Toydan qayıdıb şəhid olan zabit

1Qazaxda əsgərlərlə birlikdə şəhid olan Amil Əliyevin həyat hekayəti «Azadlıq»da

«O, sona qədər döyüşdü, ölüm bahasına olsa da postu təhvil vermədi»

“Mən Mübariz kimi şəhid olmaq istəyirəm. Həmişə bizə bunu deyirdi. Vətən uğrundan döyüşdü və həlak oldu” – bu sözləri iyunun 5-də ermənilərin Qazaxın Quşçu Ayrım kəndində yerləşən hərbi hissəsinə qəfil hücumu nəticəsində dünyasını dəyişən Amil Əliyevin atsı Novruz Əliyev deyir. Amilin ailəsi ilə görüşmək üçün yas olan ünvana – Qaradağ rayonun Lökbatan qəsəbəsinə getdik. Bir mərtəbəli, tikintisi tam başa çatmayan evə ayaq qoyan kimi bizi öncədən hazırlanmış yerə aprırlar. Biz onlara gələcəyimiz haqda heç bir məlumat verməmişdik. Sadəcə gələn qonaqları evin arxa hissəsinə aparırlar ki, Amilin anası görməsin. Oğlunun ölmündən sonra tez-tez bayılan xanımın üstünə bir neçə dəfə təcili yardım gəlib.

Mübariz kimi şəhid olmaq arzusu…

Sakitcə kənara çəkilib uyğun bir zamanın gəlməsini gözləyirik. Bir neçə dəqiqə keçəndən sonra Novruz kişi ilə üz-üzə oturub, ötüb keçənləri dilləndiririk.
Amil Əliyev 1988-ci ildə Neftçalada anadan olub. Atası Lerikdə anadan olub. Sovet vaxtı təyinatını Biləsuvara aldığı üçün ailəsi ilə orada yaşamalı olur. Ona görə də evin hər üç uşağı Biləsuvar qeydiyyatındadır. Işsizlik üzündən Bakıya pənah gətirən ailənin başçısına Qaradağın daş karyerində iş tapılır. Elə o vaxtdan bəri Əliyevlər ailəsi Lökbatanda yaşamalı olur. Evin böyük uşağı Zabil Əliyev Dənizçilik Sənaye Kollecini qırmızı diplomla bitirir. O da atası kimi iş tapa bilmədiyi üçün karyerə üz tutmalı olur. Amil isə 2006-ci ildə hərbi xidmətə yollanır. 2008-ci ildə hərbi xidməti başa vuran Amil bir il Bakıda işlədikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət üçün sənədlərini verir. Nizamnaməyə görə, müddətdən artıq həqiqi hərbi xidmət etmək istəyənlər yaşadığı ünvana yaxın hərbi hissələrin birində qulluq etməlidir. Amil sənədlərini verəndən sonra xəbər alır ki, onu Səngəçala göndərmək istəyirlər. Ancaq o, öz ərizəsi ilə cəbhə bölgəsinə yollanır.
Novruz kişi deyir ki, oğlu tez-tez Milli qəhrəman Mübariz Ibrahimovun adını çəkirdi: “Mübariz kimi şəhid olmaq istəyirəm. Vətən uğrunda ölmək şərəfdir”.

Nazirlik fil qulağında yatıb

Amil bu ilin mayın 29-da 6 günlüyə evə məzuniyyətə gəlir. Səbəb isə bacısının toyu idi. Iyunun 1-də Əliyevlər ailəsində toy olur, oğlan toyu isə iyunun 6-da olmalı idi. Onun məzuniyyəti iyunun 4-də bitir. Ailə Amilin oğlan toyuna qalması üçün nə qədər yalvarış etsə də xeyri olmur. O, “postu boş qoya bilmərəm, vaxtım 4-də bitir, bu zamanda da hərbi hissədə olmalıyam” deyərək xidmət yerinə yollanır. Getdiyi günün səhəri – bacısının gəlin köçməyinə bir gün qalmış Amilin ölüm xəbəri gəlir. Hərbi hissədən bir zabit, 4 əsgərlə mərhumun bayrağa bürünmüş cənazəsi evinə gətirir. Elə həmin gün Lökbatanda Şəhidlər xiyabanında torpağa tapşırılır.
Dəfndə və yas mərasimində Qaradağ rayon icra hakimiyyətinin başçısı və işçiləri, rayon polis idarəsinin rəisi və müavinləri iştirak etsə də, Müdafiə Nazirliyi və Biləsuvar Hərbi Komissarlığından nə bir nəfər baş çəkib, nə də zəng edib.
Novruz Əliyev oğlunun necə ölməsi barədə geniş təfərrüatı bilmir. Amilin cənazəsini evə gətirən zabitdən olay barədə bir-iki kəlmə soruşa bilib. Mərhumun atası hadisəni belə nəql edir: “Gecə komandirlə əlaqə saxlayıb. Nisbi sakitçiliyin olduğunu deyib. Həmin vaxtda da əsgərlər postu dəyişirdilər. Bu zaman ermənilər hücum edib və iki əsgər ölüb. Amil elə telefonda komandirə hadisə ilə bağlı məruzə edib. Ermənilər bunu eşidən kimi posta qumbara atıb. Bir neçə dəqiqə atışma gedib, Amil, daha sonra başqa bir əsgər də ölüb. Ümumilikdə postda 4 nəfər həlak olub”. Novruz Əliyevlə görüşən zabit deyib ki, Amil sona qədər vuruşdu, postu təhvil vermədi: “Əgər döyüşməsəydi, ermənilər postu alacaqdılar”.

Igid oğul dayısına oxşayır…

Amil zabit olduğu müddət ərzində bircə səhvi də olmayıb. Dəfələrlə ona hərbi hissə komandirliyi təşəkkürünü bildirib. Hətta tezliklə rütbəsinin qaldırılacağı da deyilib. Ancaq bu ona qismət olmadı.  
Atası deyir ki, oğlunun qoruduğu postun yaxınlığında ermənilər divara “Amil, postda yatmırsan, ancaq biz səni aparacağıq” yazıblarmış.
“Amil postda heç vaxt yatmazdı. Özü deyir ki, dəfələrlə erməni kəşfiyyatçılar posta hücum ediblər, ancaq heç bir nəticə hasil olmayıb. Çünki o, daim hər yerə nəzarət edirdi. O, yatmadığı üçün axırda ermənilər məcbur qalıb, divara bu sözləri yazıblar. Onu apara bilmədilər, sonda öldürdülər”.
“Deyilənlərə görə, ermənilər onun başına pul da qoyublar. Ancaq heç cürə onu girov götürə bilməyiblər” – deyir Novruz kişi.
Söhbətə nənəsi Vəsimə Qəniyeva da qoşulur. O, nəvəsiylə fəxr etdiyini deyir: “Belə bir övladla ancaq fəxr etmək olar. Belə bir məsəl var – igid oğul dayısına oxşar. Onun bir dayısı Qarabağ əlilidir, bir dayısı da zabitdi”.
Amilin hərbi geyimdə olan şəklini istəyirik. Atası oğluna “şəkli elə gətirin ki, anasının xəbəri olmasın. Yoxsa şəkli görsə yenə ürəyi gedəcək” deyir. Elə də oldu. Amilin bayraq və gerbin qarşısında dayanan portreti qara torbanın içində gətirilir.

Sonuncu hədiyyə

Amilin iki yaşlı bir övladı da var. Adı Yusifdi. Deyirlər ki, Amil hər dəfə evə gələndə onun üçün oyuncaq avtomat alırmış. Sonra övladını kənara aparıb, oyunacağın “tətiyini” basıb “ermənini belə öldürərlər” deyə məsləhət verərmiş.
Bizim söhbətimiz zamanı Yusif yatmışdı. Kimsə də onu oyatmaq istəmirdi. Söhbət yavaş-yavaş Amilin uşaqlığına gəlib çıxır. Məlum olur ki, o, orta məktəbi doqquzuncu sinifə qədər oxuyub. Sonra ailəsi ilə birgə Bakıya işləməyə gəlir: “Çox zəhmətkeş uşaq idi. Hər yerdə sözünü deyərdi, kimsənin qarşısında əyilməzdi”.
Amilin uşaqlığından söhbət edərkən məclisə anası Telnaz xanım gəlir. Ağlamaqdan səsi batan, özünü yerə çırpamaqdan qolları göm-göy olan ana oğlu ilə fəxr etdiyini deyir.

***

Biz artıq ailə ilə sağollaşıb evi tərk etmək qərarına gəlirik. Bu zaman Yusifin oyandığı deyilir. Anası onu qucağında məclisə gətirir, atasının aldığı sonuncu oyuncaqla birlikdə. Iki yaşlı körpəyə oyuncağı nə qədər versələr də əlinə almır, elə hey anasının üstünə doğru “şütüyür”. Yusif o yaşda deyil ki, atasının taleyi barədə nəyisə dərk etsin. Ancaq uşaqlarda da duyum, intuisiya deyilən bir şey var. O, atasının sonuncu hədiyyəsini heç cür bağrına basa bilmir…   

Ramin DEKO