“ABŞ-la uğurlu əlaqələr daxili islahatlardan asılıdır”

Metyu Brayza: “Əgər Azərbaycan demokratiya daxil olmaqla bütün bu sahələrdə islahatları sürətləndirsə…”

“Diplomatik karyera müddətimdə hiss etdim ki, əvvəlki rəhbərlik kimi prezident Obama və dövlət katibi Klinton təhlükəsizlik, enerji və daxili islahatlar sahəsində ABŞ-Azərbaycan əlaqələrinin strateji əhəmiyyətinin fərqinə varır.

ABŞ-Azərbaycan arasında uzunmüddətli uğurlu əlaqələr daha çox üçüncü faktordan – Azərbaycanın daxili islahatlarından asılıdır”.
Bu sözləri ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Gun.az” saytına müsahibəsində deyib.
Keçmiş səfir bildirib ki, Azərbaycanın artıq yaxşı nəticələr gətirməkdə olan və iqtisadiyyatın neft-qaz sektorundan kənar sektorlarda diversifikasiyasını təmin edəcək iqtisadi islahatları davam etdirməsi çox önəmlidir. Onun fikrincə, islahatların növbəti mərhələsi, xüsusilə də təhsil sahəsində islahatlar mərhələsi eyni dərəcədə önəm daşıyacaq.

“Əgər Azərbaycan demokratiya daxil olmaqla bütün bu sahələrdə islahatları sürətləndirsə növbəti illərdə ABŞ-ın ona güclü tərəfdaş olduğunu görəcək”, – deyə o qeyd edib.

Brayza hesab edir ki, ABŞ da öz növbəsində lazım olduqda konstruktiv tənqidlər irəli sürməli, eyni zamanda Azərbaycanda müsbət inkişaf olduqda bunu təsdiq etməlidir. Onun fikdirncə, uğurlu ABŞ-Azərbaycan əlaqələri həmçinin Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin həllində daha çox cəhdlər etmək tələbini ortaya qoyacaq.
“ABŞ prezidentinin Azərbaycanın qonşusu olan Rusiyanın prezidenti qədər Minsk Qrupunun işində eyni dərəcədə fəal olacağını ehtimal etmək real deyil. Lakin ABŞ rəhbərliyi Azərbaycan və Ermənistan liderləri arasında etimadın qurulmasında əsas rol oynaya bilər. Belə bir etimad hər iki ölkənin liderlərinin hələ 2009-cu ilin ortalarında Minsk Qrupu çərçivəsində bağlanması gözlənilən çərçivə sazişinin bağlanması üçün tələb olunan ağır kompromislərə getmələri üçün ilkin şərtdir”, – deyə Brayza bildirib.
Dağlıq Qarabağ münaqişəsinin 2012-ci ildə həlli perspektivinə dair suala cavabında keçmiş səfir deyib ki, bu il münaqişənin həllində ciddi irəliləyiş olacağını gözləmir. Onun fikrincə, Minsk qrupu həmsədrləri ötən ilin iyun ayında baş tutan Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı qeyri-real şəkildə böyük irəliləyişin olacağı ilə bağlı ümidləri artırıb. Brayza hesab edir ki, vasitəçilər hər şeydən əvvəl Azərbaycan və Ermənistan prezidentləri arasında etimadı bərpa etməlidirlər. “ABŞ prezidenti və dövlət katibi bu məsələ ilə bağlı regiona səfər, telefon danışıqları və liderlərlə digər növ əlaqədar, Fransa və Rusiya həmkarları ilə koordinasiya formasında ciddi töhfələr verə bilərlər”, – deyə o əlavə edib.