Bakıda polisin öldürülməsinin təfərrüatları

Hadisə ilə bağlı prokurorluqda cinayət işi başlanılıb

İyunun 8-də Bakı şəhərinin Sabunçu rayonu ərazisində xidmət aparan yol polisi nəfərinin avtomobillə vurularaq öldürülməsi ilə əlaqədar rayon prokurorluğunda cinayət işi başlanılıb. Lent.az-ın məlumatına görə, Sabunçu qovşağı yaxınlığında 21 yaşlı Hüseynov İsmayıl Rəfael oğlunun 10 MB 839 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillə polis serjantı Mehman Kərimovu vurması ilə əlaqədar Cinayət Məcəlləsinin 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olduqda) maddəsi ilə iş başlanılıb. İ.Hüseynov həbs edilib.

Qeyd edək ki, İ.Hüseynov hadisəni törədərkən onun taksi kimi istifadə etdiyi avtomobilində iki sərnişin olub. Avtomobilin sürücüsü Sabunçu-Zabrat yolunda hərəkətə birtərəfli icazə verilməsinə baxmayaraq əks zolağa çıxıb və yol polisləri onu saxlamağa çalışıb. Bu zaman o, geri qayıdıb və Sabunçu körpüsünə doğru irəliləyib. Polis naryadları qarşıda xidmət aparan M.Kərimova İ.Hüseynovun idarə etdiyi “VAZ 2107”-ni saxlamağı bildiriblər. Sabunçu qovşağından Heydər Əliyev prospektinə (aeroport şossesi istiqamətinə) keçdikdə M.Kərimov qeyd olunan sürücünü saxlamağa cəhd göstərib və yolun ortasına çıxıb. İ.Hüseynov isə avtomobili saxlamayıb və polis serjantını vurub. M.Kərimov hadisə yerində ölüb.

İ.Hüseynov ilkin dindirmə zamanı bildirib ki, sürücülük vəsiqəsi olmadığından avtomobili saxlamaq istəməyib. Günahı sübuta yetirilsə, onu 3 ildən 7 ilədək həbs cəzası gözləyir.