SAMA müxalif fəalları müdafiə etdi

Siyasi Azadlıqları Müdafiə Alyansı müxalif siyasi fəallara qarşı təzyiqlərlə bağlı bəyanat verib. Bəyanatda deyilir:

Son bir həftə ərzində müxalif siyasi fəallarta qarşı təzyiqlərin daha da artdığı müşahidə edilir. Belə ki, İctimai Palatanın (İP) mayın 24-də Milli Parkda təyin etdiyi “Xalq gəzinti”sindən sonra ayrı-ayrı günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Xanım Mustafayeva, Vasif Alışlı, Ramin Musayev, Bəyim Həsənli və adıçəkilən şəxslərin valideynləri polis bölmələrinə çağrılaraq, onlara qarşı təzyiqlər edilib. Belə ki, valideynlər yaşadıqları rayonların polis şöbələrində öz övladlarının İP-in aksiyalarında iştirak etmələ səbəbləri, siyasi fəaliyyəti və dini-ektrismist qruplarla “əlaqələri” barədə suallarla üzləşiblər. İyunun 2-də isə AXCP-nin gənc üzvü Dəyanət Babayev çalışdığı “Güvən” tikinti şirkətindən işdən çıxarılıb. Babayevin verdiyi məlumata görə, o, İP-in aksiyalarda iştirak etdiyi üçün şirkətə təzyiq edilib və nəticədə işdən çıxarılıb.

İyunun 8-də isə AXCP üzvü Zərifə Məhəddinova Türkiyədən qayıdarkən hava limanında təzyiqlə üzləşib. O, çemodanlarının özünün iştirakı olmadan açılmasına etiraz edib və buna görə hava limanının əməkdaşları tərəfindən bir neçə saat saxlanılıb və sonra sərbəst buraxılıb.
İyunun 9-da isə iki mülki geyimli şəxslər “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında AXCP üzvü Kəmalə Xəlilovanı polis bölməsinə aparmaq istəyiblər. Ancaq Xəlilova təkidlə rəsmi qaydada çağırışın göndərilməsini və polis maşının gəlməsini tələb edib, bundan sonra mülki geyimlilər uzaqlaşıblar.

Siyasi Azadlıqları Müdafiə Alyansı (SAMA) baş verən bu hadisələri pisləyərək, bunu ölkədə növbəti dəfə siyasi azadlıqlar, o cümlədən ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək hüquqlarının məhdudşaldırılması kimi qiymətləndirir. SAMA vətəndaşların siyasi baxışlarına görə təqib edilməsini yolverilməz hadisə sayaraq, polis orqanları əməkdaşlarının bu prosesdə iştirakını dövlətin siyasi ayrı-seçkilik fəaliyyətinin təzahürü hesab edir.
SAMA müvafiq dövlət orqanlarını müxalif siyasi fəallara qarşı qanunsuz hərəkətlərdən çəkinməyə və baş verənlərə münasibət bildirməyə çağırır.