ABŞ dövlət katibi Türkmənistan, Özbəkistan, Kuba, Koerya kimi ölkələrdə müxalifətlə görüşmür
AXCP sədri Əli Kərimli İctimai Palatanın 9 iyun sessiyasında ABŞ dövlət katibi Hillari Klintonun Bakı səfərində müxalifət liderlərilə görüşməməsindən hakimiyyətin təbliğat üçün istifadə etməsinə də münasibət bildirib. “Suda boğulan saman çöpündən yapışan kimi, son günlər hakimiyyət KİV-i təbliğat aparır ki, ABŞ dövlət katibi Hillari Klinton müxalifətlə görüşməyib, bu, hakimiyyətin uğurdur. Bu adamlar hələ də anlamırlar ki, ABŞ dövlət katibi Türkmənistan, Özbəkistan, Kuba, Koerya kimi ölkələrdə müxalifətlə görüşmür. Müxalifətlə görüşmək demokratiyanın əlamətidir. Demokratiya olan yerdə müalifətə o imkan tanınır”, – deyə Ə.Kərimli bildirib.
AXCP sədri qeyd etdi ki, Hillari Klintonun Ermənistan və Gürcüstan hakimiyyətləri haqda səsləndirdiyi fikirlərlə Azərbaycan hakimiyyəti haqda fikri arasında fərqə diqqət yetirilsə daha yaxşı olar: “Yaxşı olar ki, hakimiyyət məmurları baxıb görsünlər, müqayisə etsinlər ki, Hillari Klinton Gürcüstan və çox təəssüf ki, Ermənistan hakimiyyəti haqqında müsbət fikirlər işlətdiyi halda onların barəsində hansı fikirləri işlətdi. Mənasiz söz oyunları ilə bizim düşərgədə ruh düşgünlüyü yarada bilməyəcəklər. Azərbaycanın demokartik qüvvələri ayaqdadır”.