1esger-olumu

Ağstafada xidmət edən əsgərin ölüm səbəbi gizlədilir

1esger-olumuAiləsi Elmin Quliyevin müəmmalı ölümünə cavab ala bilimr

Atası İslam Quliyev: «Oğlum niyə ölüb, səbəb nədir – bunu bilmək istəyirik. Bizim nəsil üç şəhid verib, iki qardaşım Qarabağ əlilidir»

Iyun ayı daxil olar-olmaz əsgər ölümləri xəbərinın ard-arası kəsilmir. Qazaxda üç əsgər bir zabit erməni gülləsinə tuş gəldi, Ağstafada iki əsgər öldü… Sonuncu xəbər nədənsə məxfi saxlanılır. Müdafiə Nazirliyi olayı təsdiq etsə də, bu barədə geniş bilgi verməyib. Hərbçilərin ANS-in Qazax bürosuna verdiyi məlumata görə, saat 17 radələrində tikintidə işləyən əsgərlərin üzərinə beton lövhəsi düşüb. Hadisə baş verən andan dərhal sonra xəsarət alanlar hərbçilərin köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ancaq onlardan ikisinin – Elmin Quliyevin və Orxan Hüseynovun həyatını xilas etmək mümkün olmayıb…

Əmi və nənə haray edir?

Iyunun 6-da Elmin Quliyevin cənazəsi ailəsinə təhvil verilib. Mərhumu Mehdiabad qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn ediblər. Cənazəni hərbi hissədən gətirən zabit və əsgər heyəti mərhumun ailəsinə ölüm barədə heç bir nə yazılı, nə də şifahi məlumat verib.
Bundan hiddətlənən Elmin Quliyevin yaxınları iyunun 8-də Milli Məclisin binası qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Mərhumun əmisi Ismayıl Quliyev özünü yandırmağa cəhd edib. Onun “Azadlıq” radiosuna dediyinə görə, Elminin ölümünə heç bir dövlət qurumundan reaksiya verilməməsi onlara pis təsir edib: “Iyunun 5-də qardaşım oğlu həlak olub. Nə dəfn etməyə yer veriblər, nə də dövlət qurumlarından maraqlanan olub. Axı Elmin hərbi xidmətdə ölüb. Bizim ailədən 3 nəfər şəhid olub. Belə olmaz axı. Vətən uğrunda ölüm, biz buna narazı deyilik, biz əsgərə qiymət verilməməsindən narazıyıq. Ona görə də anamla Elminin şəkillərini götürüb getdik Milli Məclisin qabağına ki, bəlkə səsimizə səs verən oldu”.

Ötən gün olayın təfərrüatlarını öyrənmək üçün mərhumun ailəsilə görüşdük. Quliyevlər ailəsi Zəngilan rayonundadırlar. Mərhum üçün yas məclisi müvəqqəti sığındıqları yataqxananın qarşısında təşkil edilmişdi. Biz orada olan zaman artıq mağar yığışdırılmışdı. Ancaq ailəyə baş çəkənlərin sayı-hesabı yox idi. Mərhumun yaxınlarıyla binanın həyətində ayaqüstü söhbət etdik. Çünki onların hər biri gələn qonaqları qarşılamaq üçün ora-bura qaçırdılar.
Elmin Quliyev 1990-cı ildə anadan olub. Üç yaşında olarkən doğulduğu məkan işğal edilir, ailə Bakıya köçməli olur. Hazırda Xətai rayon Qaçaq Nəbi küçəsi 3 ünvanında yerləşən, Bakı baş Tikinti Idarəsinin yataqxanasında yaşayırlar.

Üç şəhid verən Quliyevlər

O, Dövlət Bədən Tərbiyəsi və Idman Akademiyasının məzunu olub. Akademiyanı bitirəndən sonra – 2011-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Ali təhsilli olduğu üçün bir il hərbi xidmət keçəcəkdi. 25 gün sonra ? iyulun 1-də ordudan təxris olunacaqdı, ancaq qismət olmadı.
Quliyevlər nəsli indiyə kimi üç şəhid verib. Elminin dayısı oğlu Zahir Fərəcov, atasının xalası oğlu Seymur Əsgərov 1992-ci ildə, əmisi Ilham Quliyev 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olublar. Bundan başqa bu nəsildə iki nəfər – Elminin əmisi Ismayıl və Iltifat Quliyevlər ikinci qrup Qarabağ əlilidir.
Elminin atası Islam Quliyev oğlunun ölümü barədə heç bir məlumata malik olmadığını deyir: “Zəngilan rayon icra hakimiyyətindən, rayon hərbi komissarlıqdan dəfndə iştirak ediblər. Müdafiə Nazirliyi hadisəylə bağlı məlumatı bizə iyunun 10-da deyəcək. Ancaq biz istəyirdik ki, oğlumu dəfn edən gün hər şey izah olunaydı. Tək narazılığımız budur. Oğlum niyə ölüb, səbəb nədir – bunu bilmək istəyirik. Bizim nəsil üç şəhid verib, iki qardaşım Qarabağ əlilidir. Biz canımızı bu vətən uğrunda fəda etmişik. Bundan sonra da vətən uğrunda döyüşməyə hazırıq. Bu artıq dördüncü itkimizdi. Mənim oğlum şəhid olub. Kiçik oğlumda hərbi xidmətə gedib. Yəni, biz şəhid versək də nəyəsə görə geri çəkilməmişik”.

Mərhumun yaxınlarıyla söhbət edirik. Onların yaddaşında Elmin haqda yalnız xoş xatirələr qalıb. Dost-tanışlar deyirlər ki, Elmin Quliyev zəhmətkeş, fədakar insan olub: “Ailəsi kasıb olub. Öz zəhmətləriylə yaşayıblar. Atası fəhlə işləyir. Elmin universitetə öz hesabına daxil olub. Kimisə incitməzdi, heç kimin xətrinə dəyməzdi”.

***

Daha bir əsgər ölümü bir ailənin, onun yaxınlarını sarsıtdı. Ondan lap dəhşəti isə ölümün səbəbləri barədə Quliyevlərin məlumat olmamasıdı. Onlar hələ ümid edirlər ki, iyunun 10-da Elminin ölüm səbəbləri barədə məlumat veriləcək.
Islam kişi ilə sağollaşıb ayrılanda üzündə dərin bir kədər vardı. Bu, oğlu ölən bir atanın üzündəki kədər deyildi, ölümün nədənini bilməyən hüzn idi…

Ramin DEKO