Bu il mayın 22-də İrandan Suriyaya qayıdarkən bu ölkənin Hələb şəhərində saxlanılan zəvvarlar, sən demə “Hizbullah” təşkilatının rəhbərliyinə daxil olan şəxslər imiş. Lent.az-ın məlumatına görə, bu barədə “MIGnews” ərəb qəzetlərinə istinadən xəbər verib.
Məlumata görə, xəbəri “Hizbullah” lideri şeyx Həsən Nəsrullah da təsdiqləyib. Nəsrullah hətta saxlanılanların buraxılması üçün ilkin olaraq 12 milyon dollar da təklif edib. Bir qədər sonra isə məbləğ 20, daha sonra isə 50 milyon dollara qədər qaldırılıb.
Suriyada müxalif üsyançıların əlində olan əsirlər arasında Nəsrullahın bacısı oğlu, təşkilatın kəşfiyyat və informasiya təhlükəsizliyinə cavabdeh olan Əli Səfa da var. Ondan başqa Nəsrullahın sağ əli sayılan Hüseyn Həmuda və müavini Əli əz-Züqeyn də girovlar arasındadır.


