ABŞ Quantanamoda saxlanılan hər dustağa ildə 800 min dollar xərcləyir
Xüsusi təhlükəli terrorçuların, “Əl Qaidə” kimi dünya miqyaslı şəbəkənin üzvlərinin saxlandığı ABŞ-ın Quantanamo həbsxanası haqda müxtəlif xəbərlər dolaşmaqdadır. Antiamerika kampaniyası aparanlar ABŞ-ın həmin həbsxanada saxlanılanlara qarşı qeyri-insani rəftar edtiyini bildirir. Lakin zaman-zaman Quantanamodan reportaj hazırlayan dünya mediasının nəhəngləri buradakı vəziyyətdən yaxşı mənada şoka düşüblər. Çünki adı xüsusi rejimi-qapalı həbsxana olsa da, burada xüsusi təhlükəli terrorçular saxlansa da, vəziyyət və dustaqlarla davranış heyrətləndiricidir.
Quantanamodakı nəzarətçilər Əfqanıstanda xidmət keçən əsgərlər kimi döyüşə tam hazır vəziyyətdə olurlar. Hətta bəzi zabitlər təhlükəsizlik naminə öz ailələrini də Quantanamodakı yataqxanada məskunlaşdırır. Buradakı hər dustağın gündəlik qida xərc 38 dollardan çoxdur. Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) nəznindəki bu həbsxana bu gün dünyanın ən bahalı həbsxanasıdır. Obama administrasiyasının statistikasına görə, Quantanamoda saxlanılan 171 məhbusun hər birinə ildə 800 min dollar xərclənir. Bu rəqəm ABŞ-ın digər həbsxanalarında saxlanılan dustaqlara 1 ildə xərclənən məbləğdən 30 dəfə çoxdur.
Quantanamoda saxlanılan dustaqların əksəriyyəti “Əl-Qaidə” üzvü və müsəlman olduğu üçün onların dini inanclarına hörmət xüsusi diqqətdə saxlanılır. Dustaqların razılığı ilə onların saxlandığı kamerada peyk televiziyası qurulur. Dustaqlar idman verilişləri, xəbərlər və dini proqramlara baxmaq imkanına sahibdirlər. Dustaqlar hətta ərəb dilində opera və tamaşalara da baxa bilirlər. Pentaqon Quantanamo kitabxanasında 24 000 adda kitab, jurnal, videofond və başqa zəruri vəsaitlər yerləşdirib. Hazırda dustaqların futbol oynaması üçün iki stadionun tikintisi gedir. Müsəlmanların dini inanclarını nəzərə alan həbsxana rəhbərliyi dustaqların qida rasionuna daha çox qoyun əti daxil edib.
Qapalı həbsxana “sakinlərinə” yaradılan şərait amerika cəmiyyətinin müxtəlif təbəqlərinin ciddi narazılığına da səbəb olur. Florida ştatından Nümayəndələr Palatasına seçilmiş respublikaçı Allen Uest Quantanamdakı yüksək şəraitdən şikayətlənir:“Biz orada beşulduzlu mehmanxana yaratmışıq, terrorçular üçün həbsxana yox”. ABŞ hökuməti tənqidlərə baxmayaraq dinindən, irqindən və törətdiyi cinayətdən asılı olmayaraq dustaqlara insani münasibəti daha üstün tutur.