Aksiyaçı aclığın səbəblərini “Azadlıq”a açıqladı
Neftçalada aclıq aksiyası davam edir. Mayın 28-dən başlanan aclıq aksiyasında iştirak edən beş nəfərdən biri – YAP üzvü Natiq Hüseynov mayın 31-də poçtdan Ombudsmana ərizə göndərərkən həbs olunub. Başqa bir aclıq keçirən Rafiq Baxşıyev Salyan rayon xəstəxanasına yerləşdirilib.
Hazırda aclıq edən digər üç nəfərin də vəziyyəti qənaətbəxş deyil. Aclıq edənlərdən biri keçmiş siyasi məhbus Səxavət Babayevdir. O, aclıq etməsinin səbəblərini “Azadlıq” a açıqlayıb: “Rayonun Aşağı Surra kəndində yerləşən yaşayış evi və qiymətli əşyalarımızı sataraq uzun illər işlədiyim ”Neftçala-xidmət” ASC-nin 62,5 faiz səhmlərini satın aldım. 21 noyabr 2002-ci il tarixli səhmdarların ümumi yığıncağının qərarına əsasən, ASC-nin idarə heyətinin sədri vəzifəsinə seçildim. Iqtisadi sahədə olan rəqiblərim müəssisəmdə çalışan bəzi işçilərlə ziddiyyətimdən istifadə edərək məni şərlədilər. 8 iyun 2005-ci ildə həbs olundum. Həbsdə olduğum üçün ASC-də təmsilçiliyimi etibarnamə ilə Akif Əzizova həvalə etdim. Rəqiblərimdən biri olan Fatma Məmmədova müəyyən işləri tapşırdığım Zülfiyyə Babayeva və Akif Əzizova işləməyə imkan vermədi. O, saxta sənədlər tərtib edərək özünü ASC-nin sədri vəzifəsinə təyin etdi.
Ölkə başçısının 28 dekabr 2007-ci il tarixli əfv fərmanına əsasən azadlığa buraxıldım. Işləmək, fəaliyyət göstərmək məqsədilə sədri olduğum ASC-yə gəldim. Fatma Məmmədova məni qanuni iş yerimə buraxmadı. Hətta məndən polisə böhtan xarakterli şikayət də etdi. Neftçala Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət etdim. Məhkəmənin 6 may 2008-ci il tarixli qətnaməsinə əsasən, onun tətbiq etdiyi qanunsuz saxta iclas protokolları etibarsız hesab edilərək ASC-nin sədrinə məxsus otaqdan çıxarılmaqla möhür və cəmiyyətin inzibati binasının qapılarının açarları alınaraq mənə verilməsi qət olundu. Məhkəmə icraçıları qətnaməni icra etdi. Buna baxmayaraq iş yerimə gedən kimi F.Məmmədova məndən polisə böhtanla dolu şikayət etdi ki, guya mən onu söymüşəm. Polis məni inzibati qaydada məsuliyyətə cəlb, məhkəmə isə beş sutka həbs etdi. Həbsdə olarkən keçmiş polis rəisinin müavinlərindən biri olan Şahbala Xəlilov məni təhdid etdi. Bundan sonra Fatma Məmmədova ASC-nin giriş qapılarının qıfıllarını dəyişib məni qanuni iş yerimə buraxmadı. Məcburiyyət qarşısında qalıb yenidən polisə şikayət etdim. Şikayətimi müstəntiq Xanoğlan Əliyevin icraatına verdilər. O isə şikayəti qeyri-obyektiv araşdırdığından qərardan prokurora şikayət ərizəsi verdim. Neftçala rayon prokurorunun 21 noyabr 2011-ci il tarixli rəyindən narazı qaldım. Odur ki, Baş Prokurorluğa şikayət ərizəsi göndərdim. Qurumdan isə şikayətimə aidiyyəti olmayan cavab verildi.
2012-ci ilin martında Fatma icarədarları toplayaraq hərədən əlavə olaraq 80 manat vergi adıyla pul aldı. Bu barədə prokurorluğa olan şikayətim araşdırılmaq üçün polis şöbəsinə göndərildi. Müstəntiq Məlahət Mehtiyeva Fatmanı müdafiə edərək işi qeyri-obyektiv apardı. Bu barədəki şikayətim də yenidən prokurorluqda araşdırılır.
Mən səhm payıma düşən dividend və əməkhaqqımı da ala bilmirəm. Dözülməz maddi-mənəvi işgəncələrə məruz qaldığımdan ağır cinayət törətməli, ya da sözümü yuxarı orqanları çatdırmalı idim. 2007-ci ildən bugünə qədər 200 dəfədən çox şikayət etmişəm, onun 20-dən çoxu Prezident Administrasiyasına, qalanları da digər orqanlara olub. Şikayətlərim araşdırılmaq üçün rayonun müxtəlif orqanlarına göndərilir. Ancaq heç bir nəticəsi yoxdur”.
Ramin DEKO


