Gənclər siyasi məhbuslarla bağlı tədbir keçirdi

İyunun 8-də Gənclərin Hüquqlarını Müdafiə Komitəsi (GHMK) Müsavat partiyasının qərargahında “Eurovisiondan sonra siyasi məhbusların vəziyyəti” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə Müdafiə Komitəsinə daxil olan gənclər təşkilatları, müstəqil gənclər və jurnalistlər iştirak edib. “Eurovisiondan sonra siyasi məhbusların vəziyyəti” mövzusu ilə yanaşı son aksiyalardan sonra gənc fəallara qarşı hüquq mühafizə orqanlarını təyziqləri də müzakirə mövzusu olub.

Tədbiri Musavat GT üzvü Nərgiz Yaqublu açıq elan edib. O, vicdan Məhbus Musavat Gt sədri Tural Abbaslıya dünyadan gələn məktubları göstərib və tədbir iştirakçılarından siyasi məhbuslara məktub yazmağı xahiş edib.
Sonra çıxış üçün sözü  GHMK  İdarə Heyətinin və VHP Gənclər Təşkilatının üzvü   Samir Əsədliyə verib: “Biz gözləyirdik ki, “Eurovision”dan sonra bütün siyasi məhbuslar azad olunacaq. Lakin yalnız 4 məhbus azadlığa buraxıldı. Məqsəd xalq arasında xof yaratmaqdır.  Hillary Klinton Bakıya gəlməyi ilə Bəxtiyar Hacıyev şərti azadlığa buraxıldı. Bununla yanaşı gündəmi dəyişmək üçün “müharibə başlayıb” yalanından istifadə edildi”.
Daha sonra AXCP Gənclər Komitəsinin sədr müavini İlham Hüseyn çıxış edib: “Biz siyasi məhbuslara dəstək olmağa davam etməliyik və aksiyalar davamlı olmalıdır. Müdafiə Komitəsi yalnız siyasi məhbuslara yox təzyiqə məruz qalan bütün fəal gəncləri də müdafiə etməlidir. Məsələn, son günlərdə AXCP GK-nin bir neçə üzvünə basqılar artıb. Müsadifə Komitəsinin adından bildirmək istəyirəm ki, heç bir basqı bizi geri çəkilməyə məcbur edə bilməz. Bizim mübarizəmizin əsas prinsipi odur ki, biz haqlıyıq. Biz ölkəmizin, xalqımızın azadlığı üçün mübarizə aparırıq, ona görə də biz haqlıyıq. Hal- hazırda –  tədbirimiz davam edərkən AXCP GK üzvü Xanım Mustafayevanın polislər evinə gəliblər. Biz bütün gənclərin müdafiəsinə qalxmalıyıq”.

ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev də çıxış edib: “Gənclərin gənc siyasi məhbuslarla istənilən formada əlaqə qurması gözəl haldır. Biz Cabbar Savalanlının doğum günündə ona xeyli məktub yazmışdıq.”
Cəmil Hacıyev həm də daha öncələr təzyiqlərə məruz qalan gənclərlə bağlı danışıb.
Müsavat Yasamal rayon təşkilatının sədri Sevinc Hüseynova çıxış edərək gənclərə minnətdarlığını bildirib: “Məktubyazma aksiyanızı ürəkdən dəstəkləyirəm. Həbsdəki gənclərin mənəvi dəstəyə ehtiyacı var. Millətin güclü dəyərlərini o insanlar yaşadırlar, biz onlarla qürur duyuruq. Hakimiyyət o qədər acizdir ki, Dəyanət Babayevi işdən qovur, qızları idarələrə çağırır.”
Səxavət Soltanlı məktub yazma aksiyası ilə bağlı öz təkliflərini bildirib.

azadlıq.info