esger-senger

Müharibə başlayır?

esger-sengerCəbhədəki gərginliklə bağlı BMT-yə müraciət edilib, NATO va AVropa Birliyi narahatlığını bildirib

Cəsur Sümərinli: «Ortada çox ciddi təxribat var»

Iyunun 7-si axşam saatlarından başlayaraq sosial şəbəkələrdə bir nömrəli mövzu cəbhə xəttindən intensiv atışmaların getdiyi idi. Dünən səhərə qədər bu istiqamətdə ən müxtəlif məlumatlar səslənsə də, nəhayət Müdafiə Nazirliyindən rəsmi açıqlama gəldi. Nazirliyin mətbuat xidmətindən bildirdilər ki, cəbhədə vəziyyət gərginləşib. Ermənistanın silahlı bölmələri iyunun 7-si saat 08.00-dan dünən səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozublar. Nazirliyin dediyinə görə, atışmaların intensiv xarakter daşımasına baxmayaraq, Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
Dünən o da məlum oldu ki, Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyi qurumun baş katibinə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələrlə bağlı müraciət edib. Bu barədə APA-ya açıqlama verən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Fikrət Akçura ümid etdiyini bildirib ki, bu il ərzində həm ATƏT-in Minsk Qrupu, həm də BMT-nin səyləri münaqişənin həllinə təkan verəcək: “Heç kim istəməz ki, gənc insanlar ölsün. 20 ildir, davam edən problemin acı nəticələri, sadəcə, gənclərin qoşunların təmas xəttində ölməsi deyil, eyni zamanda qaçqın və köçkünlər də 20 ildir, bunun əziyyətini çəkirlər. Biz BMT olaraq istəyirik ki, BMT Təhlükəsizlik Şurasının qərarlarına əməl olunsun. Inşallah, bu il içərisində həm ATƏT-in Minsk Qrupu, həm də BMT-nin səyləri münaqişənin həllinə təkan verəcək”.
F.Akçura onu da deyib ki, Azərbaycanın Daimi Nümayəndəliyi BMT Baş ofisində vəziyyətlə bağlı müvafiq işlər görür: “Ümid edirəm ki, Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması da münaqişənin həllinə yardım edə biləcək”.
“Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaranmış gərginlik, baş verən insidentlər NATO-da təəssüf hissi doğurur”. Bunu, NATO-nun Cənubi Qafqaz üzrə zabit-koordinatoru William Lahue iyunun 8-də Bakıda keçirilən “Azərbaycan və NATO Əməkdaşlığı Çikaqo Sammitindən sonra: əməkdaşlıq üçün yeni perspektivlər” mövzusuna həsr olunmuş konfransda deyib. W.Lahue deyib ki, onlar ümidlidirlər ki, yaranmış vəziyyət regionda daha da qeyri-sabitliyə yol açmayacaq: “NATO Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Amma NATO Qarabağ probleminin nizamlanması ilə bağlı aparılan danışıqlar prosesində iştirak etmir. Biz ATƏT-in Minsk Qrupunun bu istiqamətdə səylərini dəstəkləyirk”.

Əli Həsənov: “It qorxusundan hürür”

Dünən məsələ ilə bağlı Azərbaycan rəsmilərindən də reaksiyalar gəlib. Qaçqın və Məcburi Köçkünlərlə Iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Lent.az-a açıqlamasında baş verənləri belə qiymətləndirib: “It qorxusundan hürür”. Ə.Həsənov ermənilərin bu təxribatlarının ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə səfəri ilə əlaqədar olmasını da istisna etməyib: “Ola bilər ki, erməniləri himayə edən bəzi dövlətləri bu səfər qane etmir”.
Ə.Həsənov Ermənistan prezidenti Serj Sərkisyanın da əslində qorxusundan Azərbaycana yönəlik hədələyici bəyanatlar verdiyini vurğulayıb: “Bu münaqişənin açarı Rusiyadadır. Ümid edirik ki, nəhayət, Rusiya öz obyektiv mövqeyini ortaya qoyacaq”.

“Hələlik səfərbərliyə ehtiyac yoxdur”

Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov isə son vaxtlar cəbhədə baş verən bütün hadisələrə görə məsuliyyəti bilavasitə Ermənistanın daşıdığını deyib(“Lent.az”): “Çünki bölgədə sülhün, əmin-amanlığın yaranmamasında, danışıqlar prosesinin uzanmasında, danışıqlar masasından kənarlaşmada Ermənistanın qeyri-konstruktiv mövqeyi başlıca amil kimi özünü göstərib”.  E.Aslanovun sözlərinə görə, baş verənlər bir daha göstərir ki, Ermənistan Azərbaycandan fərqli olaraq “status-kvo”nun saxlanmasında maraqlıdır: “Azərbaycan dəfələrlə bəyan edib ki, ”status-kvo” bölgə üçün keçərli formul deyil. Çünki “status-kvo” vasitəsilə bölgədə nə sülh, nə əmin-amanlıq, nə də sabitliyi bərqərar etmək mümkündür. Eyni zamanda “status-kvo” bölgənin inkişafına da heç bir halda təkan vermir. Bu baxımdan Azərbaycan dəfələrlə bəyan edib ki, “status-kvo”nun danışıqlar prosesində başlıca məsələ kimi saxlanması qeyri-mümkündür. Ermənistan rəhbərliyi isə yenə də öz qeyri-konstruktiv mövqeyini göstərir. Ermənistan müxtəlif bəhanələrlə danışıqlar masasından qaçır, bölgədə sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasında maraqlı olmadığını ortaya qoyur”.
“Cəbhə xəttində yaranan gərginliklə əlaqədar Azərbaycanda səfərbərlik elan oluna bilərmi” sualına isə E.Aslanovun cavabı belə olub: “Azərbaycanın mövqeyi açıq və aydındır. Səfərbərliyə gəlincə, Azərbaycanın güclü ordusu var. Azərbaycan ordusu bölgədə ən böyük ordudur. Ona görə də buna hələlik ehtiyac yoxdur”.

“Müharibəyə belə başlamırlar”

Əslində cəbhə xəttində nələrin baş verdiyini və bu gərginliyin süni xarakter daşıyıb-daşımadığını öyrənmək üçün  hərbi ekspert Cəsur Sümərinliyə müraciət etdik.C.Sümərinli ortada çox ciddi təxribatın olduğunu bildirdi: “Iyunun 7-dən başlayaraq xüsusən sosial şəbəkələrdə münaqişə bölgəsində baş verən proseslərlə bağlı müzakirələr gedir. Xeyli sayda da şayiələr yayılıb. Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi bu prosesin qarşısını almaq üçün ciddi addımlar atmalıdır. Birincisi, sosial şəbəkələrdə Azərbaycanın hərbi sirlərinin yayılması ehtimalı var. Ikincisi də, xalqın vətənpərvərlik hisslərindən sui-istifadə olunur. Insanlar artıq torpaq uğrunda döyüşməyə hazırlaşırlar və birdən bəlli olacaq ki, bunlar dezinformasiyadır”.
C.Sümərinli deyir ki, əslində cəbhə xəttində heç nə baş vermir: “ABŞ dövlət katibi Hillari Klinton bölgəyə səfər etdi və istər-istəməz tərəflərin marağında oldu ki, atəşkəsin pozulması hallarını daha da ictimailəşdirsinlər. Əgər doğrudan bölgədə ciddi müharibə ehtimalı var idisə, bu, rəsmi Bakının hərəkətlərində özünü ciddi şəkildə büruzə verməli idi. Rəsmi Bakı ATƏT-in Minsk Qrpuna, BMT Təhlükəsizlik Şurasına, beynəlxalq təşkilatlara müraciət etməli idi ki, Ermənistanın bu tip hərəkətlərinə son qoyulsun. Amma rəsmi Bakı ayrı-ayrı siyasilər səviyyəsində prosesə münasibət bildirir. Bu da ciddi görünmür. Hesab edirəm ki, baş verənlərdə rəsmi Bakının da marağı var. Çünki müharibəyə belə başlamırlar və ən azından düşmən tərəfindən təxribatı belə qarşılamırlar. Məsələni sosial şəbəkələrin müzakirəsinə buraxmaq, prosesi şayiə mexanizmi ilə idarə etmək ancaq ziyan gətirə bilər”.

Avropa Birliyi narahatdır

Baş verənlərlər bağlı Avropa Birliyinin Xarici İşlər üzrə Ali təmsilçisi Ketrin Eştonun mətbuat xidməti də onun adından bəyanat yayıb. “Ali təmsilçi 4, 5, 6 iyun tarixlərində Dağlıq Qarabağ münaqişə çərçivəsində Azərbaycan və Ermənistan sərhədlərindəki toqquşmadan narahatdır və insan həyatlarının itirlməsindən təəsüf hissi keçirir. Biz hər iki tərəfi atəşkəs anlaşmasına riayət etməyə və hadisələrin gələcəkdə dərinləşməməsi üçün ictimai çıxışlarda diqqətli olmağa çağırırıq”, – deyə bəyanatda bildirilir

Ketrin Eşton tərəfləri insidenti araşdırmağa və  Madrid prinsipləri çərçivəsində sülhə nail olmağa çağırır.

Gültəkin