Neftçala polisi Dəyanət Babyevin anasını sorğu-suala tutub
Hakimiyyətin AXCP üzvlərinə qarşı repressiyası yenidən vüsət alıb. Bir neçə gündür AXCP fəalları və onların ailə üzvləri polis idarələrinə çağırılaraq onlara hədə qorxu gəlir, miqintlərə qatılmamaq barədə xəbərdarlıq edirlər. Hüquq-mühafizə orqanları bunlara məhəl qoymayan AXCP üzvlərinə qarşı yeni təzyiq metoduna əl atır. Onların valideynləri və ailə üzvləri polis idarələrinə çağrılır.
İyunun 11-də də AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayevin anası Zülifyyə Babayeva Neftçala rayon polis bölməsinə çağırılıb. AXCP fəalının “Azadlıq”a verdiyi məlumata görə, rayondakı evlərinə iki polis əməkdaşı gələrək anasının bölməyə gəlməli olduğunu və sahə müvəkkilinin onunla danışmaq istədiyini bildiriblər. Səbəb kimi isə oğlunun AXCP fəalı olması və hakimiyyət əleyhinə keçirilən etiraz aksiyalarına qatılması göstərilib.
“Anam polis bölməsinə gedəndə sahə müvəkkili ona deyib ki, Dəyanət müxalifətin mitinqlərinə qatılır. Oğlunuza deyin sakit dursun. Onun başına ağıl qoyun, yoxsa axırı çox pis olacaq. Anam mənim yetkinlik yaşımda olduğumu deyərək, mənə təsir edə bilmədiyini deyib. Sahə müvakkili isə deyib ki, əgər belədirsə Dəyanət ölkəni tərk etsin. Anama deyiblər ki, Dəyanətin özünə bir şey eləməsək də, bütün qohumlarını tanıyırıq, onları həbs edəcəyik. Sahə müvəkkili anama deyib ki, Dəyanət rayonumuz üçün ləkədir. Hər dəfə ona görə rayonumuza söz gəlir. Daxili İşlər Nazirliyindən zəng vurub, danlıyırlar”, – deyə AXCP fəalı bildirib.
Dəyanət Babayev buna bənzər hədələrin öncələr də baş verdiyini deyib. Onun sözlərinə görə, bir neçə gün əvvəl rayon rəhbərliyi adından AXCP fəalına rayona gəlməmək barədə xəbərdarlıq ünvanlıyıblar. Xəbərdarlıqda deyiblər ki, rayona gəlsə həbs olunacaq.
İnformasiya şöbəsi


