«Dünya Azərbaycan hakimiyyətinin göz yaşlarına inanmır»
İbrahim İbrahimli: «Qərb Azərbaycanın demokratiyanı imitasiya etməsi ilə razılaşmır və ölkədə ciddi dəyişikliklər mesajını verir»
Ölkədə son baş verən proseslərlə bağlı Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Ibrahim Ibrahimlinin mövqeyi ilə tanış olduq.
– Belə bir məlumat var ki, vaxtilə hakimiyyətə yaxınlığı ilə seçilən əslən Naxçıvandan olan şəxslər – bunların arasında Hüseyn Abdullayevlə Rza Ibadovun adını çəkmək olar – iqtidarın ünvanına sərt ittihamlar səsləndirib. Bu şəxsləri belə addım atmağa nə vadar edib?
– Hər bir vətəndaş ölkədə baş verəcək dəyişikliyin fərqində olmalıdır. Yəni hər bir vətəndaş tarixi-ictimai qanunauyğunluğun məntiqini dərk edir ki, dünya dəyişirsə, Azərbaycan da dəyişməlidir. Azərbaycan hakimiyyəti bu dəyişikliyi ləngidə bilər, ancaq qarşısını ala bilməz. Başlıca səbəb budur. Başqa, birbaşa fərdlərlə bağlı olan səbəb ondan ibarətdir ki, bu adamlar həm siyasi fəaliyyət, həm də biznes fəaliyyəti ilə məşğul olublar. Mövcud kapitalın mənbəyindən asılı olmayaraq onu istifadə etmək üçün sərbəst, şəffaf şəraitə ehtiyac var. Yəni hətta çirkli kapitalın özü də təhlükəsizliyini təmin etmək üçün azad münbit şəraitə ehtiyac duyur. Azərbaycanın iş və siyasət adamları bu istəyin fərqindədirlər. Bunlar Avropaya gedir-gəlir, orda baş verən prosesləri görür, dünya görüşləri artıq dəyişib. Baş verən dəyişikliyin də fərqindədirlər. Artıq yeni proses başlayıb. Hakimiyyət nümayəndələrinin övladları Avropada təhsil alıb, Avropa dünyagörüşünə yiyələniblər. Bu gün onlar Azərbaycana qayıdıb öz atalarına qarşı dayanır. Onlar ölkənin həm iqtisadi, həm siyasi cəhətdən azad, şəffaf olmasında maraqlıdırlar. Istər Hüseyn Abdullayev, istərsə də Rza Ibadov Azərbaycan siyasətində, ictimai həyatında tanınmış adamlardı. Bu gün belə bir həssas məqamda kimsə öz sözünü deyirsə, bunu alqışlamaq lazımdır.
“İndi milli mənsubiyyəti məlum olmayan insanların hakimiyyətidir”
– Belə bir fikir var ki, bu şəxslərin bu cür fəallaşmasında hazırda hakimiyyətdə təmsil olunan Naxçıvan qruplaşmasının da rolu var. Buna da səbəb Paşayevlər klanı ilə aralarında yaranan problemdir. Bununla bağlı nə deyə bilərsiniz?
– Heydər Əliyev regional faktordan istifadə edərək bundan hakimiyyətə gəlişində bəhrələndi. Ancaq Heydər Əliyevdən sonra ölkəyə külli miqdarda kapital gəlməyə başladı. Bu kapital özü ilə bərabər neqativlər və pozitivlər gətirirdi. Ilham Əliyevin hakimiyyətə gəlişi klassik Heydər Əliyev metoduna münasibəti dəyişdi. Ilham Əliyev regionda böyümədiyinə görə onda regionçuluq təəssübkeşliyi yox idi. Digər tərəfdən, oliqarxların külli miqdarda kapital əldə etməsi artıq mübarizənin müstəvisini dəyişdi, klanlararası mübarizəyə çevrildi. Nəzərə almaq lazımdır ki, indi etnik, milli mənsubiyyəti məlum olmayan insanların hakimiyyətidir. Ancaq Azərbaycan milliyyətindən olmayanlar bu millətə qarşı bu cür siyasət yürüdə bilər. O baxımdan hakimiyyətdaxili qarşıdurmalar təbii ki, yeni çalarlar aldı. Amma Paşayevlərin gəlişi ilə klassik müstəviyə qaytarmaq cəhdləri oldu. Bu da hakimiyyət daxilində qərbi azərbaycanlı-naxçıvanlı klanının mövqelərinin bir araya gəlməsi, möhkəmləndirilməsi istiqamətində cəhdlərə səbəb oldu. Indi hakimiyyət daxilində üz-üzə dayanan Bakı-Şirvan və Naxçıvan-Ermənistan klanlarıdır. Baş verəcək dəyişiklikdə hər kəs öz taleyini düşünür. Hər iki klan iqtisadi imperiyalarını qurub. Bu qədər kapitalı olan insanlar təbii ki, öz kapitalının təhlükəsizliyi ilə bağlı çox narahatdılar. Ən başlıca narahatçılıq hakimiyyətə gələcək adamın o klanlara münasibətinin necə olacağı ilə bağlıdır. Bu baxımdan regional faktor ətrafında konsolidasiya prosesi özünü ciddi şəkildə büruzə verir.
“Ya yuxarıdan, ya da aşağıdan inqilab olmalıdır”
– Adətən, beynəlxalq aləmin avtoritar rejimlərə təpkiləri artanda hakimiyyət daxilində parçalanmalar baş verir. Baş verənləri bu parçalanmanın görsənişi hesab etmək olarmı?
– Hakimiyyət aqoniya vəziyyətindədir. Təbii ki, hakimiyyət daxilində parçalanma müşahidə olunur. Beynəlxalq təzyiqlərin artması, regional şərtlərin dəyişməsi daxili şərtlərin dəyişməsinə təsir göstərir. Bu fonda hakimiyyətdaxili parçalanma əlamətləri görünməlidir. Amma hakimiyyət daxilində formalaşan qruplar kommunist, komsomolçu təfəkkürlü mühafizəkar qruplaşmalardı. Bunlar artıq elə səviyyədə formalaşıb ki, özlərini müdafiə etmək üçün hansısa güc mərkəzindən qarantiya almaq istəyir. Indi hakimiyyət daxildində iki güc mərkəzi var. Biri Paşayevlərə məxsusdu. Kapitalının təhlükəsizliyini təmin etmək üçün hakimiyyətdə təmsil olunan məmurlar o mərkəzin ətrafına toplaşır. Ikinci güc mərkəzi isə Ramiz Mehdiyevə məxsusdur. O da artıq öz mövqelərini itirməyə başlayıb. Bu baxımdan yeni güc mərkəzi formalaşır. Bu da siyasi hakimiyyətin parçalanmasına imkan vermir. Qruplararası münasibətlər elə mütanasib vəziyyətdədir ki, siyasi hakimiyyəti parçalamağa qoymur. Hakimiyyəti parçalamaq üçün mühafizəkarlardan əlavə hakimiyyətdə gərək islahatçı qrup ola ki, bu ziddiyyətdən bəhrələnib siyasi hakimiyyətin parçalanmasına təsir göstərə bilsin. Ancaq hakimiyyət daxilində islahatçı qrup qalmayıb. Bu sistemin özü belə bir vəziyyət yaradıb ki, hər kəsin əli cinayətə batıb, çirkin proseslərin iştirakçısı olub. Ancaq hakimiyyəti parçalaya biləcək qüvvəyə ehtiyac var. Belə bir qüvvə hakimiyyətdən kənarda formalaşmalıdır. Bu, müxalif qüvvədir. Indi Azərbaycanda elə vəziyyət yaranıb ki, yeni formalaşacaq güc mərkəzləri özünü alternativ güc mərkəzi kimi təqdim etməkdədir. Bura Ictimai Palatanı aid etmək olar. Bu da hakimiyyətdaxili parçalanmaya təsir göstərəcək. Hakimiyyətin özü elə bir vəziyyətdədir ki, onun parçalanmağa ehtiyacı yoxdur. Hakimiyyət beynəlxalq təzyiqlərin qarşısında tab gətirə bilmir. Ya parçalanıb məğlub olmalıdır, ya da bunun qarşısını almaq üçün islahata getməlidir. Azərbaycan elə yol ayrıcındadır ki, ya yuxarıdan, ya da aşağıdan inqilab olmalıdır.
“Hakimiyyət başını itirib”
– Hakimiyyət var qüvvəsi ilə Avropa Ittifaqına qarşı hücuma keçib. Iranla münasibətlər gərgindir, Rusiya və Türkiyə ilə münasibətlərdə soyuqluq müşahidə olunur. Belə bir vəziyyət nəyin görsənişidir və nə qədər davam edə bilər?
– Bu da aqoniya ilə bağlıdır. Hakimiyyətin uzun müddət təriflədiyi balanslaşdırılmış siyasətin iflasa uğraması ilə bağlıdır. Zaman-zaman deyilib ki, Azərbaycan özünün strateji seçimini etməlidir. Regionda proseslər elə vəziyyətə gəlib çıxar ki, o seçimi etmək gec olar. Azərbaycan bir neçə il əvvəl öz seçimini etməli, müttəfiqlərini müəyyənləşdirməli idi. Azərbaycan Qərbə inteqrasiyasını imitasiya etməməli idi. Bunu əməldə göstərməli idi. Əslində indiyə qədər balanslaşdırılmış siyasətin nəticəsində Azərbaycan Qərblə əməkdaşlıqda maraqlı idi, amma inteqrasiyada maraqlı deyildi. Bu gün də belə çıxılmaz duruma düşdü. Iranla, Rusiya ilə, Qərblə münasibətləri korlandı. Azərbaycan hakimiyyətinin məntiqi ilə yanaşsaq, yalnız Israil müttəfiq kimi çıxış edir. Əslində Israil də burda öz maraqlarını güdür. Istər daxili, istərsə də xarici siyasətdə aqoniya vəziyyətində olan hakimiyyət başını itirib. Avropanın aparıcı dövlətlərindən olan Almaniyaya qarşı kəskin mövqedə dayanır. Bu da onun nəticəsidir ki, artıq dünya Azərbaycan hakimiyyətinin göz yaşlarına inanmır. Avropa Parlamentinin qətnaməsi, ABŞ Dövlət Departamentinin dinləmələri o deməkdir ki, artıq Qərb Azərbaycanın demokratiyanı imtasiya etməsi ilə razılaşmır və ölkədə ciddi dəyişikliklər mesajını verir, bu istiqamətdə addımlar atır. Hakimiyyət boğulmaq durumundadır.
“Ölkədə vəziyyətin dəyişməsi üçün daxili faktorla xarici faktor bir-birinə adekvatdır”
– Dünya Birliyinin, Qərb mətbuatının Azərbaycandakı vəziyyəti gündəmə gətirməsində Ictimai Palatanın da böyük rolu olub. Başlanan prosesin məntiqi sonluqla başa çatdırılması istiqamətində daha hansı addımların atılması planlaşdırılır?
– Azərbaycanın milli, dövlətçilik maraqlarına uyğun situasiya yaranıb. Ölkədaxili vəziyyətin dəyişməsi üçün iki başlıca faktor var. Bunlardan biri xarici, digəri daxili faktordur. Uzun illlər bu faktorlar üst-üstə düşməyib. Həmişə daxili faktor xarici faktoru üstələyib. Indi isə tamamilə fərqli situasiya yaranıb. Yəni daxili faktorla xarici faktor bir-birinə adekvatdır. Bu da ölkədə ciddi dəyişikliklərin baş verəcəyindən və artıq onun reallaşması üçün ciddi zəminin formalaşmasından xəbər verir. Ictimai Palata dünyada baş verən prosesləri zamanında anladı, qəbul elədi və ona adekvat hərəkət etməyə başladı, özünün strategiyasını, taktikasını müəyyənləşdirdi. Avtoritar rejimlərdən qurtarma mərhələsini, yeni düzəminin yaranmasını zamanında qəbul edən Azərbaycan cəmiyyəti Ictimai Palatanın ətrafında konsolidasiya olunmaq üçün təşəbbüskarlığa meylləndi. Azərbaycanın müxtəlif bölgələrində, regionlarında baş verən total etirazlar ictimai təşəbbüskarlıqdan irəli gəlir. Ictimai Palata bu təşəbbüskarlığı idarə etmək qabiliyyətini nümayiş etdirdi. Xüsusilə son bir ayda düşünülmüş, ağıllı taktika sərgilədi. Dünyanın diqqəti Azərbaycana yönəldiyi zaman ölkənin daxilindəki bütün qaranlıq məqamlara dünya mətbuatının işıq salmasına şərait yaratdı. Azərbaycan iqtidarı hakimiyyətdə qalması üçün “Eurovision”dan öz xeyrinə istifadə etməyə cəhd etsə də, müxalifət bunun qarşısını aldı. Əgər hakimiyyət yalnız görüntüləri dünya ictimaiyyətinə təqdim edirdisə, müxalifət görünməyən tərəfləri göstərdi. Hakimiyyət özünün imitasion addımlarını əsaslandırmaq üçün Azərbaycan cəmiyyətinin demokratiyaya hazır olmadığını göstərmək istəyirdi. Amma Ictimai Palata sübut etdi ki, Azərbaycan cəmiyyəti demokratiyaya hazırdır və bu demokratiyanın həyata keçirmək üçün alternativ güc mərkəzi formalaşdırıb. Bundan sonra Ictimai Palata yeni mərhələyə daxil olmalıdır. Ictimai Palatanın orta və uzaq vədəli strateji planları var. Birinci mərhələdə Ictimai Palata Azərbaycanda demokratik seçki şəraitini formalaşdırmalıdır. Bunun üçün hüquqi baza formalaşdırılmalı, seçki məcəlləsi, seçki komissiyaları dəyişdirilməlidir. Artıq Ictimai Palata 2013-cü ildə baş verə biləcək sərt keçidin qarşısını almaq üçün demokratik seçki şəratinin formalaşdırılmasını hədəf götürməlidir. Uzaq vədəli strateji hədəf ondan ibarətdir ki, növbəti mərhələdə Ictimai Palata özünün komandasını, kabinetini, təşkilatını, liderini elan etməlidir. Ictimai Palata 2013-cü seçki ilinə çox hazırlıqlı vəziyyətdə daxil olmalıdır. Ölkədə normal demokratik seçkilərin keçirilməsinə həm Qərbin, həm daxildəki qüvvələrin inamı artmalıdır ki, Ictimai Palatanın müəyyən etdiyi hərəkət strategiyası, kütləvi mübarizə həllini tapa bilsin.
“Hakimiyyətdəkilər özlərinin ölüm-dirim məsələsi ilə məşğuldur”
– Bir müddət əvvəl Əli Həsənov aksiyalara qatılan qadınları təhqir etdi. Ondan əvvəl Əli Kərimlinin evinin qarşısında aksiya təşkil olundu. Ancaq bütün bunlar hakimiyyətin öz əleyhinə işlədi. Iqtidarın bu addımları nəyə hesablanıb?
– Hakimiyyət sovet dönəmindən qalma kommunistlərdən, son 20 ildə yetişən vəhşi oliqarxlardan ibarətdir. Bunlar baş verəcək dəyişiklikləri həzm edə biləcək halda deyillər. Bu baxımdan bunların inadkarlığı, belə addım atmaları öz ziyanlarına işləyir. Hakimiyyət klassik metodlardan istifadə etmək zorundadır, yeni metodlara hazır deyil. Bu baxımdan Əli Həsənovun bu tipli açıqlaması birbaşa hakimiyyətin mövqeyi sayıla bilər. Prezident Administrasiyasının yüksək məmurunun küçə jarqonu ilə hadisələrə münasibət bildirməsi uzaqgedən nəticələrdən xəbər verir. Bu adamlar artıq özlərinin ölüm-dirim məsələsi ilə məşğuldur. Ona görə də bu cür məntiqə sığmayan açıqlamalar edir, addımlar atırlar. Bu da öz ziyanlarına işləyəcək.
– Sülhəddin Əkbər ACP-yə sədr gəldi. Bu partiya ilə Ictimai Palata arasında əməkdaşlıq hansı səviyyədə olacaq və bu istiqamətdə müzakirələr olubmu?
– Sülhəddin bəy partiya sədri seçiləndən sonra partiya sədrləri ilə görüşlər keçirir. Əli bəylə görüşüb, bu yaxınlarda Müsavat başqanı ilə görüşəcəyini bəyan edib. AXCP və Müsavatı özlərinin müttəfiqi elan edib. Bütün bunlar müsbət göstəricilərdir. Bu da onu deməyə əsas verir ki, Sülhəddin Əkbər və Rəsul Quliyevin birgə fəaliyyəti Azərbaycanda ciddi dəyişiklərə təsir etmək imkanlarını ortaya qoyur. Bu yaxşı haldır. Indiki halda qüvvələrin bir araya gəlməsi, konsolidasiyası mərhələsinə Sülhəddin Əkbərin atdığı addımlar özünün müsbət təsirini verəcək. Çünki müxalif qüvvələrin konsolidasiya mərhələsini yekunlaşdırmaq lazımdır.
Fizzə