Vəfa Quluzadə: «ABŞ-ın münaqişəyə dair yeni yanaşması Azərbaycandan yenidən daha çox güzəştlər qoparmağa hesablanıb»
Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin iyunun 18-də Parisdə görüşü nəzərdə tutulub. E.Məmmədyarov görüşdən əvvəl açıqlamasında bildirib ki, Parisdə görüşdə Azərbaycan Ermənistan tərəfinə başa salmağa çalışacaq ki, bundan sonra da status-kvonun saxlanması qəbuledilməzdir. Maraqlıdır ki, bir qayda olaraq Azərbaycanla Ermənistan təmsilçilərinin görüşü Rusiyada baş tuturdu. Amma bu dəfə görüşün məkanı dəyişdirilib. Digər tərəfdən, maraqlı məqamlardan biri odur ki, hər iki ölkənin baş diplomatlarının görüşündən əvvəl ABŞ dövlət katibi Hillari Klinton bəyan edib ki, Qarabağ münaqişəsinin həlli üçün yeni yanaşma təklif ediləcək. Amma Klinton bu yanaşmanın prinsiplərinin nədən ibarət olacağına aydınlıq gətirməyib.
Mövzu ilə bağlı yaranan suallara politoloq Vəfa Quluzadə ilə cavab verməyə çalışdıq. V.Quluzadə bildirdi ki, hazırda danışıqlar prosesinin münaqişənin həllinə yaxın olduğunu söyləmək olmaz. ABŞ-ın dövlət katibi Madlen Olbrayt olan zaman problemin çözümündə ciddi irəliləyişə nail olunduğunu söyləyən V.Quluzadə vurğuladı ki, hər iki tərəf danışıqlar masasına əyləşməyə hazır idi. Ancaq Ermənistan partalmentində gözlənilməz atışma bütün planların üstündən xətt çəkdi. Bu hadisəni təsadüfi saymayan V.Quluzadə hesab edir ki, bu bir daha Ermənistanın Rusiyadan aslılığının hansı dərəcədə olduğunu göstərir: “Nə qədər ki, Rusiya Ermənistanda hökmrandır bu dövlət heç zaman müstəqil qərar verə bilməyəcək. Ermənistanın bunu etmək üçün siyasi iradəsi yoxdur. Diqqət yetirin, Hillari Klinton Tiflisdə olarkən Rusiyanı işğalçı adlandırdı. Amma Ermənistan və Azərbaycanda olanda Qarabağ probleminə görə Rusiyanı günahkar bilmədi. Münaqişənin həlli məsələsində Klinton gərək Olbraytın təcrübəsindən yararlansın. Düşünmürəm ki, hazırda verilən təkliflər bir nəticə verəcək”.
Bundan başqa, V.Quluzadə də bu ərəfədə cəbhə bölgəsində atəşkəsin pozulmasını təsadüfi saymır. Onun fikrincə, Rusiyanın təxribatı olan bu addım ABŞ-a bir mesajdır. Çünki ABŞ regionda münaqişənin yenidən alovlanmasını istəmir. ABŞ-ın münaqişəyə dair təzə yanaşmasının Azərbaycandan yenidən daha çox güzəştlər qoparmağa hesablanacağını düşünən V.Quluzadə vurğuladı ki, amma bu cür yanaşma nəticə verməyəcək. Çünki Rusiya ABŞ-ın vasitəçiliyi ilə problemin çözülməsini istəmir. Tərəflər arasında görüşün məhz Fransada keçirilməsinin səbəblərinə gəlincə, V.Quluzadə bildirdi ki, bu, Ermənistanı konstruktiv mövqeyə dəvət etməklə əlaqəlidir: “Belə düşünürlər ki, əgər görüşlər Rusiyada deyil, başqa məkanda keçirilərsə, bəlkə Ermənistan normal danışıqlar aparar. Amma bu faydasızdır. Çünki Rusiyanın Ermənistana təsiri çox güclüdür”,- deyə V.Quluzadə vurğuladı.
Hikmət