Yəqin, hələ uzun müddət bu il iyunun 7-dən 8-nə keçən gecə yaddaşlardan çıxmayacaq, təbəssümlə xatırlanacaq. Bilənlər bilir, bilməyənlərə də xatırladım: həmin gecə bir neçə təxribatçının sosial şəbəkələrdə müharibə başlaması barədə yalançı xəbərlərilə ortalıq toz-duman oldu.
Həmin səhnəni ifadə etməkdə qələm acizdir, bunu hər kəsin öz gözləri ilə görməsi lazım idi. Uydurma xəbərlərdən vətənpərvərlik damarı dombalanlar bir anın içərisində profillərini əli avtomatlı əsgərlik şəkilləri ilə bəzəməyə, elə gecə ilə könüllü savaşa getməyə hazırlaşdıqlarını bəyan, başqalarını da özlərinə qoşulmağa dəvət etməyə girişdilər.
Eyni vaxtda təxribatçıların cəbhənin ayrı-ayrı istiqamətlərində ermənilərin müdafiə xəttinin necə yarıldığı, işğalçı ölkənin içərilərinə doğru hansı sürətlə irəliləməyimiz barədə məlumatları da bir-birini əvəz edirdi. Az-çox ağlı, məntiqi başında olan, insanları təxribatlara uymamağa, belə səfehliyə baş qoşmamağa çağıran adamlar isə topa tutulurdu, onlar vətəni sevməməkdə, Qarabağ dərdinə laqeydlikdə, qorxaqlıqda, xəyanətdə suçlanırdı.
Əlbəttə, mənə sosial şəbəkələrdəki bu təxribatın məqsədi aydın deyil, səbəb çox ola bilər, istisna etmirəm ki, bəlkə də bu, bir nəbz yoxlaması idi, kimlərsə Azərbaycan toplumunun müharibəyə münasibətini, xalqın vətənpərvərliyinin dozasını öyrənmək istəyirdilər. Amma hər bir halda, yaranan situasiya biabırçılıq idi. Bəli, vətənpərvər olmaq lazımdı, amma az-çox savad, bilgi sahibi olmaq ondan da çox lazımdı. Insan nə qədər kütbeyin olmalıdır ki, hansısa üç-beş adamın sosial şəbəkələrdəki uydurma xəbərlərindən eyforiyaya düşsün, havaya qapılsın, doğrudan da müharibənin başladığına inana bilsin. Bu işlər bu qədər asandırmı, uşaq oyuncağıdırmı? Insan heç oturub düşünməzmi: taleyi haqqında həmişə başında başqalarının oturduğu masalarda qərar verilən iki cırtdan ölkənin nə həddinədir özbaşına müharibəyə başlamaq? Belələri ən azı, bir neçə ay əvvəl Rusiyanın xarici işlər naziri Lavrovun Qarabağ məsələsinin müharibə yolu ilə həll olunmayacağı, elə bir neçə gün əvvəl isə ABŞ-ın dövlət katibi Hillari Klintonun müharibənin hər bir halda istisna təşkil etdiyi barədə açıqlamalarını xatırlaya bilməzdilərmi?
Amma hardan xatırlasınlar? Qəzetmi oxuyurlar, ölkələrində və dünyada olub-bitənlərdən xəbərlərimi var? Onların çoxu ictimailəşməmiş, siyasiləşməmiş, sosiallaşmamış adamlardır, gündəlik məşğuliyyətləri məişətdən kənara çıxmır. Mən əminəm ki, iyunun 7-dən 8-nə keçən o məşum gecədə uydurma xəbərlərdən başı havalanıb virtual aləmdə silaha sarılanların, savaş şərqiləri oxuyanların kimliyini araşdırsaq, məlum olacaqdı ki, onların əksəriyyəti özlərini küçədə, evdə, işdə Polad Ələmdar, Memati, Çakır kimi aparanlar, savadları, dünyagörüşləri dolmanın, “Sarı gəlin”in bizim olması barədə tamada təfəkkürlü, qıcqırmış çıxışlardan o yana keçməyənlərdir.
Qoy hakimiyyətdəkilər də həmin gecə yaşananlara baxıb utansınlar. Ölkəni savadsızlığa, cəhalətə təslim etmələrinin, ölkə insanına ictimailəşməyi, siyasiləşməyi yasaqlamalarının hansı rüsvayçılığa gətirib çıxardığını görüb xəcalət çəksinlər. Təhsilin, biliyin arxa plana keçirildiyi, kitabın xor görüldüyü, qəzetin düşmən elan edildiyi, məmləkət məsələləri ilə maraqlanmağın məhrumiyyətlər vəd etdiyi bir ölkədə toplumun belə gülməli vəziyyətə düşməsi qaçılmazdır.
Məni isə başqa şey yandırır: illərdir bu ölkənin üç-beş vicdanlı, intellektli, normal ağıla, məntiqə sahib adamının ən acı həqiqətləri yazmaqdan əlləri, ən çarpıcı doğruları söyləməkdən dilləri qabar olub – kimsə inanmır. Indiyədək heç bir həqiqət bunun mində biri qədər eyforiya yaratmayıb, toplumu hərəkətləndirməyib.
Amma bir yalan, həm də nadanca, düşükcə bir yalan nə qədər insanı öz arxasınca apara bildi. Nə qədər insanı havalandırdı…
19 ildir yalanla yaşayan bir toplumdan bundan artığını gözləməyə dəyməzdi.

Yalanla yaşamaq
•
•