ABŞ-la Əliyevin münasibətləri yolundadırmı?

Zəfər Quliyev: «Azərbaycan tərəfinin Klintonun səfərini bu cür qiymətləndirməsi avans xarakteri daşıyır»

ABŞ dövlət katibi Hillari Klintonun regiona səfərindən sonra rəsmi mətbuat Bakı ilə Vaşinqton arasında münasibətlərin yüksək səviyyədə olduğunu önə çəkməyə çalışır. Bu zaman dövlət katibinin səfəri zamanı insan haqları və demokratiya sahəsinə diqqət yetirilməsi məsələsini kölgədə saxlamağa çalışırlar.
Ancaq qeyd etmək lazımdır ki, hələ regiona səfərdən əvvəl xanım Klinton Braziliyada olarkən avtoritar rejimlərə ünvanlanan mesaj səsləndirib. Lakin rəsmi təbliğat bu kimi məqamları ört-basdır etməyə çalışır. Bu məqama da diqqət yetirmək lazımdır. ABŞ bir çox məsələlərdə, o cümlədən insan haqları, demokratiya məsələləri ilə bağlı AI ilə həmrəy olduğunu dəfələrlə bəyan edib. Azərbaycanın isə bu qurumla münasibətləri gərgindir. Gərginliyə səbəb də məhz insan haqları və demokratiya sahəsində olan problemlərdir. Belə olan halda Azərbaycanın ABŞ-la münasibətlərinin normal olmasından danışmaq olarmı?
Politoloq Zəfər Quliyev hazırda Azərbaycanın real təhlükələrlə üz-üzə olduğunu, o cümlədən Iranla gərgin münasibətlər yaşandığını deyir. Bundan əlavə, Rusiya ilə münasibətlərdəki soyuqluğu, cəbhədəki son gərginliyi, real müharibə təhlükəsini də qeyd etmək olar. Belə bir durum Azərbaycanı Amerikaya, Qərbə doğru addımlar atmağa məcbur edir. Bu baxımdan rəsmi Bakının ABŞ-la münasibətlərin normal olması barədə səsləndirdiyi bəyanatları anlamaq olar. Ancaq bu, daha çox gələcəyə hesablanmış bəyanatlardı. Ekspertin sözlərinə görə, Azərbaycanla Avropa strukturları arasında ciddi problemlər olsa da, Qərb ölkəmizdən müəyyən addımlar gözləyir. Eyni zamanda Azərbaycanı Irandan, Rusiyadan gələ biləcək təhlükələrdən qorumağa çalışır. Azərbaycan tərəfinin Klintonun səfərini bu cür qiymətləndirməsi isə avans xarakteri daşıyır.

Fizzə