Azərbaycandakı monarxiya rejimi Ukrayna mediasında

Xədicə Ismayıl «The Ukrainian Week» dərgisinə müsahibəsində ölkəmizdə baş verənlərdən danışıb

“Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşı, tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayıl ingilis dilli “The Ukrainian Week” dərgisinə müsahibə verib. Müsahibədə Azərbaycanda ictimai-siyasi durum, “Eurovision” musiqi yarışması fonunda ölkəmizin dünyadakı imici, hakimiyyətin repressiv addımlarından bəhs olunub. Xədicə Ismayıl Azərbaycanda polis hakimiyyətinin mövcud olduğunu, ölkədə söz azadlığı və insan haqlarının sərt şəkildə  məhdudlaşdırıldığını bildirib.
“Eurovision” musiqi yarışmasına toxunan Xədicə Ismayıl deyib ki, Azərbaycan hakimiyyəti ötən il qazanılan qələbədən PR kampaniya kimi istifadə edərək Azərbaycanı müasir Avropa ölkəsi kimi təqdim etməyə çalışsa da, reallıq bunun tam əksini göstərir. O, qeyd edib ki, ölkəmizdə orta əsr Şərq monarxiya əlamətləri var: “Bizdə şah Əliyev və onun ailəsi var. Hakimiyyət ailə üzvlərinin birindən digərinə ötürülüb”.
Hakim ailənin korrupsiya əməllərinə toxunan Xədicə Ismayıl deyib ki, “Eurovision” musiqi yarışmasının keçirilməsi üçün tikilən konsert zalı da Əliyev ailəsinə məxsus şirkət inşa edib. Jurnalistin sözlərinə görə, Əliyevlər musiqi yarışmasından istifadə edərək külli miqdarda çirkli pulların yuyulmasını həyata keçirib.
Xədicə Ismayıl Azərbaycanda tənqidi-araşdırmaçı jurnalistikanın təhlükəli peşə olduğunu da xatırladıb. O, hakim ailənin korrupsiya əməllərini araşdıran jurnalistlərin ciddi təzyiq və təhdidlərə məruz qaldığını deyib. Jurnalist bir müddət əvvəl üzləşdiyi çirkin kampaniyadan da bəhs edib.

Informasiya şöbəsi