İyunun 11-də Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyinin siyasi işlər üzrə müşaviri Cef Kurgen Helsinki Vətəndaş Assambleyasının (HVA) Azərbaycan nümayəndəliyinin ofisində bir qrup vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb. Gozetci.az saytının məlumatına görə, təxminən iki saata yaxın çəkən görüşdə Helsinki Vətəndaş Assambleyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Arzu Abdullayeva, yazıçı-publisist, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzir, İnsan Haqları Komissiyasının sədri Bayram Sadıqov, Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru Samir Kazımlı və HVA-nın Azərbaycan Qarabağ komitəsinin üzvü Elşən Muradov iştirak ediblər. Məlumata görə, görüş zamanı son günlər müxalifətçi fəallara qarşı edilən təzyiqlər, İctimai Palatanın fəaliyyəti, “Avroviziya”dan sonrakı dövrdə ölkədə repressiyaların olub-olmayacağı, ölkədə mülkiyyət hüquqlarının vəziyyəti, orduda baş verən hadisələr, məcburi köçkünlərin üzləşdiyi problemlər və bu kimi digər məsələlər haqda müzakirələr aparılıb. Həmçinin görüşdə siyasi və vicdan məhbuslarının məsələsinə də toxunulub. Müzakirə zamanı siyasi və vicdan məhbusların ölkə başçısına müraciət etdikdən sonra azadlığa buraxılması məsələsi haqda da fikir mübadiləsi aparılıb. Bundan əlavə vətəndaş cəmiyyətinin nümayəndələrinə qarşı təzyiqlərdən də söz açılıb. Cef Kurgen qeyd olunan bu məsələlərin onların diqqətində olduğunu bildirib.
Görüşdə Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ANS-ə verdiyi müsahibəsində ABŞ-ın dövlət katibi Hillari Klintonun Bakıda səfərdə olarkən prezident İlham Əliyevlə görüşündə jurnalistlər Xədicə İsmayılovanın və İdrak Abbasovun barəsində aparılan söhbətlə bağlı dedikləri də müzakirə edilib.
Qeyd edək ki, N.Məmmədov müsahibəsində bildirmişdi ki, İ.Əliyevlə görüş zamanı H.Klinton X.İsmayılovun işi ilə bağlı Azərbaycan hökumətinin mövqeyindən razı qaldığını bildirib. N.Məmmədov onu da əlavə etmişdi ki, dövlət katibi ilə prezident arasında İ.Abbasovla bağlı gülüş yaranan epizot kimi söhbət edilib.
Vətəndaş cəmiyyətinin üzvləri Cef Kurgenə diqqətinə çatdiriblar ki, onlar xanım Klintonun prezidentlə görüş zamanı jurnalistlərin məsələsini ciddi şəkildə toxunduğuna inandıqlarını deyiblər. Cef Kurgen isə bu məsələdən xəbərdar olduqlarını, bunun araşdırıldığını və diqqətlərində olduğunu deyib.
Ölkədəki vəziyyət ABŞ səfirliyinin müşaviri ilə müzakirə olundu
•