“Suriyalılar öz aralarında razılığa gəlsə, rəsmi Moskva Bəşər Əsədin istefasını dəstəkləyəcək”. Belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. Lavrov deyib ki, kənardan dialoq üçün hər hansı şərtlər irəli sürmək yolverilməzdir və bu, problemin həllinə gətirməyəcək.
Nazir həmçinin Kofi Annanın sülh planına münasibət bildirib. O, deyilənlərə baxmayaraq, bu planın heç də yararsız olmadığını diqqətə çatdırıb. Lavrov xarici qüvvələrin Suriya müxalifətini hərbi əməliyyatlara təhrik etdiyini vurğulayıb.
***
Rusiya BMT-nin Təhlükəsizlik Şurasının Suriyaya qarşı hərbi müdaxiləyə icazə verən istənilən qəranına veto qoyacaq. Bunu Moskvada Suriya məsələsinə dair mətbuat konfransında Rusiyanın xarici işlər naziri Serqey Lavrov bəyan edib.
“Suriya hazırda vətəndaş müharibəsinin astanasındadır. Ancaq Rusiya olaraq, BMT-nin Təhlükəsizlik Şurasından Suriyaya hərbi müdaxiləyə yol verəcək qərarlara icazə verməyəcəyik və onlara veto qoyacağıq. Çünki bu qərar bütün Yaxın Şərqdə ölümcül nəticələrə səbəb ola bilər. Suriyada hakimiyyət dəyişikliyi üçün hərəkətə keçən dünya ictimaiyyəti eyni zamanda müxalifəti və silahlı qruplaşmaları dəstəkləyir. Xarici qüvvələr Liviyadakı ssenarini Suriyayda təkrarlamaq istəyir. Amma nəticə həmişə eynidir – insanlar ölməyə davam edir. Suriya məsələsindəki mövqeyimiz dəyişməyəcək”, – deyə Rusiya xarici işlər naziri deyib (ans press).