Cəbhədə müharibə təhlükəsi varmı?

Müdafiə Nazirliyi yenə həyəcanlı xəbərlər verir; Türk mediası müharibənin virtual aləmdə getdiyini yazır

Azərbaycan Müdafiə Nazirliyi iyunun 9-da yaydığı açıqlamada cəbhə xəttində vəziyyətin gərgin olaraq qaldığını bildirib. Nazirlikdən APA-ya verilən məlumata görə, Ermənistanın silahlı birləşmələri srağagün saat 08.00-dan dünən səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs rejimini pozmaqda davam ediblər. İntensiv xarakter alan atışmalarda Azərbaycan tərəfin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.

Xatırladaq ki, cəbhə xəttində baş vermiş silahlı qarşıdurma nəticəsində Azərbaycan 5, Ermənistan isə 3 hərbçisini itirib. Baş verənlərə görə tərəflər qarşılıqlı olaraq bir-birini ittiham edirlər. Atəşkəsin pozulması münaqişənin sülh yoluyla həllinə çalışan beynəlxaq təşkilatların ciddi narahatlığına səbəb olub. Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən silahlı hadisələrlə bağlı narahatlığını bildirib.

Ali komissarın adından yayılan açıqlamada Ketrin Eşton hər iki tərəfi atəşkəsə sadiq qalmağa, təmas xəttində və ictimai açıqlamalarda təmkinli davranmağa çağırıb. Açıqlamada bildirilir ki, güc tətbiqi, təhdid, həmçinin mövcud status-kvo vəziyyəti münaqişənin həllinə mənfi təsir edir.

Türkiyənin “Hürriyet” qəzetində olaylarla bağlı yayımlanan məqalədə Azərbaycan-Ermənistan sərhədində Hillari Klintonun səfəriylə eyni vaxtda yüksələn gərginliyin “döyüşə” çevrildiyi yazılıb. Maraqlı burasındadır ki, Türkiyənin aparıcı qəzetlərindən biri olan “Hürriyet” atəşkəsin pozulması hallarının realda yox, sosial mediada müharibəyə çevrildiyini bildirib: “ABŞ dövlət katibi Hillari Klintonun regiona səfəri ərəfəsində başlanan atəşkəs pozuntuları “müharibəyə” çevrildi. Amma gerçək həyatda yox, əsassız dedi-qoduların böyüdüyü sosial mediada. Yayılan iddialar qısa zaman sonra rəsmi açıqlamalarla alt-üst oldu”.

Turan