Rauf Arifoğlu: «Narahat olmasınlar, bizə onsuz da mümkün ola biləcək pisliyi ediblər»
Nəqliyyat nazirinin oğlu Anar Məmmədovun vəkilləri məhkəmənin “Ayı işi” üzrə “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin hər birinə kəsdiyi 4 min manatlıq cərimədən narazı qalıblar. Nazir oğlunun müdafiəçiləri hesab edirlər ki, bu, olduqca kiçik məbləğdir və qəzetlər daha böyük miqdarda cərimə ödəməlidirlər. Məhkəmənin qərarından narazı qalan vəkillər apellyasiya şikayəti verərək məbləğin artırılmasını tələb ediblər. Bu azmış kimi, iş üzrə keçirilən prosesdə A.Məmmədovun vəkilləri “Lazım gəlsə, ”Yeni Müsavat”ın fəaliyyətinə də son qoyarıq” deməklə qəzeti hədələyiblər.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu qarşı tərəfin aqressiv vəziyyətdə olduğunu deyir: “Əsəbiləşiblər ki, niyə ”Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin hər birini 4 min manat cərimələyiblər. Onların istədiyi daha yüksək məbləğdir. Ona görə də apelyasiya şikayəti veriblər. Vəkilləri də bizi hədələyib ki, bu işi sona çatdıracaqlar və lazım gəlsə “Yeni Müsavat” qəzetinin fəaliyyətinə son qoyacaqlar. Bu, ölkə məmurlarının söz və mətbuat azadlığına münasibətidir. Əlbəttə ki, Anar Məmmədov üçün bu məbləğ kiçik ola bilər. Azərbaycanın kasıb jurnalistləri üçün, hətta hökumətin yaratdığı fonddan pul alaraq yaşamını davam etdirmək məcburiyyətində qalan müstəqil qəzetlər üçün bu rəqəm həddən artıq böyükdür. Indiki iqtisadi durumda bu, hər iki qəzet üçün dəhşətli vəziyyət deməkdir. Bu baxımdan narahat olurlarsa, olmasınlar. Bizə onsuz da mümkün ola biləcək pisliyi ediblər. Amma bundan yuxarısına imkan verəməyəcəyik”. R.Arifoğlu qanunların imkan verdiyi bütün vasitələrdən istifadə edərək müdafiəni quracağaqlarını bildirib.