Naxçıvanın “xan”ı Heydərovun nəzarət etdiyi gömrük komitəsini parçaladı
Xəbər verildiyi kimi ölkə başçısı Ilham Əliyevin 4 iyun tarixli fərmanı ilə Dövlət Gömrük Komitəsi (DGK) haqqında əsasnaməni və komitənin strukturu təsdiq edilib. Yeni əsasnamədə əsas diqqət çəkən məqamlardan biri Naxçıvan Muxtar Respublikası DGK-nın Azərbaycan Respublikası DGK-nın strukturundan çıxarılmasıdır.
Hələ bir müddət əvvəl Naxçıvanda yanacaq krizi yaranmışdı. Muxtar Respublikaya yanacaq daşıyan maşınlar ora buraxılmırdı. Sürücülər problemin gömrük komitəsi tərəfindən yaradıldığını bildirirdilər. “Azadlıq”ın araşdırmaları nəticəsində bəlli olmuşdu ki, DGK-ya nəzarəti həyata keçirən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvana yanacaq buraxılmamasını tapşırıb. Problemin kökündə “fövqəlnazir”lə Naxçıvanın Ali Məclis sədri Vasif Talıbov arasındakı ziddiyyətlər dayanırdı. Bundan başqa Kəmaləddin Heydərov Naxçıvana daşınan yanacağın qaranlıq məqsədlər üçün istifadə ediləcəyindən və bu məsələdə adının hallancağından ehtiyat edirdi. Naxçıvana yanacağın buraxılmaması isə Muxtar Respublikada bahalaşmaya səbəb olmuşdu. Bu məsələ Vasif Talıbovla Kəmaləddin Heydərovun münasibətlərindəki gərginliyi daha da şiddətləndirmişdi. Sonradan Vasif Talıbov problemi yoluna qoya bildi. Amma deyəsən Ali Məclis sədri bununla kifayətlənmək istəməyib. Naxçıvanın DGK-sının ayrıca quruma çevrilməsinə nail olmaqla Kəmaləddin Heydərova ciddi zərbə vurub.
Hikmət