Kəmalə Bənənyarlını polis adından həbs edən mülki geyimlilər kimlər olub?
AXCP Qadınlar Şurasının üzvü Kəmalə Xəlilova (Bənənyarlı) iyunun 9-da “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında saxlanılıb. Bir qədər sonra o, sərbəst buraxılıb. Hadisəni “Azadlıq” qəzetinə nəql edən K.Xəlilova deyib ki, onu metrostansiyanın yaxınlığında avtobusa minərkən 2 nəfər mülki geyimli saxlayıb. Onu avtobusdan düşürərək bildiriblər ki, işlətdiyi mobil telefonu hardan aldığına dair izahat verməlidir. Mülki geyimlilər Kəmalə Xəlilovaya onlarla bölməyə getməli olduğunu deyiblər və onu taksiyə əyləşdirmək istəyiblər. AXCP fəalı isə bundan imtina edib və rəsmi qaydada polis maşını çağırılmasını, bölməyə də polis maşınında aparılmasını tələb edib. Lakin mülki geyimlilər polis maşını çağırmayıblar və Kəmalə Xəlilova polis bölməsinə aparılmayıb.
Bu müddətdə Kəmalə Xəlilovanı naməlum şəxslərin saxladığı haqda yerli media xəbərlər yayıb, bununla bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb və 102 xidmətinə zəng olunub.
Kəmalə Xəlilova hesab edir ki, belə səs-küy yarandığı üçün ona qarşı qanunsuz hərəkəti inkişaf etdirmək mümkün olmayıb. Mülki geyimlilər on bir qədər saxlayandan sonra sərbəst buraxmağa məcbur olublar.
Kəmalə Xəlilovanın saxlanılması adam oğurluğu hesab edilə bilər. Çünki qanunvericiliyə görə polis vətəndaşı saxlayarkən əvvəlcə özünü ona təqdim etməli, saxlanılan şəxsə onun hüquqlarını izah etməlidir. Həmçinin vətəndaşa yaxınlarından kiməsə və yaxud vəkilinə saxlanıldığı barədə məlumat verməsi təmin olunmalıdır. Lakin Kəmalə Bənənyarlı ilə bağlı bu qanuni prosedurlar baş verməyib. Cəbhəçi xanımı saxlayan mülki geyimlilər nə özünü təqdim edib, nə də ona hüquqlarını izah ediblər. Hətta onu polis bölməsinə aparmaq üçün polis maşınını belə çağırmayıblar. Mülki geyimlilərin polis olması da bəlli deyil. Bu faktiki olaraq adam oğurluğundan başqa bir şey deyil.
Bu olayla bağlı hüquq müdafiəçiləri və ekspertlərin fikirlərini də dinləyək.
Hüquq müdafiəçisi Leyla Yunusun sözlərinə görə, hansısa şəxsi saxlayanda polis öncə özünü təqdim etməlidir: “Həmçinin şəxsi nə üçün saxlamasını bəlli edən sənəd təqdim etməlidir. Bundan sonra isə saxlanılan şəxsi nə üçün həbs etməsinin səbəbini söyləməlidir. Hansısa qaydaların pozulması mütləq müəyyənləşdirilməlidir. Lakin heç bir sənəd və əsaslı sübut olmadan insanları tutub saxlamaq qanunsuzluqdur. Bu, eləcə də ölkə Konstitusiyasının tələblərinin pozulmasıdır. İnsanları getdiyi yerdə əsas olmadan saxlayaraq polisə getməyi tələb etmək adam oğurluğu kimi bir şeydir”.
Tanınmış vəkil Müzəffər Baxışov sözügedən olay barədə bunları deyib: “Müvafiq qanunvericiliyə görə polis şəxsi saxladığı vaxt öncə özünü təqdim etməlidir. Bundan sonra digər məsələlər icra olunmalıdır. Yəni o, vətəndaşlardan, fiziki şəxslərdən, vətəndaşlığı olmayan şəxslərdən şübhələnirsə, özünü şifahi şəkildə deyil, rəsmi formada təqdim edərək xidməti vəsiqəsini göstərməlidir. Amma o özünü təqdim etmədən göz altına aldığı şəxsin mülkiyyətində olan əşyalarla maraqlanaraq bu və ya digər formada sual-cavab edə bilməz. Belə olan halda, həmin xanım hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Özünü qəsdən vəzifəli şəxs kimi təqdim etmək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsinə görə cinayət məsuliyyətinə səbəb olan bir əməldir”.
Müzəffər Baxışov deyib ki, özünü polis kimi təqdim edərək şəxsin mülkiyyətində olan bu və ya digər əşyanın mənbəyini soruşmaq cinayət əməlidir: “Polislər özünü təqdim etmədən belə hərəkətləri həyata keçirirsə, onlar qulluq səlahiyyətini aşır. Bununla da Cinayət Məcəlləsinin 209.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş olur. Qanun polis işçisinin hansı prosedur qaydaları vətəndaşlara tətbiq etməsini və bundan sonra bu və digər məsələlərlə, şübhəli məqamlarla bağlı vətəndaşlara sual vermək ixtiyarı verir. Bütün bunlara əməl edilmədiyi üçün bu hərəkətlər vətəndaşa qarşı qanunsuz şəkildə edilib və həmin hərəkətlər nəticəsində vətəndaş müəyyən sarsıntılar keçirib”.
Müzəffər Baxışov bildirib ki, bu iş hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır: “Əgər onlar hüquq-mühafizə orqanı əməkdaşı deyilsə, bu şəxslər barədə 310-cu maddəylə, hüquq-mühafizə olrqanı əməkdaşlarıdırsa, bu şəxslər barədə CM-in 209.1 maddəsiylə cinayət işi başlanmalıdır”.
Xatırladaq ki, Kəmalə Xəlilova fəallığı ilə fərqlənən AXCP üzvlərindəndir. O, fəallığına görə dəfələrlə təzyiq və müvəqqəti həbslərə məruz qalıb. Son günlər yenidən hədələnir və təqib olunurdu.
Azad