Əli Həsənov: «ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatları boş sözlərdən başqa bir şey deyil»
“Ermənilərin cəbhədəki təxribat cəhdləri onların qorxduğunu göstərir. El arasında bir deyim var. It qorxusundan hürür. Bu da ona bənzəyir”. Bu açıqlamanı jurnalistlərə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov verib(APA).
O son zamanlar Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən hadisələri təxribat adlandırıb:”Baş verənləri təxribatdan başqa bir şey hesab etmirəm. Hesab edirəm ki, ABŞ-ın dövlət katibi Hillari Klintonun səfəri Ermənistana himayədarlıq edən dövlətləri qane etmir və bu təşkilati işlərdə iştirak edirlər. Ermənilər bununla iç üzlərini dünyaya göstərirlər”.
Əli Həsənov ATƏT-in Minsk Qrupunun fəaliyyətini də sərt tənqid edib:”Iyirmi ildir həmsədr dövlətlər hər iki dövləti müharibədən çəkinməyə dəvət edirlər. Amma özləri heç bir addım atmırlar. Bəyanat vermək asandır. Bu bəyanatı verənlər, bu problemin həllində iştirakı olanlar hansı addımı atırlar? Problemi həll etmək üçün hansı işlər görürlər? Əgər belə yanaşsaq, onların bəyanatları boş sözlərdən başqa bir şey deyil”.