyəli verilişi olmayan, reytinqdə əksər televiziyalara uduzan AzTV səkkizinci studiyanı neynir? Deyilənə görə, illərlə Heydər Əliyevin büstünü anbarda saxlatdırıb açılışa Ilham Əliyevin gələcəyini gözləyən, sonda əlacsız qalıb açılışı I.Əliyevsiz edən A.Alışanov studiya başa gələndən sonra modernləşmə adıyla prezidenti şirkətə gətirtmək fikrindədir. Amma dünyanın işlərindən baş açmaq olmur. Mıxı mismar edən dünyadır.

AzTV keçmişinə güllə atır

Ölkənin ilk televiziyasının Məşədi Ibad yaşlı sədri qarşısına telekanalı gəncləşdirmək məqsədi qoyub. Istedadı, bacarığı olmayanlara vəzifə tapşırır, onların da əlindən iş gəlmir. Bu öz yerində. Üstəlik telekanalın tarixini, keçmişini əks etdirən məkanlar da sıradan çıxarılır. AzTV-dən aldığımız məlumata görə, televiziyanın, radionun arxivi dəyişdirilir, arxiv materialları müəyyən maraqlar, o sıradan etnik baxımdan yenilənir. Üstəlik, şirkətin tarixini əks etdirən, təxminən 30 il fəaliyyət göstərən muzey də ləğv edilib. Çoxsaylı eksponatların toplandığı kiçik muzey otağı da sədrin səkkizinci studiya sevgisinin qurbanı olub. Zamana uyğun mövqe sərgiləmək, dövlətin yox, iqtidarların siyasətini dəstəkləmək AzTV-nin çoxdankı xəstəliyidir. Amma tarix tarixliyində qalır. Onu dəyişmək nədir, qorumaq gərəkdir. Əlli altı illik tarix üçün kiçik bir otağı qıymayanlar tarixdə adlarının anılacağına gərək heç ümid etməsinlər.

Azad Akifoğlu