Cəbhəçi gənclər polisə niyə çağırılır?

«Son günlər paytaxtda və bölgələrdə AXCP üzvü olan gənclər polisə çağırılır». Bunu “Azadlıq” radiosuna partiyanın Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyib. O, gənclərin polisə çağırılmasını «Eurovision» mahnı müsabiqəsindən 1 gün əvvəl – mayın 25-də gənclərin bulvarda keçirdiyi aksiya ilə əlaqələndirir:

«İlk olaraq Ramil Musayev Oğuz rayon polisinə çağırılıb. Ona deyiblər ki, tutduğu yol səhvdir və bir də belə aksiyalarda iştirak etməsin. Daha sonra Vasif Alışlı Sabirabad, Xanım Mustafayeva isə Qax rayon polisinə çağırılıb. Bəyim Həsənli və təşkilatın tədbirlərində iştirak edən, amma partiya üzvü olmayan Toğrul İbrahimli də iyunun 9-da Səbail polisinə çağırılıb».

Əbülfəz Qurbanlı deyir ki, gənclərin polisə çağırılması ilə bağlı heç bir rəsmi sənəd verilmədiyi üçün onlar hazırda vəkillə məsləhətləşmələr aparırlar:

«Biz bilmirik ki, gənclər polisə hansı qisimdə çağırılır. Bu səbəbdən vəkillə məsləhətləşmələrdən sonra şikayət verəcəyik. Hesab edir ki, bununla gəncləri tutduqları yoldan çəkindirmək istəyirlər».

Səbail rayon Polis İdarəsindən isə bu məsələ ilə bağlı hər hansı məlumat almaq mümkün olmadı.

Mayın 25-də Bakı bulvarında aksiya zamanı 70-ə yaxın şəxs saxlanmışdı. Onlardan 3-ü barəsində 5-6 sutkalıq inzibati həbs qərarı verilmişdi