“127”nin üçüncü dustağı

Qənimət Zahidin çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Starşinanın bu günü çox məhsuldar və bərəkətli imiş. Nəbi namazın yarısına çatmamış, “127″nin qapısı bir daha açıldı və kameraya orta boylu, dolu bədənli, üzündə əhli-şiə saqqalı olan 40-45 yaşlı daha bir adam daxil oldu. Onun ”salaməleyküm”ündən dərhal anlamaq olurdu ki, namaz əhlidir. “Amma bu mövsüm şiə ovu mövsümü deyil”, – düşündüm. Dərhal da bu adamı harada gördüyümü xatırlamağa çalışdım. Profildən seyr edən kimi də yadıma düşdü. Yəni, mən ona “sağa dön” deyə müraciət etmədim. O, əlindəki iri sellofan paketləri dolabın üstünə qoymaq üçün yana çevriləndə profildən müşahidə etdim ki, bu adam mənim ən yaxın keçmişlə bağlı xatirələrimin arasında həkk olunmuş adamdır.
Onun çox arxayın görkəmi vardı. Sifətində heç bir narahatlıq elementi yox idi. Qara qış gödəkçəsinin açıq yaxasından görünən bir neçə qat qalın yun köynək geyindiyindən anlaşılırdı ki, onu, məsələn, Nəbi kimi tələm-tələsik tutmayıblar. Ya da tutulan kimi arxasınca gəlib geyim və yemək təchizatı ilə bağlı düşünən dostları-yaxınları olub.
Bu, həmin adam idi və mən ondan cəmi bir neçə saat əvvəl ayrılmışdım. Doğrudur, orada – məhbusları Bayıl türməsinə gətirən dustaq maşınında bu adam nəzərə ən az çarpan idi. Maşının mənim oturduğum bölməsindəki 11 adamdan tam doqquzu peşəkar və ya natural cinayətkar idi. Onlar səs-küylə danışır, konvoylarla ehtiyatlı, bir ayağını qaçaraq qoyaraq zarafatlaşır, hətta bu zarafatların arasında bir-birinə eyham vurğusunu da göstərmək istəyirdilər ki, “görürsünüz, mənim konvoy-zad vecimə deyil”. Bu 9 nəfərdən ikisi lap yeniyetmə idi: 15-16 yaşları olardı. Söhbətlərindən anlaşılırdı ki, Binəqədi bazarının həndəvərində dava-dalaş saldıqlarına və bir nəfəri bıçaqladıqlarına görə tutulublar. Həmin uşaqlar, şübhəsiz, azyaşlıların həbsxanasına atılacaqdılar: onların davranışlarından və görkəmlərindən rahatca anlaşılırdı ki, bu uşaqların dalınca bir köpəyoğlu gəlməyəcək. Bu darısqal konvoy maşını əməlli-başlı cinayətkar yığını idi və bu yığnağın arasında indi “127″nin qapısından içəri salınan, kəmali-ədəblə salam verən adam öz ədəbi və qeyri-cinayətkar məzmunu ilə fərqlənirdi.
O, torbaları səliqə ilə dolabın üstünə yerləşdirəndən sonra mənə yaxınlaşdı, şifahi salamlaşmanın mabədi olaraq əllə görüşməyə təşəbbüs də göstərdi. Mən təbii, müsbət reaksiya ilə cavab verdim və azacıq kənara çəkilib ona əyləşmək üçün yer elədim. Çarpayıda əyləşib, “adım Rahibdir” – dedi. Mən də adımı dedim və mənim adımı eşidən kimi üzümə daha diqqətlə baxıb: “Hə, bildim. Sizin həbs edilməyiniz barədə xəbəri radioda eşitdim. Sonra gəlib məni də tutdular…”
Bu “sonra gəlib məni də tutdular” o qədər təbii səsləndi ki, sanki mən həbs edilməsəydim, kimsənin Rahiblə işi olmayacaqdı. Yəqin ki, yuxarıda namazın son duaları ilə özünə Allahdan rəhm diləyən Nəbinin qulaqları söhbətimizdə olsaydı, bizim eyni cinayət şəbəkəsinə daxil olduğumuzu düşünərdi. Nəbi namazın ən ekstrasensual mərhələsində olduğundan və mən də Rahibi yalnız dustaq maşınında – “voronokda” – gördüyümdən belə bir qənaət yaranmadı. Amma hər halda, Rahib mənə yaxın adam təsiri bağışladı. Asta və təmkinli danışığı, özünü tox tutma bacarığı, həbsxana kimi yaramaz bir məkanı da taleyin mümkün təbii ünvanlarından biri olaraq qəbul edəcək şəxs kimi görünməsi qarşı tərəfdə müsbət emosiya oyadırdı.
Nəbi namazı bitirib özünü aşağı atandan sonra Rahibin salamını sözün “əleyküm” hissəsində yağlı bir ləzgihəngi “e” işlətməklə qəbul etdi və bizimlə üzbəüz çarpayıda əyləşdi.
Rahib mənim səsli, Nəbininsə səssiz olaraq ünvünladığımız “nə məsələdir?” sualına çox səliqəli şəkildə cavab verməyə başladı: “Mənim səsyazma studiyam vardı – ”Böyük şahinlər”. Günün birində gəldilər ki, studiyanı satmalısan. Mən razılaşmadım. Sonra yenə gəldilər ki, studiyanı bağlamalısan. Mən razılaşmadım. Daha sonra gəlib studiyanın altını üstünə çevirdilər, məni də tutdular. Nə əvvəl, nə sonra gələnlər heç kimin adından təqdim olunmadılar. Amma lap axırda gələnlərin dövlət adından danışdıqlarına daha şübhəm yoxdur. Amma heç cür başa düşmürəm ki, əvvəl gələnlərin qanunsuz tələblərilə mənim qanun adına həyata keçirilən həbsimin arasında hansı əlaqə ola bilər? Balaca bir studiya idi. Müğənnilərlə razılaşıb onların disklərini buraxırdıq. Çörək pulu qazanırdıq. Ailəni nə təhərsə saxlamaq lazımdır, ya yox? Oğurluq etmirəm, quldurluq etmirəm. Mənim bu balaca studiyam kimə mane ola bilərdi ki? Hələ də çaşbaş qalmışam. Tutdular, polisə apardılar, səhəri gün məhkəməyə sürüdülər, iki aylıq həbs-qətimkan tədbiri, indi də Bayıl…”
Mən Rahibin əslində, ünvansız olan sualını cavablandırmağa cəhd elədim:
– Səni ona görə tutublar ki, 941-ci ildə Gilan hökmdarı Mərzban ibn Məhəmməd paytaxtı Ərdəbil şəhəri olan Sacilər sülaləsinin sonuncu hökmdarı Deysəmi məğlub edib və onun səltənətini əlindən alıb!
Rahibin çox təmkinli görünən sifəti heyrətdən dondu. Nəbi, ümumiyyətlə, heç nə anlamadığını qəbul edib baxışlarındakı sual işarəsini bir qədər də böyütdü. Nəbinin bu qalın və yağlı sual işarəsini Rahib yumşaltmağa çalışdı. Ona elə gəldi ki, mən ya dəliyəm, ya da hələ bərkiməmiş münasibətlərimizin üzərində çox məzmunsuz zarafat edirəm. “Necə yəni, Sacilər? Gilan hökmdarı nə deməkdir? Bunların mənə nə dəxli var?..” – amma onun səsində əvvəlki təmkindən əsər-əlamət qalmadı, narahat görünməyə başladı.
– Sən mənə deyə bilərsənmi, Azərbaycanda indi ən “bərk gedən” səsyazma studiyası hansıdır?
– “Səbuhi”.
– Dəqiq, yoxsa, “Səbuhi”nin də kitabını bağlayırlar?
– Hə, doğrudur, onların da nəfəsini kəsirlər.
– Bəs, axı kimsə olmalıdır? Indi sənin dediyindən belə çıxır ki, Azərbaycanda daha səsyazma studiyası olmayacaq?
– Hə… Doğrusu, bilmirəm. Ola bilər, kimsə olsun, amma 941-ci ildə hansı hökmdarın hansı hökmdarı məğlub etməsinin bizim səsyazma təsərrüfatına heç bir dəxli ola bilməz. Siz min il əvvəlki olaylardan danışırsız, amma səsyazma sənətinin bütün dünyada tarixi 150 ildən o tərəfə gedib çıxmır. Azərbaycanda isə heç yüz il də deyil. Mən bu işin tarixi ilə xüsusi maraqlanmamışam, amma bildiyim budur ki, 1920-ə qədər azərbaycanlı müğənnilərin səsini avropalılar vala yazırdılar. 1000 il əvvəl dulusçuluq-filan vardı. Küpün üzərinə də səs yazmırdılar.
– Amma küpün içinə qızıl yığırdılar…

Ardı var