ABŞ bizə lazımdırmı?

Novruz Məmmədovun şantajına cavab verilməsə, deməli, Klinton daha qaranlıq müzakirələr aparıb və açılmasından ehtiyatlanır

ABŞ dövlət katibi Hillari Klintonun səfərilə bağlı ikinci skandal dalğası başladı. Birincidə sosial şəbəkələrdə ən çox “niyə müxalifətlə görüşmədi?” sualı ətrafında polemikalar gedirdisə, bu dəfə məsələ hədsiz dərəcədə qəlizləşib. Söhbət, Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun “Hillari Klinton və Ilham Əliyevin Idrak Abbasovun döyülməsi məsələsinə gülüşdükləri” haqda dediklərindən gedir. Hərçənd, Vaşinqtonun Azərbaycan siyasətinin dalana dirəndiyi qaçılmazdır. Amma hər iki ölkənin bir-biri üçün qarşılıqlı əhəmiyyət dərəcəsi olduğu da kimsəyə sirr deyil.

Azərbaycan ABŞ üçün…

Əvvəlcə o suala cavab verək ki, Azərbaycan ABŞ üçün kimdir? Bəziləri belə hesab edirlər ki, Azərbaycan enerji resursları işlənib bitməkdə olan, daha doğrusu, azalmağa doğru gedən bir ölkədir. Üstəlik, ABŞ Iranda ciddi bir uğur əldə etsə, Azərbaycanın Xəzər hövzəsindəki əhəmiyyəti də azalır. Buna görə də Iran məsələsi həll olunmasa, buradakı geosiyasi qeyri-müəyyənlik davam edə bilər. Hərçənd, bu əhəmiyyətin artması üçün NABUCCO layihəsinin xeyli təsiri ola biləcəyi barədə analizlər də var. Fəqət, rəsmi Bakı və Moskva bu projenin həyata keçməsinə ölüm-dirim məsələsi kimi baxır və mane olurlar.

ABŞ Azərbaycan üçün…

Bəs ABŞ Azərbaycan üçün kimdir? SSRI-nin tərkibindən çıxmış və 1993-cü ildə Kremldən növbəti öldürücü zərbəni yemiş, hələ də özünə gələ bilməyən Azərbaycan üçün ABŞ uzaqdakı dor ağacıdır. Vaşinqtonun siyasətindəki əyriliklərə görə bu fikri tənqid etmək də olar. Amma unutmaq olmaz ki, biz seçim qarşısında iki pisdən daha az pisini seçmək durumunda qalsaq, ABŞ-ı seçməliyik. ABŞ-Rusiya seçimində bir saniyə də olsun, tərəddüd edənlər sadəcə, bu dövlətin müstəqilliyinin üstündən xətt çəkib-çəkməmək tərəddüdünə girirlər.
Niyə bu qədər maksimalist yanaşdığımızın da bir izahı var, təbii ki. ABŞ ən pis halda, pis partnyordur, Rusiya isə ən yaxşı halda, yaxşı işğalçı. Azərbaycan tarixinin ən yaxşı rəhbərlərindən olmuş Şirvanşah birinci Ibrahimin təbirincə desək, ancaq axmaq rəhbərlər üçün birinci seçim savaşdır.
ABŞ tənqid olunmalıdırmı? Əlbəttə, olunmalıdır. Məsələn,  Hillari Klintonun müxalifətlə görüşməməsini təbliğata çevirən hakimiyyət “Eurovision”un final günü polisə çağırdığı, evinə basqın etdiyi AXCP sədri Əli Kərimlini və onun rəhbərlik etdiyi təşkilatın gənc üzvlərini niyə təqib edir, görəsən? Daha nə baş verməli idi ki, ABŞ dövlət katibi təsirlənsin? Ingilislərin yaxşı bir sözü var; ABŞ doğru variantı tapır, amma bütün səhv variantları yoxlayandan sonra. Biz heç kimə özünü “süddən çıxmış ağ qaşıq” kimi aparmağa imkan verməməliyik. Bunun üçün də başlıca şərt bu adamları, qurumları və dövlətləri öz mübarizəmizdəki nəzəri funksiyalarından istefaya göndərməliyik. Bizim savaşımızın taleyi bizim savaşqanlığımızdan asılıdır. Dünyada tanınmayan qələbə çoxdur. Amma bir dənə də yaşayan və yaşadan məğlubiyyət görə bilməzsiniz. Biz dünyanı öz mübarizəmizin reallıqları ilə barışdıra bilmədikcə, onları sadəcə, qınamaq gücünə malik oluruq. Məncə, bu vəziyyət dəyişməlidir. Onlar bizimlə hesablaşmalıdırlar. Bunun tək yolu isə bu ölkənin insanı ilə əl-ələ verib, böyük sosial hərəkata nail olmaqdır.

Bu, şantajdırmı?

Gələk günün məsələsinə, yəni, Hillari Klintonun jurnalist  Idrak Abbasovun ölümcül döyülməsilə bağlı məsələni müzakirə edərkən özünü gülməkdən saxlaya bilməməsinə… Burada iki yanaşma ola bilər. Hər ikisi də xanım Klinton üçün çox sarsıdıcı bir olaydır. Söhbət təkcə jurnalistin döyülməsindən getmir. Bir insana qarşı zorakı rəftar siyasətçinin gülüşünə necə səbəb ola bilər axı? Həm də özünü insan haqlarının qoruyucusu adlandıran bir dövlətin birinci şəxsi olmağa iddia edən siyasətçidən gedir. Bu, ABŞ siyasəti üçün də çox ciddi siqnal sayılmalıdır. Təbii, belə bir olay baş veribsə…
Belə bir olayın baş verib-verməməsindən asılı olmayaraq, Novruz Məmmədov Hillari Klintonu şantaj edib. O, işarə vurub ki, danışmalı başqa məsələlər də var və göründüyü kimi, bizdən də “sızmalar” ola bilər. Ona görə də ABŞ bu məsələyə aydınlıq gətirməlidir. Əks halda, dünyanın “qara siyahı”sında olan bir rejim tərəfindən şantaja boyun əymək, biabırçılıq ola bilər.
Bu açıqlamaya aydınlıq gətirilənə qədər isə suallar açıq qalır və cavablar sərbəstdir.

Seymur Həzi