Emin Hüseynov: «Siyasi azadlıqlar məhdud olan ölkədə interneti tam azad adlandırmaq mümkün deyil»
Azərbaycan hakimiyyəti ölkədə internetə senzuranın olmadığını dəfələrlə dilə gətirsə də, real vəziyyət xeyli fərqlidir. Belə ki, ara-sıra bir sıra saytlara girişin məhdudlaşdırılması ilə yanaşı, sosial şəbəkələrdə fəal olanlara qarşı da təzyiqlər olur. Bu məsələ artıq Avropa Birliyi səviyyəsində də müzakirə predmetinə çevrilib.
Avropa Birliyinin genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti komissarı Ştefan Füle Brüsseldə “Rusiya və Şərq Tərəfdaşlığı ölkələrində xəbər mediasının vəziyyəti” mövzusunda keçirilən tədbirdə bu məsələyə toxunub. O, Şərq Tərəfdaşlığına qoşulan ölkələrin əksəriyyətində, o cümlədən Azərbaycanda azad mətbuatın olmadığını, mediaya təzyiqlərin artdığını deyib. Füle hətta Azərbaycandakı vəziyyətdən şoka düşdüklərini də dilə gətirib. Azərbaycanla bağlı müzakirələrdə burada internet senzurasının olmaması fikri ilə razılaşmayan Füle hakimiyyətin xüsusilə sosial şəbəkələrin istifadəsinə əngəl törətdiyini vurğulayıb.
Əslində vəziyyət necədir və Azərbaycanda internet üzərində senzura hansı səviyyədədir?
Reportyorların Azadlığı və Təhlükəsizliyi Institutunun direktoru Emin Hüseynov internetdə texniki bloklaşdırmanın geniş yayılmadığını deyir. Bununla belə ara-sıra bəzi internet resursları, xüsusilə də müxalifət qəzetlərinin saytlarına hücumlar edilir və sıradan çıxarılır. Lakin Azərbaycanda əsas problem sosial şəbəkələrdə fəal olan şəxslərin təzyiqlə üzləşməsidir.
E.Hüseynov hesab edir ki, siyasi azadlıqlar məhdud olan ölkədə interneti tam azad adlandırmaq mümkün deyil. Azərbaycanda da internet qismən azaddır. Eyni zamanda internetin bir sıra digər problemləri var. Bu sahədə bütün neqativ halların araşdırılması üçün isə bu aydan “Sərbəst internet sərbəst insanlar üçün” kampaniyasına strat verilir. E.Hüseynovun sözlərinə görə, altı ay ərzində Azərbaycanda internetdə olan nöqsanlar öyrəniləcək. Bununla bağlı hər ay dəyirmi masaların keçirilməsi də planlaşdırılır: “Azərbaycanda internet fəallarına təzyiqlər olur. Bu yaxınlarda 50-yə yaxın gənc fəalı polisə çağırıblar. Əminəm ki, bu, onların internetdəki fəalliyyətinə görədir. Kanalların buraxılış qabiyyətinin azalması halları olur. Ancaq monitorinqsiz konkret nəsə demək qeyri-peşəkarlıq olardı. Altı ay ərzində monitorinq aparıb öz dəqiq rəylərimizi hər ayın sonunda açıqlayacağıq”.
Fizzə


