Hər dəfə növbəti uğursuzluqdan sonra adamı lirik ovqat bürüyür. Doğrusu, mənim Hillari Klintonun səfərindən elə də ciddi gözləntilərim yox idi. Amma bu, o demək deyil ki, digərləri də belə düşünürdü. Mənə elə gəlir ki, Azərbaycanla münasibətlər ABŞ üçün elə də prioritet deyil. Əgər belə olmasaydı, səfiri vaxtında təyin edərdilər, həm də H.Klinton ölkəyə ən axırıncı növbədə təşrif buyurmazdı.
Düşünürəm ki, bu da təzyiq formasıdır ki, Azərbaycan Qarabağ probleminin həllində özünü o qədər də inamlı hiss etməsin. Təbii, mənimlə razılaşmayanlar da olacaq. Amma hər şey göz önündədir. Elə müxalifət özü də situasiyanı adekvat şəkildə qiymətləndirməyə çətinlik çəkir. Bəzi hallarda biz müxtəlif dövlətlərin bizim ölkə ilə bağlı ssenarilərində bizə ayrılan rolu o qədər də təxmin etmirik, ya da ki, bununla hesablaşmaq istəmirik. Mənə elə gəlir ki, birinci hal reallığı daha çox ifadə edir. Hesablaşmamaq məsələsinə gəldikdə isə, bu, sözdən daha çox konkret əməldə ifadə olunmalıdır.
Bilirəm, çoxlu arqumentlər səslənəcək – Iran, neft, Qafqazın ən böyük dövləti! Amma fikir öyrənəndə, həqiqi vəziyyəti bilmək istəyəndə lap birinci böyük dövlətin qapısını döyürlər. Amma H.Klinton birinci səfərini hara etdi? Hətta bəziləri o fikirdədir ki, Klintonun Azərbaycana axırıncı növbədə səfər etməsi də bizim maraqlarımıza uyğun imiş! Bu yeni politoloqlar daha nə deyəcəklər, düzünü desəm, mən bilmirəm. Bir daha deyirəm ki, ilk növbədə vacib ölkənin, bölgə içində ən çox nüfuzu olan dövlətin qapısını döyürlər və təəssüf ki, bizim qapımız ən axırda döyülür.
Güman etmirəm ki, hakimiyyət bundan pəjmürdə olsun. Onlar ABŞ-dan məsafə saxlamağı sevirlər. Indi, Iranla münasibətlər pisləşəndən sonra özlərini ABŞ-ın regionda yürütmək istədiyi geosiyasi və geoiqtisadi arxitekturaya uyğunlaşmış hesab edirlər. Sanki demək istəyirlər ki, bunu da etdik, daha nə buyurursunuz?
Klinton Azərbaycanı yarımçıq bir stəkana bənzətdi. Amma mənim üçün maraq kəsb edən başqa şeydir. Görəsən, bu yarımçıq stəkanı kim başına çəkəcək? ABŞ, yoxsa Rusiya? Həm də indi ABŞ seçki ərəfəsindədir. Cəmi bir-iki ay bundan əvvəl Barak Obamanın Rusiya rəhbərliyindən də dəstək umması və Dmitri Medvedevin “Mən bunları Vladimirə çatdıraram” deməsi bütün dünyaya yayıldı. Ona görə də Klintonun çox çətin bir vəziyyətdə – seçki ərəfəsində regiona ciddi təkliflərlə gəlməsini güman və ehtimal etmək sadəlövhlük olardı.
Təbii, mən Dünya Ticarət Təşkilatı haqda, Qarabağ problemilə bağlı deyilənləri, eləcə açıq hökumət layihəsi haqqında söylənilənləri inkar etmirəm. Amma Qarabağla bağlı o da deyildi ki, təkliflər özündə yeni heç nəyi ehtiva etmir, bu həmin Madrid prinsipləridir və onların əvvəlki təkliflərdən fərqi sadəcə, prinsiplərin ardıcıllığındadır.
Dünya Ticarət Təşkilatı ilə bağlı məsələyə gəlincə, mən bununla bağlı hakimiyyətdən o qədər də ciddi arqument eşitməmişəm. O təşkilata üzvlük niyə indiyə qədər yubanıb? Bizimkilərin bu vaxta qədər bu suala bircə cavabı olub: ölkəmizin təşkilata daha əlverişli statusla qəbul edilməsini istəyirik! Lakin bu statusun niyə bu vaxta qədər yubadılması məlum deyil. Ona görə sual yaranır: əcəba, bunlar ölkə üçün əlverişli status istəyirlər, yoxsa özləri üçün? Sualın cavabı hələ ki, yoxdur…
Rusiya yeni mitinqə hazırlaşır…
Bəli, Rusiya mətbuatı yenilik istəyir. Bunu mən onların yazdıqlarından hiss edirəm. Müxalifəti və etirazları olduğundan bir qədər güclü təqdim edirlər.
Mən bu ölkəyə baxanda ağlıma gələn ilk fikir bu olur ki, bizi indi təkcə tarix birləşdirmir, bugünümüz də eynidir, biz eyni siyasi ssenarilə idarə olunuruq və necə deyərlər, biz dərd qardaşlarıyıq, dərdimiz eynidir. Xaricilərin Rusiya müxalifətinə ayırdığı rol bir qədər mübahisəli olsa da, daxildə ayrılan rolun o qədər də ürəkaçan olmaması qənaətindəyik: ruslar müxalifəti V.Putinə qarşı bir dəyənək kimi istifadə etmək istəyirlər ki, o, bir azca yaxşı işləsin, hərdən xalqı da düşünsün. Qərəz, ona alternativ görmürlər. Bəli, Rusiya da siyasət qısırlığı dövrünü yaşayır…

Bir səfərin siyasi etüdləri
•