Bu ölkədə baş verən çox şeyin adı zülmdür. Yaşadığımız həyat şərtlərindəki fərqlərdən tutmuş, ali haqlarımıza qədər… Fəhləmizin qazandığı əməkhaqqıdan tutmuş alimimizin maaşına, gəncimizin işsizliyindən tutmuş, qocamızın cibinə çatmamış bitən təqaüdünə qədər hər şey…
Ölkənin yeraltı, yerüstü sərvətlərinə sahiblənib milyonları çörək ehtiyacı ilə sınağa çəkmək zülmdür. Altındakı qızılı çıxarılıb daşınan torpaqların üstündəki insanları ibtidai icma dövründəki yaşam şərtləri ilə baş-başa buraxmaq zülmdür. Qanunu çeynəyib, insanları ədalətsiz ittihamlarla həbsxanaya salmaq, onların ailələrini gözü yolda, uşaqlarını ehtiyac içində saxlamaq zülmdür. Hələ bunlar azmış kimi, zülmə boyun əyməyən, köləlik şərtlərinə razı olmayanlar üçün amansız qisasçılıq da var. Bu qisasçılıq onların yaxınlarını işsizliklə imtahana çəkmək, doğmalarına hədə-qorxu gəlmək və ya şantajla bitməz. Elə qisasçılıq ki, yaşadığın şəhərdə, məhəllədə, hətta həbsxanada belə, sənin ibadət haqqına yasaq qoyula bilər. Elə qisasçılıq ki, Allahla arana girməyə qalxıb dua etmək haqqına belə, əngəl yaradılar.
Bütün bunlar bu gün vətəndaşı olduğumuz ölkədə baş verir. Bütün bunlar bu ölkəni canından artıq sevən, bu torpaqlar üçün savaşıb döyüşlərdə qanını tökən vətənpərvər insanların başına gətirilir. Keçən ilin hay-küylü 2 aprel aksiyası zamanı həbs olunan həmin şəxslərdən ikisinin – Babək Həsənov və Məhəmməd Məcidlinin məhkəmə proseslərini xatırlayırsınız. Mənsub olduqları xalqın yüksək mənəvi dəyərlərini bir əxlaq prinsipi kimi qəbul edən bu iki şəxsin unudulmaz çıxışları da xatirinizdən silinməsin gərək. Onların hər ikisi inanclı, dinimizin dəyərlərini vətənçilik ideallarına yansıtmış və bunu əməllərində sübut etmiş insanlardır. Illərdir ibadət etdiklərini də hər kəs gözəl bilir. Görünür ki, belə əqidəli, prinsipial insanları həbsə məhkum etmək rejimin qəzəbini soyutmayıb. Indi hansı çirkin əmələ əl atılıb, bilirmisiniz? Onların həbsxanada namaz qılmasına əngəl törədilib. Vicdan məhbuslarına deyilib ki, onlar ibadət etmək üçün Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsindən arayış gətirməlidirlər. Arayışın məzmunu onların əvvəllər ibadət etdiyini və bunu indi də davam etdirmək istəyində olduğunu təsdiqləməlidir. Əks halda, onlar namaz otağına buraxılmayacaqlar. Dəhşətə baxın! Indi məhbuslar bu iyrənc tələblə bağlı vəkil Fəxrəddin Mehdiyevə məlumat verib, ondan kömək istəyirlər. Mən vəkilin onlara necə kömək edəcəyini təsəvvürümə gətirmək istəyirəm. Axı dünyanın hansı ölkəsində belə eybəcər hal baş verib ki, vəkil o təcrübəyə əsaslanıb məhbuslara yardım etsin?
Tarixdə Allahlıq iddiasına düşənlər, onun işinə əl uzadanlar az olmayıb. Onların aqibəti də tarixə ibrət sayılacaq qədər amansız! Indiki misalı yazılarımda əvvəllər də gətirmişəm. Amma təkrar olsa belə, lap yerinə düşür. Dördüncü əsrdə imperator Teodosi Milanın yepiskopu Müqəddəs Ambroziyə öz kafedral kilsəsini ona verməyi əmr etmişdi. Yepiskop Ambrozi ona belə cavab göndərmişdi: “Kral ancaq ona məxsus olan şeylər üzərində hüquqa malikdir.ÿLakin vicdanınızı bir imperator kimi müqəddəs şeylər üzərində də hüququnuz olması fikrilə yükləməyin. Özünüzü göylərə qaldırmayın, hakimiyyətiniz üçün Allaha şükür edin. Allaha məxsus olan Allaha, Sezara məxsus olan Sezara məxsusdur”.
Nə yazıq ki, bəzi gözü dönmüşlər Allahla bəndə arasına girə biləcək qədər güclü olduqlarını xəyal edirlər…

Namaz üçün arayış tələb olunur!
•