Qarakilsədəki Qoşundaş abidəsi

Işğalçıların saxtalaşdırdığı tarix…

Azərbaycanın qədim tarixi abidələrinin böyük bir qismi hazırda işğal altında olan ərazilərdə yerləşir. Erməni işğalçıları tərəfindən mənimsənilən və tarixi saxtalaşdırılan belə abidələr sırasına Qərbi Azərbaycanın Zəngəzur mahalındakı Qarakilsə abidələri də daxildir. Həmin abidələrin bir neçəsi barədə əvvəlki yazılarda söz açmışıq. Amma vaxtilə böyük bir ərazini əhatə edən o yurd yerlərində düşmənə qalan belə tarixi əsərlərin nə sayı var, nə hesabı…
1988-ci ildə erməni vandalizmi nəticəsində baba yurdlarından zorla çıxarılan Azərbaycan türkləri bu ərazidəki tarixi abidələrlə zəngin Qızılcıq, Sofulu, Murğuz, Şıxlar, Ağüdü, Bağüdü, Urud, Ərəfsə, Comərdli, Dəstəgird, Şəki kimi yaşayış məntəqələrini həmişəlik tərk etmək məcburiyyətində qalmışlar.
Böyük tarixi olan Qarakilsə bölgəsində alban mədəniyyətinə məxsus çoxlu abidə yerləşir. Ənənəvi olaraq, o abidələrin bir çoxunun tarixini ermənilər öz “qədim tarixləri”ni yaratmaq üçün saxtalaşdırmış və öz adlarına mənimsəmişlər.
Buradakı məşhur Urud abidələrinin aqibəti, ermənilər tərəfindən oğurlanıb sahiblənən qoç heykəllər barədə dəfələrlə yazılıb. Amma oğurluq faktları bitib-tükənmək bilmir ki… Burada ermənilər eramızdan əvvəl II minilliyə aid Qoşundaş tikili qalıqlarını, Zəngəzurun Səlim keçidi adlanan yerdə tikilmiş karvansaranı, Qaraqoyunlu dövlətində çuxur-Səəd əmirlərinə aid Cəfərabad türbəsini, XIX əsrin sonunda 8-ci imam Rzanın nəvəsi Mir Davudun və Qara Vəli kəndində Seyid Əhmədin məqbərələrini də öz adlarına çıxırlar.
Halbuki, bütün dəlillər bünövrədən həmin ərazidə Azərbaycan türklərinin hökmran olduğunu və buradakı mədəniyyətin də şəksiz onlara məxsus olduğunu sübut edir. Qarakilsə qayaüstü təsvirləri ilə Qobustan təsvirləri arasındakı tam oxşarlıq da buna sübutdur. Buradakı bütün saray, qala və məbədlərin müxtəlif mənbələrdə göstərilən adları da ərazidə qədimdən  oğuz türklərinin yaşadığına şübhə yeri qoymur.
Ərazidə rayon mərkəzindən cəmi 3 km. aralıda yerləşən belə abidələrdən biri də Qoşundaş e.ə. 2-ci minilliyə aid meqalit (iri daşlardan ibarət) tikili qalıqlarıdır. Düzülü daşlardan ibarət abidə Qarakilsə kəndi ilə Qızılcıq kəndinin arasındakı yastı təpəlikdə yerləşir. Abidənin adından da görünür ki, ərazidəki müəyyən bir daş silsiləsi qoşun şəklində sıralanmışdır. Şaquli vəziyyətdə cərgə ilə düzülmüş Qoşundaş abidəsi Neolit dövrünün yadigarı hesab edilir. Alimlərin qənaətinə görə, daş düzümünün mərkəzində sərdabə, ətrafında isə açıq havada məbədin divarları yerləşmişdir.
Oğuz türklərinə məxsus məzarlar…
Abidənin unikal görünüşü ilə bağlı xalq arasında bir sıra rəvayətlər yaranmışdır. Belə rəvayətlərin birinə görə, bu yerlərdə vaxtilə çox nəhəng və güclü insanlar yaşamışlar. Həmin insanlar oğuz türklərinin ulu babaları olmuşlar və Qoşundaş da bir döyüşdə həlak olmuş əsgərlərin qəbirləridir. Daş dairənin içərisindəki kurqanlar isə qoşun başçılarına məxsusdur.
Həqiqətən də, Qoşundaş abidəsinin ətrafında aparılan qazıntı zamanı burada müxtəlif insan sümükləri, məişət və döyüş alətləri tapılmışdır. Burada yerə dikili daşlar dairəvi formada sanki iki min il öncə nəhəng insanların qeyri-adi qüvvəsi ilə yerə vurulmuşdur.
Ərazidəki daşların hündürlüyü təxminən 1,5-2,2 metr, eni 60-80 santimetrdir. Bəzi daşların üzərində bir və ya bir neçə dəlik açılmışdır. Alimlərin mülahizəsinə görə, bu dəliklər həddindən artıq ağır olan daşların qoşqu qüvvəsi ilə dartılması üçün nəzərdə tutulmuşdur. Daş dairənin içərisində alçaq bir kurqan var. Bu ərazidə bir neçə yerdə qazma damların qalıqları indi də qalmaqdadır. Damların divarları iri ağır qayalarla kifayət qədər səliqəli hörülmüş, üstü nəhəng sal daşlarla örtülmüşdür.
Saxtakarlığa öyrənmiş erməni alimləri isə bu abidənin mənşəyini gizlətmək üçün fərqli fikirlər irəli sürürlər. Onlar Qoşundaşını qədim rəsədxana hesab edirlər. Bu saxtakar alimlərin fikrinə görə, 2000 il öncə buradakı daşların köməkliyi ilə insanlar ayı və günəşi müşahidə edirlərmiş. Heç şübhəsiz, Qoşundaşının hansısa astronomik məqsədlərlə yaradılması fikri ağlabatan görünmür. Hər şeydən əvvəl ona görə ki, bu yer çox vaxt dumanla örtülü olur, həm də çox hündürlükdə deyil. Bundan başqa, ayın, yaxud günəşin daşlar vasitəsilə müşahidəsi barədə hələlik elmə məlum olan təcrübə yoxdur. Digər tərəfdən, əgər bu daşlar astronomik rəsədxana məqsədi daşıyırdısa, onda kurqanlar, qəbirlər və yaşayış məntəqələrinin qalıqları nədir? Beləliklə, elmi faktlara müraciət etdikdə, görürük ki, bu fikir nəinki təsdiqini tapmır, əksinə belə fərziyyələri daha da zəiflədir.
Məhv edilən  mədəni irsimiz
Qarakilsə ərazisindəki başqa bir abidə – Urud abidələri ilə bağlı baş verən ermənilərin saxtakarlıq əməlləri dəfələrlə beynəlxalq tədbirlərdə qaldırılıb. Məlum olduğu kimi, bu kompleksə Urud qalası, Urud qəbiristanlığındakı nadir məzar daş nümunələri və daş stelaları, o cümlədən digər abidələr daxildir.
Urud abidələri və məzar daşlarını, demək olar, ermənilər tamamilə məhv edib. Burada şahid olaraq qalan Urud qalası isə Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Yerli azərbaycanlı əhali arasında qaladan çaya gizli yolun olması haqqında fikirlər vardı. Qala-qayanın aşağısında təxminən yarım kilometr uzanan böyük bir yaşayış məntəqəsinin qalıqları görünürdü. Urud qalasının adı mənbələrdə 450-ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104-cü ildə Səlcuqlular, 1386-cı ildə Əmir Teymur, 1407-ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.
Abidələr kompleksinin ən mühüm hissəsi isə Urud kəndi yaxınlığındakı orta əsrlər Azərbaycan məzarlığıdır. Məzarlıqda bədii tərtibatlı məzar daşları, qəbirüstü sənduqələr və qoç heykəlləri olmuşdur. Qəbiristanlıqda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. Ermənilər bu abidələrə yiyələnmiş və onların yazılarını belə, dəyişərək özününküləşdirmişlər.
Qərbi Azərbaycanda tarixi izləri silmək üçün məhv edilən və ya erməniləşdirilən yüzlərlə belə abidə var. Bir zamanlar Irəvan qalasında xan sarayı olan Sərdar sarayı 1918-ci ildə ermənilər tərəfindən yerlə-yeksan edilmişdi. Bu qala Azərbaycan türklərinin mühüm bir tarixini yaşadırdı. Irəvan qalası tikildiyi vaxtdan (1510-cu il) mövcud olan saray Irəvan sərdarı Əmirqunə xan Qacar tərəfindən ucaldılmış, 1760-1770-ci illərdə Irəvan xanı Hüseynəli xan tərəfindən yeniləşdirilmişdi. 1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan sarayın Şüşəbənd adı ilə tanınan Güzgülü salonu və Yay imarətini inşa etdirmişdi.
Sərdar sarayının Böyük qəbul otağının divarında Sərdar Hüseyn xanın, qardaşı Həsən xanın, farsların əfsanəvi qəhrəmanı Fəraməzin, Fətəli şahın, Abbas Mirzənin, Rüstəm və Zöhrabın portretləri vardı. Saray 1913-1918-ci illərdə ermənilərin təcavüzünə məruz qalan zaman dağıdılarkən portretlər çıxarılaraq Tiflisə aparılmışdır. Hazırda onlar Gürcüstan Dövlət Incəsənət Muzeyində saxlanılır.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir